Xəbərlər
"YAP Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi partiyasıdır"
Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, rayonun idarə və müəssisələrinin rəhbərləri, ərazi partiya təşkilatlarının sədrləri, partiya veteranları və fəal üzvləri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov çıxış edərək partiyanın yaranma tarixindən, rayon təşkilatının fəaliyyəti və əldə etdiyi nailiyyətlərdən danışıb. O bildirib ki, hazırda rayon təşkilatında 48 ərazi partiya təşkilatı fəaliyyət göstərir və 4 940 nəfər partiya üzvü qeydiyyatdadır.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığını vurğulayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişaf etdiyini qeyd edib.
“Xalq qəzeti”nin bölgə müxbiri İlqar Həsənov, Dövlət Aqrar İnkişaf Mərkəzinin Oğuz rayon şöbəsinin rəisi, partiya veteranı Azad Əliyev, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektorunun məsləhətçisi Elvin Qarayev, Oğuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Samirə Məmmədova Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsindən, Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlardan bəhs ediblər.
Sonra rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup partiya üzvü Fəxri Fərmanla təltif olunub, partiyaya yeni qəbul edilmiş gənclərə üzvlük vəsiqələri təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
