Xəbərlər
Asif Əsgərli: Nemət Pənahlının uydurma fikirlərini heç kəs qəbul etmir və etməyəcək
“Ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində bizi əhatə edən regionlarda, o cümlədən Azərbaycanda baş verən milli azadlıq hərəkatlarında bir çox şəxslər axara uyğun proseslərdə iştirak etmişlər. Heç bir siyasi ictimai proseslərdə rolu olmayan, illər keçdikdən sonra artıq tarixin arxivinə qovuşmuş bu şəxslər hər hansı bir fikir bildirmək, uydurma sözlər ortaya atmaqla yenidən gündəmdə olmaq istəyirlər. Çalışırlar ki, onlara maraq yaransın. Belə şəxslərsən biri olan Nemət Pənahlının mediada sərbəst, azad söz söyləmək imkanından istifadə edərək qarayaxma, uydurma fikirləri yayması təəssüf doğurur”.
Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli bildirib.
A.Əsgərli deyib ki, Nemət Pənahlının səsləndirdiyi cəfəng fikirlər yalnız onun şəxsi illuziyasından irəli gəlir: “Nemət Pənahlının heç bir dövrdə siyasi proseslərə təsir etmək gücü olmayıb. Xalq arasında elə bir təsir qüvvəsi yox idi ki, arxasınca böyük bir kütlə aparsın”.
YAP İdarə Heyətinin üzvü bildirib ki, Nemət Pənahlı bu gün öz ampulasına sadiq qalaraq zaman-zaman siyasi ambisiyalarını davam etdirməklə özünü yenidən gündəmə gətirmək arzusu ilə cəfəng fikirlər ortaya atır: "Onun uydurma fikirlərini heç kəs qəbul etmir və qəbul etməyəcəkdir də. Nemət Pənahlı yaxşı olardı ki, başqa bir fəaliyyətlə məşğul olmağa başlasın. Onun siyasi proseslərdə olmadığı aydın görünür".