Xəbərlər
Qalib Prezidentin dəmir mövqeyi

Tahir Məmmədov
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Siyasi elmlər üzrə fəlsəfə doktoru
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev İsmayıllı rayonun Basqal qəsəbəsində, - dəniz səviyyəsindən min səksən bir metr hündürlükdə, - onsuz da həmişə yüksəkliklərdə, ucalarda qərar tutan dahi rəhbər, - Azərbaycan Televiziyasına verdiyi müsahibəsində 1402- ci ildə Şirvanşah hökmdarı 1 İbrahimin əmri ilə tikilən “Diri Baba” türbəsi ilə bağlı fikirlərini bölüşüb. Qalib və Müzəffər Prezident, çoxminli Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qürur hiss ilə vurğulayıb ki, dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli bu memarlıq abidəsi sufi şeyxlərindən birinin şərəfinə inşa edilən türbəninin bir hissəsi qaya içərisində yerləşdiyindən nəinki Azərbaycanın, hətta böyük Qafqazın ən nadir abidələrindən biri hesab olunur. İkimərtəbəli türbə və onun yaxınlığında yerləşən süni şəkildə düzəldilmiş bir necə mağara, kaha, həmçinin üzbəüz orta əsrlərə aid qəbiristanlıq, habelə qədim başqa türbə qalıqları birlikdə, bütövlükdə vahid bir kompleks əmələ gətirir. Bəli, milli-mənəvi, müqəddəs dəyərlərə həmişə həssaslıqla yanaşan Prezident İlham Əliyev “Diri Baba” türbəsində yenidənqurma işlərinin aparılmasından, onun Azərbaycanın şimal-qərb turizm dəhlizində birinci vacib dayanacaq kimi böyük, əbədi əhəmiyyətini diqqətə çəkib. Müqəddəs məkanda “Diri Baba” türbəsinin fonunda Prezident İlham Əliyevlə Birinci xanım Mehriban Əliyeva birgə çəkdirdikləri tarixi, unudulmaz şəkil müqəddəs, dini dəyərlərimizə bağlı kövrək notlar üzərində köklənib.
Ölkəmizin xoş, ürəkaçan hadisələrlə dolu zəngin ictimai-siyasi həyatı, dünya iqtisadiyyatına uğurlu inteqrasiya prosesi ilə əlaqədar görülən vacib və təxirəsalınmaz tədbirlər haqqında geniş məlumat verən Prezident ərzaq təhlükəsizliyi problemi üzərində də öz sözünü deyib. Prezidentimiz müsahibəsində öz dərin, dolğun əksini tapan həmin həyati məsələyə, yəni hazırda dünyanı hədə altına alan ərzaq təhlükəsizliyinə münasibət bildirəkən demişdir: “Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlində 62 faiz idi. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi. Təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək böyük nəticə olacaqdır”.
Prezident İlham Əliyev daha sonra böyük, həyati məsələlərə toxunaraq qeyd edib ki, “Özümüzü bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparırıq və aparacayıq. Gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyinin tam təmin edilməsində bizə böyük kömək göstərəcək”.
Xalqımızın qəlbində onun gələcək rifahına böyük inam şölələri alovlandıran bu sözlər azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, maldarlıq, bitkiçilik üçün çox münbit iqlim və təbii şəraitin mövcudluğuna ölkə əhalisini bir daha inandırır. Prezidentimiz bəyan edəndə ki, bu il 50 min hektarda həmin sahələrdə taxıl əkilib və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Növbəti illərdə məhsuldarlıq daha da artacaq, əkin sahələri çoxalacaqdır, xalqın görülən işlərin gələcəyinə inamı daha da böyüyür. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq, Kəlbəcər Lacın, Zəngilan rayonlarında isə qoyunçuluq, heyvandarlıq, arıçılıq sahələri inkişaf etdiriləcəkdir. Azərbaycan rəhbəri həmin gün, bir necə saat ərzində davam edən ‘Qisas” əməliyyatı adlanan cəza tədbirindən də söz açıb. Çox müdrikcəsinə, həm də əsl böyük rəhbər təmkini ilə “Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamıdırlar. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz!” deyib.
İkinci Qarabağ müharibəsində Dəmir yumruğunun gücünü göstərən Ali Baş Komandan bir daha xəbərdarlığını etdi ki, ermənilər odla oynamasınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara son qoysunlar.
Müzəffər Prezident öz qalib xalqına fərəh və qürur üfüqlərində şəfəq kimi bərq vuran işıqlı, xoş müjdələrini çatdırdı ki, bütün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı, nəhəng quruculuq işləri aparılır. 32 kilometr uzunluğunda olan yol cəmi bircə il ərzində inşa edildi.
O da vurğulandı ki, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı lap bu yaxınlarda öz doğma yerlərinə qayıdacaqlar.
Bütün ölkəmizdə, yaxın-uzaq bölgələrimizin hər yerində görülən bütün quruculuq işlərinə şəxsən özü nəzarət edən, bunlarla yanaşı öz sülhsevər, davamlı diplomativ siyasətini də dünya üfüqlərində uğurla işıqlandıran Prezidentimiz İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində olarkən Azərbaycan Televiziyası ilə dünyaya bir daha bəyən etdi ki, Azərbaycan öz üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir, Ermənistan isə sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. Qaldı ki, Qarabağda yaşayan ermənilərə... Onlar bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr, o qədər hamımız üçün yaxşı olar. Ermənistan hakimiyyəti artıq Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, həm tarixi nöqteyi-nəzərdən, həm də beynəlxalq hüquq nöqteyi-nəzərdən tərkib hissəsidir. Ona görə də Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə!
Qəlbi xalqı ilə daim birgə döyünən böyük vətənpərvər, cəsarətli, qalib Prezidentin dəmir mövqeyi budur!