Xəbərlər
Münasibətlərin əsasını konkret nəticələrə yönəlmiş əməkdaşlıq təşkil edir
İsa Məmmədov
YAP Babək rayon təşkilatının sədri
Müasir beynəlxalq münasibətlər sistemində qlobal güc balansının yenidən formalaşdığı, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətləri və regional sabitliyin dünya siyasətinin əsas gündəm mövzularından birinə çevrildiyi şəraitdə Azərbaycan düşünülmüş və müstəqil xarici siyasət kursu ilə beynəlxalq arenada mövqelərini daha da gücləndirir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çoxşaxəli və balanslı diplomatiya nəticəsində ölkəmiz yalnız Cənubi Qafqazın lider dövləti kimi deyil, həm də Avropa ilə Asiya arasında strateji əlaqələndirici mərkəz kimi tanınır. Azərbaycanın daxili sabitliyi, suveren qərarvermə imkanları, zəngin enerji ehtiyatları, beynəlxalq nəqliyyat layihələrində fəal iştirakı və regional əməkdaşlığa verdiyi töhfələr onu beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş statusuna yüksəldib.
Bu baxımdan Avropa İttifaqına üzv dövlətlərin Azərbaycanla əməkdaşlığa artan marağı tamamilə qanunauyğundur. Son illərdə Avropa ölkələri ilə siyasi dialoqun daha da intensivləşməsi, iqtisadi-ticari münasibətlərin genişlənməsi və enerji sahəsində strateji tərəfdaşlığın dərinləşməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının mühüm göstəricilərindəndir. Slovakiya ilə münasibətlərin inkişafı da bu ümumi strateji xəttin mühüm tərkib hissəsi kimi xüsusi diqqət çəkir.
İyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevlə Şuşada keçirdiyi görüş ikitərəfli münasibətlərin gələcək inkişafı baxımından mühüm siyasi hadisə oldu. Səfərin Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan başlaması xüsusi rəmzi məna daşıyır. Bu gün Şuşa təkcə tarixi-mədəni irsin qorunduğu məkan deyil, həm də beynəlxalq diplomatik təmasların həyata keçirildiyi nüfuzlu platformalardan birinə çevrilib. Müxtəlif ölkələrin dövlət və hökumət başçılarının Şuşaya səfərləri Azərbaycanın ərazi bütövlüyünə beynəlxalq dəstəyin ifadəsi olmaqla yanaşı, Qarabağın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və bölgənin beynəlxalq əməkdaşlıq məkanına çevrildiyini göstərir.
Prezident İlham Əliyev görüş zamanı bildirdi ki, Slovakiya ilə Azərbaycan arasında əlaqələr dinamik şəkildə inkişaf edir və siyasi təmaslar artıq müntəzəm xarakter daşıyır. Bu fikir onu göstərir ki, münasibətlər epizodik deyil, sistemli və uzunmüddətli əsaslar üzərində qurulub. Dövlət başçısının ötən ilin sonunda Slovakiyaya etdiyi rəsmi səfər və Prezident Peter Pelleqrinin Azərbaycana cavab səfəri iki ölkə arasında yüksək etimadın və diplomatik münasibətlərdə qarşılıqlılıq prinsipinin bariz nümunəsidir.
İkitərəfli əməkdaşlıq yalnız dövlət başçılarının görüşləri ilə məhdudlaşmır. Parlamentlərarası əlaqələr, hökumətlərarası komissiyaların fəaliyyəti, biznes forumları və iqtisadi əməkdaşlıq platformaları münasibətlərin institusional bazasını daha da gücləndirir. Nümayəndə heyətlərinin geniş tərkibdə təmsil olunması tərəflərin yalnız siyasi dialoq aparmaq niyyətində olmadığını, həm də konkret iqtisadi və investisiya layihələrinin həyata keçirilməsi istiqamətində praktiki addımlar atdığını göstərir.
2024-cü ildə Azərbaycan və Slovakiya arasında Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamənin imzalanması münasibətlərin yeni keyfiyyət mərhələsinə yüksəlməsini təmin edib. Bu sənəd tərəflərin əməkdaşlığı daha geniş sahələr üzrə inkişaf etdirmək əzmində olduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, fəal siyasi dialoq və birgə layihələrin uğurla icrası güclü siyasi iradə tələb edir. Bu yanaşma Bakı ilə Bratislava arasında münasibətlərin qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslandığını təsdiqləyir.
Slovakiyanın Avropa İttifaqının üzvü kimi Azərbaycanla əməkdaşlığa xüsusi önəm verməsi ölkəmizin Avropa üçün artan strateji əhəmiyyətini bir daha nümayiş etdirir. Hazırda Azərbaycan təbii qazını 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə ixrac edir. Slovakiyanın 2024-cü ildən etibarən Cənub Qaz Dəhlizi layihəsinə qoşulması enerji əməkdaşlığının yeni mərhələyə keçdiyini göstərir.
Avropanın Rusiya qazından asılılığını azaltmağa çalışdığı indiki dövrdə Slovakiyanın enerji təhlükəsizliyi məsələsi daha da aktuallaşıb. Prezident Peter Pelleqrini də çıxışında Azərbaycanın Slovakiya üçün etibarlı enerji tərəfdaşı olduğunu vurğulayıb. Bu əməkdaşlıq Azərbaycanın rolunu sadəcə enerji ixracatçısı çərçivəsindən çıxararaq Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm iştirakçı səviyyəsinə yüksəldir. Azərbaycan tərəfi də gələcəkdə ixrac imkanlarını artırmaq və tərəfdaş ölkələrin enerji təminatına əlavə töhfələr vermək niyyətində olduğunu bəyan edir.
Əməkdaşlıq enerji sahəsi ilə məhdudlaşmır. İqtisadiyyat, sənaye, yüksək texnologiyalar, hərbi-texniki əməkdaşlıq, nəqliyyat və logistika kimi istiqamətlər də prioritet sahələr sırasındadır. Orta Dəhlizin beynəlxalq əhəmiyyətinin artdığı bir vaxtda Slovakiya Azərbaycanın tranzit imkanlarından istifadə etməklə Asiya bazarlarına daha qısa və təhlükəsiz marşrut əldə edə bilər. Bu isə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi üçün ciddi perspektivlər yaradır.
Slovakiyanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq prosesində iştirakı münasibətlərin humanitar və siyasi ölçüsünü daha da möhkəmləndirir. Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti tərəfindən icra olunan “Ağıllı kənd” layihəsi müasir yaşayış modelinin tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda Milan Rastislav Ştefanik adına 840 şagird yerlik tam orta məktəbin Slovakiya tərəfindən Azərbaycana hədiyyə edilməsi iki xalq arasında dostluğun və qarşılıqlı etimadın parlaq nümunəsidir.
Bu layihələr yalnız sosial infrastrukturun bərpasına xidmət etmir, həm də Avropa şirkətlərinin Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi inkişaf strategiyasına inamını nümayiş etdirir. Xarici investisiyaların cəlb olunması, innovativ texnologiyaların tətbiqi və müasir şəhərsalma yanaşmalarının reallaşdırılması Qarabağın regionun qabaqcıl iqtisadi və yaşayış məkanlarından birinə çevrilməsi məqsədinə xidmət edir.
Diqqət çəkən mühüm məqamlardan biri də Prezident Peter Pelleqrinin Azərbaycanı yaxından tanımasıdır. O, parlament sədri və Baş nazir olduğu dövrlərdə ölkəmizə səfər edib, COP29 tədbirlərində iştirak edib və Prezident seçildikdən sonra ilk rəsmi səfərlərindən birini Azərbaycana edib. Bu fakt Slovakiya Prezidentinin Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini və əməkdaşlığın inkişafında şəxsi maraq göstərdiyini nümayiş etdirir.
Ümumilikdə, Prezident Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri göstərdi ki, Bakı ilə Bratislava arasında münasibətlər artıq ənənəvi diplomatik çərçivəni geridə qoyaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Siyasi etimadın möhkəmlənməsi, enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın genişlənməsi, iqtisadi və nəqliyyat layihələrinin inkişafı, eləcə də Qarabağın bərpasında Slovakiyanın iştirakı bu tərəfdaşlığın gələcəkdə daha da dərinləşəcəyini göstərir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Slovakiya münasibətlərinin əsasını konkret nəticələrə yönəlmiş əməkdaşlıq təşkil edir. Məhz siyasi iradə, qarşılıqlı etimad və praktik fəaliyyətə söykənən bu yanaşma iki ölkə arasında strateji tərəfdaşlığın uzunmüddətli perspektivdə daha da möhkəmlənməsi üçün etibarlı zəmin yaradır.
