YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Möhkəm təməl üzərində qurulan münasibətlər

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

Azərbaycan və Qazaxıstanın qədim köklərə malik tarixi əlaqələri çoxplanlı xarakter daşıyır. Tarixən xalqlarımız arasında dostluq, qardaşlıq münasibətləri, eləcə də çox sıx iqtisadi, siyasi əlaqələr mövcud olub. Qazaxıstan beynəlxalq münasibətlər sistemində Azərbaycanla dost ölkə olduğunu dəfələrlə ortaya qoyub və hər iki ölkə arasında ikitərəfli münasibətlərin möhkəm təməli var.

Azərbaycan-Qazaxıstan mədəni əməkdaşlığını müasir dövrdə daha da inkişaf etdirmək üçün kifayət qədər mənəvi bünövrə mövcuddur. Sovet hakimiyyəti illərində türk xalqlarının qarşılıqlı münasibətlərinə yaradılmış maneələrə, siyasi təqiblərə baxmayaraq xalqlarımız arasında əlaqələr davam etdirilib. Qazaxıstanla Azərbaycan arasındakı bu gün özünün yüksək inkişaf səviyyəsinə çatmış ədəbi-mədəni əlaqələr Ulu Öndərimizin ölkəmizə rəhbərlik etdiyi illərdə inkişaf etdirilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanın Qazaxıstanla münasibətlərin möhkəmləndirilməsində mühüm xidmətləri olub. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrından isə Azərbaycanın Qazaxıstanın Aktau şəhərində konsulluğu fəaliyyət göstərir. 30 ildir ki, Azərbaycan və Qazaxıstan xalqları ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə nail olublar. Azərbaycan və Qazaxıstan dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq və qardaşlıq münasibətləri daha da inkişaf etdirildi və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatdı.

Ulu Öndərimizin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə qardaş ölkələr arasındakı münasibətlər daha da dərinləşib. Bu gün Azərbaycan-Qazaxıstan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu dövrdə siyasi, diplomatik əlaqələr, iqtisadi münasibətlərlə paralel olaraq ədəbi-mədəni əməkdaşlıq da yüksələn xətlə inkişaf edib.

Hər iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlər və bu səfərlər çərçivəsində imzalanan sənədlər böyük əhəmiyyətə malikdir.

Avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri zamanı aparılan danışıqlar, imzalanmış sənədlər iki ölkə arasında möhkəm əlaqələrin mövcudluğunu sübut edir. Səfər əsnasında Azərbaycanla Qazaxıstan arasında 20-dən çox önəmli sənədi imzalanmasının bu əməkdaşlığın dərinləşməsi və genişlənməsi baxımından çox böyük əhəmiyyəti vardır. Bu münasibətlərin daha da sıx və güclü qurulması təbii ki, hər iki dövlətin dayanıqlı inkişafına vəsilə olacaq.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dövlət başçısı İlham Əliyevi Qazaxıstanın ali ordeni “Altın kıran” - “Qızıl qartal” ordeni ilə təltif etməsi bilavasitə İlham Əliyevin Türk Dövlətləri Təşkilatının yaranması və inkişafı istiqamətində göstərdiyi xidmətlərə verilən yüksək qiymətdir.

İmzalanan sənədlər hər iki ölkə arasında olan əlaqələrin təməlidir. Bu gün respublikamızın etibarlı strateji tərəfdaşı olan Qazaxıstan ilə münasibətlərinin möhkəmləndirilib daha da genişləndirilməsi dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin mühüm tərkib hissəsidir.

Qazaxıstan və Azərbaycan fəal inkişaf edən iki müstəqil dövlət kimi əməkdaşlığın ikitərəfli formatını möhkəmləndirir. İki ölkə arasındakı münasibətlər zənginləşir və yeni səviyyəyə qalxır. Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər təkcə regionumuzda sülh və sabitliyin deyil, həm də qarşılıqlı faydalı və səmərəli əməkdaşlığın nümunəsidir. 44 günlük Vətən müharibəsi zamanı ərazilərimizi işğalçılardan azad etmək üçün apardığımız mübarizədə Qazaxıstan hər zaman Azərbaycanın haqq işini ədalətli mövqeyini dəstəkləyib. Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən iki ölkə arasında əlaqələr siyasi, iqtisadi-ticari, bir sözlə, bütün sahələrdə çox uğurla inkişaf etməkdədir. İki ölkənin sıx əməkdaşlığı və birgə təşəbbüsləri regionda çoxşaxəli qarşılıqlı-faydalı işbirliyinin dərinləşməsində, inteqrasiyanın sürətlənməsində vacib rola malikdir. Ölkələrimiz arasında diplomatik münasibətlər qurulandan bəri mədəni əlaqələr yüksələn xətlə inkişaf edir. Biz inanırıq ki, Qazaxıstan ilə Azərbaycanın əlaqələri bundan sonra da uğurla, sürətlə və daha da mütəşəkkil qaydada irəliyə gedəcəkdir.

DİGƏR Xəbərlər Arxiv