Xəbərlər
Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
Biləsuvar rayonunun Çaylı kəndində Vətən müharibəsi şəhidi Məmişli Sahil Ağaverdi oğlunun doğum günü qeyd olunub.
Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vəlahəddin Yunsurov, RİH-nin şöbə müdiri Zamiq Mənsimli, SHXÇDX-nin rayon şöbəsinin rəisi Nağı Cəfərov, partiya fəalları şəhidin ailəsini ziyarət ediblər.
Tədbir iştirakçıları şəhidin ailə üzvləri ilə görüşərək, onların qayğı və problemləri ilə maraqlanıblar. Görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda şəhadlik zirvəsinə ucalmış qəhrəmanlarımızın fədakarlığının yaddaşlardan silinməyəcəyi vurğulanıb.
Şəhidin atası Ağaverdi Qarayev göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.
Daha sonra şəhid Sahil Məmişlinin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb və ruhuna dualar oxunub. Sahil ilə eyni məzarlıqda uyuyan digər Vətən müharibəsi şəhidlərinin də məzarları ziyarət edilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun giziri olan Sahil Məmişli Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.