YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü tamam olur

Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb və yazılacaqdır. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.

1923-cü il aprelin 28-də Azərbaycanın Şahtaxtı kəndində, görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz aşan Zərifə Əliyeva taleyin hökmü ilə Azərbaycanda oftalmologiya elminin tarixində silinməz iz qoymağı bacardı.

Zərifə xanım 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi əməkdaş vəzifəsində fəaliyyətə başlayıb, 1950-ci ildə aspiranturaya daxil olub, həkimlik fəaliyyəti ilə bərabər, elmi axtarışlarını davam etdirib.

Zərifə xanım elmi-praktiki fəaliyyətinin böyük bir dövrü Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrası ilə bağlı olub. O, kafedrada dosent kimi fəaliyyətə başlayıb, doktorluq dissertasiyasını müdafiə etdikdən sonra - 1976-cı ildə kafedranın professoru seçilib. O, 1983-cü ildən göz xəstəlikləri kafedrasına başçılıq edib. Onun təşkilatçılıq bacarığı bu vəzifədə özünü daha qabarıq göstərib.

Zərifə xanım tədqiqatlarını traxoma xəstəliyinin müalicəsi, xüsusən, traxomanın və onun fəsadlarının müalicəsində o dövrdə yeni antibiotikdən – təkcə geniş spektrli antibakterial deyil, həm də antixlamid təsirli sintomisindən səmərəli istifadə imkanlarının öyrənilməsi ilə bağlı məsələlərə həsr edib. O, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-dən çox elmi işin, bir kəşfin müəllifidir. “İridodiaqnostikanın əsasları” monoqrafiyası həkimlər arasında bu gün də çox populyar dərslikdir. Onun iridodiaqnostika - gözün qüzehli qişasında səciyyəvi dəyişikliklərə əsasən orqanizmdəki xəstəliklərin diaqnostikası sahəsində araşdırmaları böyük maraq doğurur. İridodiaqnostika təbabət elminin uzun müddət qəbul edilməyən yeni istiqamətidir. Zərifə Əliyeva o zaman hələ tədqiq edilməmiş bu yeni istiqamətə bir sıra məqalələr həsr edmişdir.

Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir.

Zərifə xanım peşəkar həkim, əvəzolunmaz pedaqoq idi. O, əldə etdiyi yeni bilik və bacarıqları böyük həvəslə həkim və elmi işçilərlə paylaşırdı. O, övladlarını sonsuz bir məhəbbətlə sevən ana, böyük ziyalı idi.

Azərbaycanda traxoma xəstəliyinin kökünü kəsməyi qarşısına məqsəd qoyan Zərifə xanım yaxşı başa düşürdü ki, bu, çox çətin və mürəkkəb problemdir. Lakin işin çətinliyinə və məsuliyyətli olmasına baxmayaraq, o, uğur qazana bildi. Moskva oftalmologiya məktəbi Zərifə xanımı “oftalmologiyanın incisi” adlandırmışdı.

Zərifə xanım 1985-ci il aprelin 15-də Moskvada vəfat edib.

Akademik Zərifə xanım Əliyeva elm, təhsil, səhiyyə, eləcə də ictimai-siyasi sahələrdəki misilsiz xidmətlərinə, həmçinin nadir xeyriyyəçilik xüsusiyyətlərinə görə, ölkəmizin tarix salnaməsində dünya şöhrətli alim, nümunəvi qayğıkeş pedaqoq, şəfaverici, şəfqətli həkim, səmimi və sədaqətli vətəndaş, eləcə də məğrur Azərbaycan qadını kimi xalqımızın qəlbində daim yaşayacaqdır.