Xəbərlər
Xəzər dənizi beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Regional səviyyədə bölgədə əmin-amanlıq və sabitliyin bərqərar edilməsi, nəhəng nəqliyyat və əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsi kimi strateji məqsədlərə nail olmaq Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir.
Bir ərazinin ticari dəyəri onun qonşuluğunda olan ökələrin sayı, iqtisadi durumu və ən əsası nəqliyyat üçün yararlı olub-olmamasından asılı olmuşdur. Ölkəmiz qədim zamanlardan bəri bu xüsusiyyətlərin hər birini özündə birləşdirmişdir. Hər zaman diqqət mərkəzində olmasının səbəbi məhz bu idi. Xəzər dənizinin sahilində yerləşmiş bir ölkə necə diqqət cəlb eləməsin?!
Prezident İlham Əliyevin 2022-ci il iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirakı növbəti dəfə gündəlikdə dayanan məsələlərin müzakirəsi baxımdan yüksək əhəmiyyət daşıyır.
Azərbaycan Respublikası tərəfindən Xəzəryanı ölkələrlə qarşılıqlı əməkdaşlıq, eləcə də yaxın dostluq əlaqələrinin olması məsələləri daim diqqət mərkəzində dayanır. VI Zirvə Toplantısında çıxışı zamanı Prezident İlham Əliyev Xəzəryanı ölkələrin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verdiyini qeyd edərək Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiyanın tarixi əhəmiyyət kəsb etdiyini vurğulamış və diqqətə çatdırmışdır ki, çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.
Artıq Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir. İstər təhlükəsizlik, istər hidrometeorologiya, istər nəqliyyat, istərsə də suyun bioloji ehtiyyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, eləcə də, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib.
Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İƏT, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm amildir.
Bu gün Xəzər dənizi beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Məhz bu baxımdan burada nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat mərkəzinə çevrilməsi üçün yaxşı bir təməl yaradır. Baxmayaraq ki, Xəzər dənizin okeana çıxışı yoxdur, amma strateji cəhətdən okeanla əlaqəsi olan dənizlərdən seçilmir. Bu Xəzəryanı ölkələr üçün mühüm əhəmiyyət kəsb edir və daima dünyanın nəzər nöqtəsinə çevirir.
Hər zaman olduğu kimi indi də Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biri kimi Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Ölkə başçısı qeyd etmişdir ki, bu gün biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Buna səbəb odur ki, bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq.
Vətən müharibəsindəki Qələbədən sonra Azərbaycanın strateji əhəmiyyəti daha da ön plana çıxmış, ticari marağa səbəb olmuşdur. Belə ki, qazanılmış zəfərdən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası üzrə genişmiqyaslı işlərin aparılması Zəngəzur dəhlizini artıq reallığa çevirir. Bu onu göstərir ki, Azərbaycan artıq həm şimaldan, həm cənubdan, həm şərqdən, həm də qərbdən əməkdaşlığa tam şəkildə hazırdır.
Dünyada baş verən qlobal ekoloji problemlər ölkəmizdən də yan keçmir. Bununla əlaqədar olaraq Azərbaycan Xəzər dənizinin, eləcə də bütövlükdə ölkəmizin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir. Bu məsələnin ciddiliyini nəzərə alaraq bu ilin sonunda Bakıda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” çərçivə Konvensiyasının tərəflərinin VI konfransının keçirilməsi nəzərdə tutulub. İnanırıq ki, yaxın gələcəkdə baş tutacaq bu Sammit Xəzəryanı dövlətlərin qarşısında duran mühüm ümumi məsələlərin həllinə yönəlmiş səylərin birləşdirilməsinə şərait yaradacaq və dünya tarixinə böyük bir iz qoyacaq.