YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın möhtəşəm uğurlarında Mehriban xanım Əliyevanın xüsusi imzası var

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Regionun lider dövləti, güc mərkəzi olan Azərbaycan indiyədək çoxsaylı tarixi və möhtəşəm uğurlara imza atıb. Ölkəmizin yüksəlişini və tərəqqisini təmin edən əsas amil uğurlu strateji kursdur. Ümummilli Lider Heydər Əliyevin milli maraqlara, dövrün çağırışlarına əsaslanan siyasəti respublikamızın xaos və tənəzzüldən xilas olaraq rifah və inkişaf yoluna çıxmasını şərtləndirib. Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev isə xalqımıza bir çox ilklər yaşadıb, bənzərsiz nailiyyətlər qazandırıb, ən əsası, Azərbaycanı Zəfər zirvəsinə yüksəldib. Azərbaycanın Birinci vitse-prezidenti, YAP Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dövlətçilik maraqlarına, bəşəri dəyərlərə əsaslanan çoxşaxəli fəaliyyəti də ölkəmizin gücünü artıran, dünyadakı mövqeyini möhkəmləndirən müstəsna amildir. Başqa sözlə, Azərbaycanın möhtəşəm uğurlarında Mehriban xanım Əliyevanın xüsusi imzası var.

Mehriban xanım Əliyevanın fəaliyyəti həm çoxşaxəli, həm də məqsədyönlüdür. O, hələ Birinci vitse-prezident təyin edilməmişdən öncə ölkənin siyasi həyatında fəal iştirakı ilə Azərbaycanın inkişafına, sosial məsələlərin həllinə mühüm töhfələr verib. Mehriban xanım Əliyeva millət vəkili kimi fəaliyyət göstərərkən milli maraqları daim üstün tutub, mühüm təşəbbüslərlə çıxış edib, xalqa və dövlətə ləyaqətlə xidmət edib. Təsadüfi deyil ki, Azərbaycan xalqı Mehriban xanım Əliyevanın millət vəkili kimi fəaliyyətini yüksək qiymətləndirib, ona yüksək etimad göstərib. Eyni zamanda, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu milli məqsədlərin həyata keçirilməsinə müstəsna töhfələr verir. Fondun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə etməklə yanaşı, Azərbaycanın coğrafi sərhədləri ilə məhdudlaşmır, beynəlxalq əhəmiyyət daşıyır.

Birinci xanımın təşəbbüsü ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın mədəni irsinin, milli mədəniyyət nümunələrinin dünya miqyasında təbliği istiqamətində də çox mühüm addımlar atılır. Önəmli nüanslardan biri budur ki, artıq tarixdə qalmış münaqişə ilə bağlı həqiqətlərin təbliği, Xocalı soyqırımının dünyada tanıdılması ilə əlaqədar görülən işlər Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsini şərtləndirib və tarixi Qələbəmizi təmin edən çox mühüm amillərdən biri olub.

Bunlarla yanaşı, Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini kimi fəaliyyətini uğurla davam etdirir. Onun partiyanın güclənməsində, inkişafında xüsusilə, gənclərin, qadınların partiyaya üz tutmasında böyük rolu var.

Birinci vitse-prezidentin gördüyü işlər vətəndaşlara dövlət diqqəti və qayğısının gücləndirilməsi, idarəetmədə çevikliyin və funksionallığın artırılması, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsi baxımından əlamətdardır. Xüsusilə, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə yaralananların xüsusi tibbi xidmətlərlə təmin olunmaları, əlilliyi olan şəxslərə, müharibə veteranlarına, qazilərə, şəhid ailələrinə və digər həssas kateqoriyadan olan insanlara xüsusi qayğı ilə yanaşılması təqdirəlayiqdir.

Azərbaycanın birinci xanımının fəaliyyəti həm ölkə miqyasında, həm də beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. O, müxtəlif nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. Bu, Mehriban xanım Əliyevanın milli məzmunlu, beynəlxalq əhəmiyyətli fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.

Mehriban xanım Əliyevanın cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi fəaliyyətini uğurla davam etdirməsi xalqımıza rifah, inkişaf və qalib Azərbaycana yeni uğurlar, qələbələr, bir sözlə, parlaq perspektivlər vəd edir.