Xəbərlər
YAP Xətai rayon təşkilatı ərazi partiya təşkilatında tədbir keçirilib
18 minə yaxın üzvünü 140 ərazi partiya təşkilatında birləşdirən Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı partiyanın yeni Nizamnaməsinə və Proqramına uyğun olaraq fəaliyyətini daha da təkmilləşdirir. Ərazi partiya təşkilatları ilə daha sıx əlaqələr qurulur, qarşıdakı hədəflərə daha böyük töhfələr vermək üçün bütün qüvvə və bacarıqlar səfərbər edilir. Ərazi partiya təşkilatlarında keçirilən hesabat-seski yığıncaqları, görülən işlərin fonunda qarşıda dayanan vəzifələrin icrası ilə bağlı tapşırıqların verilməsi və sair kimi mühüm addımlar da bu qəbildəndir.
İyulun 7-də YAP Xətai rayon təşkilatı Xocalı prospekti 30 ünvanında yerləşən ərazi partiya təşkilatında tədbir keçirilib.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının cəmiyyətin avanqard qüvvəsinə çevrilməsini şərtləndirən amillərdən bəhs edib: «Bu il Yeni Azərbaycan Partiyasının 30 illiyini qeyd edəcəyik. Ötən 30 il partiyanın keçdiyi şərəfli yolun aydın mənzərəsini yaradır. Tutduğu yola sadiqliyi, sözlə əməl birliyi sayəsində milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyasının qalib, dayanıqlı iqtisadi inkişafa malik olan Azərbaycanın uğurlarında böyük payı vardır. YAP daim dövlətimizin daha da qüdrətlənməsinə, xalqın yüksək rifah şəraitində yaşamasına səy göstərir. Partiyamız bunu irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları ilə təsdiqləyir. Yeniləşmə, təkmilləşmə YAP-ın fəaliyyətinin əsasını təşkil edir. Ötən il tarixi Zəfərimiz fonunda VII qurultayını keçirən Yeni Azərbaycan Partiyasının qəbul etdiyi yeni qərarlar daha uğurlu gələcəkdən xəbər verir.»
YAP İdarə Heyətinin üzvü haqqında bəhs olunan ərazi partiya təşkilatının əsasən elm adamlarını, tələbələri öz sıralarında birləşdirdiyini önə çəkərək ölkəmizdə elmin inkişafına göstərilən diqqət və qayğıdan, dövlət başçısı İlham Əliyevin «Neft kapitalını insan kapitalına çevirək!» tezisinin reallıqda öz əksini tapmasından bəhs edib: “Azərbaycan daim dünya elminə verdiyi töhfələri ilə diqqətdə olub. Elmin, yeni texnologiyaların vəhdətinin yaradılması ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycanın hər bir iqtisadi çətinlikdən uğurla çıxmasını şərtləndirən amillərdən biri elmi əsaslara söykənməsi, iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasıdır. Qalib Azərbaycanımız, ölkəmizin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin uğurlu davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı illərdə daha möhtəşəm uğurlara imza atacaq. Partiyanın hər bir üzvü bu uğurların, Heydər Əliyev ideyalarının təbliğatçısıdır”.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı Xocalı prospekti 30 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, BANM-in prorektoru Zəfər Qurbanov YAP-ın ölkəmizdə ən nüfuzlu partiya olmasını bir daha xatırladaraq söyləyib ki, Azərbaycanın bugünkü uğurlarına öz töhfələrini verən partiyanın yeni hədəflərə doğru inamla irəliləməsi onun dövlətə, xalqa bağlı olduğunu bir daha ortaya qoyur. Sevindirici haldır ki, artıq partiyamızın üzvlərinin sayı 800 min nəfərə yaxındır.
Z. Qurbanov yaradıcısı ulu öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında aparıcı mövqeyindən və rolundan danışıb. Bildirib ki, gələcəyə doğru inamla addımlayan Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir: “2020-ci ildə Azərbaycan öz qəhrəmanlıq tarixinin ən unudulmaz salnaməsini yazdı. Postmünaqişə dövründə, qısa bir zamanda Böyük Qayıdışa hazırlıq olaraq dövlət başçısının Sərəncam və tapşırıqları ilə görülən genişmiqyaslı işlər hər kəsi qürurlandırır. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda böyük quruculuq, yenidənqurma işləri aparılır. Azad Qarabağımız, azad Şuşamız cənnətməkana çevrilir. Partiyanın hər bir üzvü bu işlərə öz töhfəsini verməlidir”.
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə 30 illik yol qət edən partiyanın qazandığı uğurlardan, milyonların sevgisini qazanmasından, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirməsindən, hədəflərini zamanın tələbləri əsasında müəyyənləşdirərək onlara nail olmaq istiqamətində atdığı davamlı addımlardan geniş söhbət açıb: «YAP yarandığı gündən ümumxalq partiyası kimi tanınıb və nüfuz qazanıb. Bu gün partiyanın sıralarında 800 minə yaxın üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin siyasətinə inamın göstəricisidir. Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyası «Güclü dövlət, yüksək rifah!» prinsipini fəaliyyətinin önündə saxlayır, daim Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi, həqiqətlərimizin təbliği istiqamətində səylərini artırır. Bu gün bütün Azərbaycan xalqı, o cümlədən YAP-ın sıralarında birləşən hər bir üzv qürurludur. Tarixi Zəfərimiz hər birimizi daha uğurlu gələcək naminə hədəflərin reallığa çevrilməsinə dəstək olmağa çağırır. YAP sözlə əməl birliyi sayəsində cəmiyyətin avanqard qüvvəsi kimi nüfuzunu gündən-günə artırır.»
Vüqar Rəhimzadə partiyanın VII qurultayında dövlət başçısı, YAP-ın Sədri İlham Əliyevin proqram xarakterli çıxışında qarşıya qoyulan vəzifələrdən danışaraq bildirib ki, yeni reallıqlar daha səylə çalışmağı bir tələb kimi qarşıya qoyur.
YAP Xətai rayon təşkilatının sədri Xocalı prospekti 30 ünvanında yerləşən ərazi partiya təşkilatının gələcəkdə sıralarını daha da genişləndirəcəyinə əminliyini ifadə edərək nəzdində yaradıldığı Bakı Ali Neft Məktəbinin ali təhsil ocağı kimi böyük nüfuzundan bəhs edib. Bildirib ki, yaradılmasının 11 ilini arxada qoyan bu ali təhsil ocağı uğurları ilə 100 illik yol qət etdiyi təəssüratını formalaşdırır. Bu ali məktəb qalib Azərbaycanın gələcəyi üçün yüksək ixtisaslı kadrlar yetişdirir.
Daha sonra təşkilati məsələlərə baxılıb. Emil Aslanlı Xocalı prospekti 30 ünvanında yerləşən ərazi partiya təşkilatının yeni sədri, Elmir Qurbanov isə sədr müavini seçiliblər.
Xocalı prospekti 30 ünvanında yerləşən ərazi partiya təşkilatının yeni sədri, BANM-in Karyera və tələbələrlə iş şöbəsinin müdiri Emil Aslanlı Azərbaycanın uğurlu inkişafından, dövlətimizin başçısı İlham Əliyevin təkmil islahatlarının ölkəmizin qarşısında açdığı imkanlardan geniş bəhs edib. Bildirib ki, dövrün tələblərinə uyğun təkmilləşmə hər sahədə uğurlara yol açmaqla yanaşı, qarşıya mühüm vəzifələr qoyur. Yeni Azərbaycan Partiyası hər zaman islahatlar prosesinə öz töhfələrini verib, bu gün də yeni hədəflərə doğru inamla irəliləyir.
Emil Aslanlı göstərilən etimada görə minnətdarlığını bildirib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük şərəf və qürurdur: “YAP dövlətimizin həyata keçirdiyi və uğurlu gələcəyimizə xidmət edən siyasətdə böyük rolu olan partiyadır. YAP-da gənclərin öz potensial imkanlarından maksimum istifadə etmələri üçün bütün şərait yaradılıb. Belə güclü partiyanın üzvü olmaq, eyni zamanda, böyük məsuliyyətdir”.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkibə uğurlar arzulayıblar.