YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkənddə keçirilən “İstirahət dünyası” Beynəlxalq Turizm Sərgisində Azərbaycan da təmsil olunub

Özbəkistan Mədəniyyət və İdman İşləri Nazirliyi, Daşkənd şəhər hakimiyyəti, “Özbəkturizm” Milli Şirkəti və digər qurumların təşəbbüsü ilə Daşkənddə “İstirahət dünyası” adlı Beynəlxalq Turizm Sərgisi keçirilib.

Sərgidə dünyanın 30 ölkəsindən 150 şirkət və firma iştirak edib. Ölkəmizi bu tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Naftalandakı “Çinar” sanatoriyası təmsil edib.

Tədbirdə Özbəkistanın dövlət və hökumət nümayəndələri, xarici ölkələrin səfirləri, ictimaiyyətin nümayəndələri iştirak edib.

Sərginin giriş sözü ilə açan Özbəkturizm Milli Şirkətinin sədr müavini Ənvər Temirxodjaev Özbəkistanın son illər turizm sahəsində əldə etdiyi uğurlardan danışıb, bu sahədə mühüm işlərin görüldüyünü qeyd edib.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev açılış mərasimində çıxış edərək, Azərbaycan builki sərgidə yüksək səviyyədə təmsil olunmasından və son illərdə ölkəmizdə turizm sahəsində həyata keçirilən mühüm layihələrdən söz açıb.

Çıxış edən digər natiqlər turizm sənayesinin iqtisadiyyatdakı yeri, sərginin keçirilməsinin məqsəd və əhəmiyyəti barədə danışıblar.

Sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.

Sərgidə Azərbaycan mədəniyyəti, mətbəxi, milli geyimləri və zəngin turizm potensialı təbliğ edilib. Azərbaycan guşəsi iştirakçıların marağını özünə cəlb edib, onlara ölkəmizin turizm potensialına dair nəşrlər paylanıb. Sərgidə Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadi uğurları ilə bağlı videoçarx da nümayiş etdirilib.

Sərgi çərçivəsində AMM tərəfindən özbək turistləri üçün bu ilin avqust ayında Naftalana təşkil ediləcək müalicə-istirahət turunun təqdimatı olub. İştirakçılar buna da böyük maraqla qarşılayıb, “Çinar” sanatoriyası ilə bağlı kitabçalar, reklam çap materialları əldə ediblər.

Tədbir çərçivəsində müxtəlif folklor və musiqi qrupları çıxış edib, AMM nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvlərinin ifasında milli rəqslərimiz təqdim olunub.