Xəbərlər
Bu günün əsas çağırışı sülh müqaviləsinin imzalanmasıdır
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin son 19 ilə yaxın dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ən yüksək zirvələri fəth edir. İlk gündən iqtisadiyyyatın inkişafını prioritet məsələ kimi öndə saxlayan dövlət başçısı bu fikri də xüsusi qeyd edir ki, hər bir sahədə olduğu kimi, iqtisadiyyatda da möhkəm təməl yaradılıb. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkəmizə davamlı uğurlar qazandırır, iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində stimulverici amil rolunu oynayır. Son illərdə iqtisadi artımın qeyri-neft sektorunun hesabına olması üçün atılan addımlar davamlılığı ilə diqqət çəkir. Dövlət başçısı İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bu kimi məqamlara xüsusi diqqət ayırıb. Bir daha qeyd edildi ki, ümumi daxili məhsulda özəl bölmənin payı artıb, Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyası sürətlənib. Bu gün tarixi Zəfərimizin reallıqları fonunda qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmaq üçün biri-birindən əhəmiyyətli addımlar atılır. Regionların, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması, təkmilləşməsi, yeniləşməsi sabaha daha böyük inamla addımlamağa əsas verir.
Prezident İlham Əliyevin regionlara hər bir səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Qarşıya qoyulan hər bir məqsəd nəzərdə tutulan vaxtda reallığa çevrilməklə yeni hədəflərin müəyyənləşdirilməsinə yol açır. Hər zaman olduğu kimi, bu gün də aktual məsələlərdən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir ki, dövlət başçısı İlham Əliyev qeyd olunan müsahibəsində bu istiqamətdə görülən işlərdən geniş bəhs etdi. Bu məqam da xüsusi qeyd olundu ki, hazırda işğaldan azad edilmiş ərazilərdə də əkin işləri aparılır, məhsuldarlıq aşağı səviyyədə olsa da gələcəkdə görüləcək işlər həm məhsuldarlığın artırılmasına, həm də ölkəmizin ərzaq təhlükəsizliyinin təminatına verilən töhfələrin miqyasının genişlənməsinə yol açacaq.
Təkcə İsmayıllı və Ağsu rayonlarının timsalında bölgələrimizin inkişafı barədə aydın təsəvvür yaradıldı. Belə ki, statistik rəqəmlərə diqqət yetirsək görərik ki, İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çox, Ağsu rayonunda isə 100 faizə yaxındır. Hər iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyasının inşa olunması nəticəsində elektriklə təchizat tam təmin edilib. İnfrastruktur layihələrinin uğurlu icrası bölgələrdə sahibkalığın inkişafına, yeni iş yerlərinin yaradılmasına geniş imkanlar yaradır.
Dövlət başçısı İlham Əliyev müsahibədə tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycanın artan nüfuzundan, Ermənistanın təklənməsindən bəhs edib. Ermənistan haqsızlığının, əsassız torpaq iddialarının, yalanlarını həqiqət kimi dünyaya sırımaq cəhdlərinin onun xeyrinə olmadığı bilirdi. Himayədarlarının dəstəyi ilə danışıqlardan imitasiya naminə bəhrələnərək vaxt uzadan Ermənistan düşünürdü ki, Azərbaycan xalqı illər keçdikcə torpaqlarını unudacaq, onlar da bu torpaqların sahibi olacaqlar. Təbii ki, bütün bunlar həm dünyanın bəzi güclərinin öz maraqları naminə Ermənistana dəstəklərindən, ən əsası işğalçı dövlətin baş naziri Nikol Paşinyanın 44 günlük Vətən müharibəsində verdiyi müsahibələr zamanı etiraf etdiyi beynəlxalq hüququn yoxluğu barədə sərsəm düşüncələrə malik olmasından irəli gəlirdi. 44 günlük Vətən müharibəsi bütün bu xəyalları alt-üst etdi. Ermənistana və havadarlarına sübut olundu ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar mövcuddur və onların icrası üçün vahid mexanizm olmalıdır. Ermənistana zamanında sanksiyalar tətbiq olunsaydı, müharibə yaşanmazdı. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan bir dövlətin başına çəkilən sığallar onu daha da ərköyünləşdirərək yeni ərazilər uğrunda müharibə planları hazırlamasına ruhlandırmışdı. Ermənistan 27 sentyabr 2020-ci il tarixdə müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərinə hücum etməklə bu planını nümayiş etdirdi. Azərbaycan Ordusunun əks-hücum əməliyyatı işğalçı dövlətə dərs oldu. Ermənistan diz çökdürüldü, tarixdə unutmayacağı dərsi aldı. Dövlətimizin qətiyyəti sayəsində Ordumuz hər gün irəlilədi, 44 günün hər gününü tariximizə Zəfər səhifəsi kimi yazdı. 10 noyabr 2020-ci il tarixli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının dünyaya təqdimatı oldu.
Postmünaqşə dövründə Azərbaycan tərəfinin bəyanatları sırasında bu məqam xüsusi yer alır ki, Ermənistanda revanşist qüvvələr baş qaldırarsa, “Dəmir yumruğun” yerində olduğunu unutmasınlar. 44 günlük İkinci Qarabağ müharibəsində aldığı dərsi unudan Ermənistan avqustun əvvəllərində yenidən hərbi təxribat törətdi və bir əsgərimiz şəhid oldu. “Qisas” əməliyyatı bir daha Azərbaycanın hansı imkanlara malik olduğunu göstərdi. Şəhidimizin qanı yerdə qalmadı. Bu əməliyyat bir daha təsdiqlədi ki, “Dəmir yumruq” yerindədir. “Qisas” əməliyyatı, eyni zamanda, Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi. “Qisas” əməliyyatından sonra yüzlərlə erməni hərbçisi Qarabağ bölgəsindən çıxarılıb. Bu günün əsas çağırışı sülh müqaviləsinin imzalanmasıdır. Ermənistan ona verilən bu son şansdan bəhrələnməli, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına dəstək göstərməlidir. Əks təqdirdə, yenə də “Dəmir yumruq” öz sözünü deyəcək.