YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dövrdə təşkilatın nüfuzunun daha da artmasına öz töhfələrini vermişdir

Elçin İsmayılov

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri

Ölkəmizdə Qoşulmama Hərəkatının həm Parlament Şəbəkəsinin təsis edilməsi, həm də konfransının keçirilməsi günə öz damğasını vurdu. İstər şəbəkənin yaradılması, istərsə də Bakı konfransının keçirilməsi təşəbbüsü şübhəsiz ki, Azərbaycan Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevə məxsusdur. Bu hadisə beynəlxalq münasibətlər sisteminə yeni nəfəs, dinamika gətirə biləcək potensiala malik siyasi-diplomatik hadisədir.

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin məhz Bakıda yaradılmasına sıradan bir hadisə kimi baxmaq olmaz. Bu qlobal əhəmiyyəti olan bir addımdır. Belə bir şəbəkənin yaradılması beynəlxalq proseslərdə həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım ola, güclü təsir vasitəsinə və ədalətin müdafiəsi mexanizminə çevrilə bilər. Bu baxımdan, iyunun 30-na – Beynəlxalq Parlamentarizm Gününə təsadüf edən Bakı konfransı və sözügedən şəbəkənin yaradılması təkcə Hərəkata üzv olan ölkələrin parlamentlərarası əlaqələrinin möhkəmlənməsinə xidmət etməyəcək, həm də Hərəkatın qlobal miqyasda proseslərə təsir gücünü daha da artıracaq.

Dövlət başçımız haqlı olaraq qeyd etdi ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir. Kim bunun əksinə cəhd göstərirsə və hansı qüvvələr Minsk Qrupunun aktivləşdirilməsinə çalışırsa, demək ki, həmin qüvvələr hazırda Cənubi Qafqazda qalıcı sülhün bərqərar olunmasında maraqlı deyil. Bu baxımdam, İlham Əliyevin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında bəyan etdiyi qəti mövqe Minsk Qrupu ilə bağlı spekulyativ söz-söhbətlərə birdəfəlik nöqtə qoydu.

Azərbaycan həmçinin Qoşulmama Hərəkatının dünyada BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi daha da güclənməsinin və beynəlxalq proseslərdə rolunun artırılmasının tərəfdarı kimi çıxış edir. Qoşulmama Hərəkatını sözün yaxşı mənasında, BMT-nin potensial rəqibinə çevirmək lazımdır. Hansı münaqişəni BMT həll edə bilmirsə (yaxud da, həll etmək istəmirsə), orda məhz Qoşulmama Hərəkatı öz sözünü mütləq deməlidir. Dövlət başçımızın da qeyd etdiyi kimi Qoşulmama Hərəkatı problemlərin həlli yolunu tapmaq üçün platforma ola bilər, həmçinin ölkələrimizin maraqlarının müdafiəsi üçün platforma rolunu oynaya bilər. Çünki Qoşulmama Hərəkatının bir çox üzvü oxşar tarix və problemlərə malikdir. Bir çox hallarda ədalətsizliklə üzləşib və öz milli maraqlarını müdafiə etməyə çalışır. Biz bunu birlikdə edə bilərik və bunu daha səmərəli edə bilərik.

Bu gün biz dünyada qlobal qütbləşmənin, müharibənin, münaqişənin, proqnozlaşdırıla bilinməyən vəziyyətin, ərzaq, enerji və humanitar böhranların, yeni beynəlxalq münasibətlər sisteminə xaotik transformasiyanın şahidi oluruq. Belə bir mürəkkəb və həssas məqamda Qoşulmama Hərəkatı üzv ölkələri bir çox neqativ tendensiyalardan, qlobal təhdidlərdən, ədalətsiz münasibətdən qoruyan etibarlı “sipər”ə çevrilə bilər. Bu mənada, Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının institusional inkişafına və onun növbəti mərhələdə hərəkatdan təşkilata çevrilməsinə yönəlik hədəfləri həqiqətən də təqdirəlayiqdir.