Xəbərlər
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılması əməkdaşlıq imkanlarını daha da genişləndirəcək
Abbas Əliyev
Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri
Azərbaycanın bəşəriyyəti narahat edən problemlərlə əlaqədar, eləcə də siyasi, iqtisadi və sivilizasiyalararası dialoqun inkişafına xidmət edən beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin dünyada böyük nüfuza sahib olmasının göstəricisidir. Belə mötəbər tədbirlərdən biri də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr edilən Bakı konfransı oldu. Maraqlı və səmərəli müzakirələrlə yadda qalan Bakı konfransına 40-dan çox ölkənin parlament nümayəndə heyətləri və 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri qatılmışdı.
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılması təşkilat daxilində ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, o cümlədən yeni təşəbbüslərin irəli sürülməsi və reallaşdırılması baxımından əhəmiyyətlidir. Məlumdur ki, ötən ilin noyabr ayının 28-də Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü əsasında İspaniyanın paytaxtı Madrid şəhərində təşkilatın Parlamentlər Şəbəkəsinin təsis iclası keçirilib. 50-yə yaxın ölkədən 200-ə qədər nümayəndənin iştirak etdiyi iclasda qeyd edilib ki, bu addım Hərəkatın fundamental prinsiplərinin təşviqinə, üzv dövlətlər tərəfindən qəbul edilmiş qərarlara parlament dəstəyinin təmin olunmasına, habelə Qoşulmama Hərəkatı sıralarında yer alan ölkələr üçün ümumi maraq kəsb edən məsələlərin həllinə parlamentlərin töhfə verməsinə imkan yaradacaq. İclasın yekununda qəbul edilən Madrid Bəyannaməsində Parlament Şəbəkəsinin fəaliyyət istiqamətləri və funksiyaları vurğulanıb, Azərbaycanın təşkilata səmərəli sədrliyi təqdir olunub.
Bakı konfransı isə Azərbaycanın beynəlxalq arenada öz mövqeyini möhkəmləndirərək nüfuz qazanmış və söz sahibinə çevrilmiş güclü ölkə olduğunu bir daha sübut etdi. Ölkəmiz bu cür nüfuzlu tədbirlərə ev sahibliyi etmək üçün əlverişli humanitar və siyasi meydana çevrilib. Dövlətimizin başçısının yürütdüyü uğurlu siyasətin nəticəsidir ki, Azərbaycanın uzun illər beynəlxalq müstəvidə dayanıqlı və etibarlı tərəfdaş qismində çıxış etməsi dünya ölkələri tərəfindən birmənalı şəkildə müsbət qarşılanır və bu müsbət münasibətin təzahürü olaraq paytaxt Bakıya müxtəlif ölkələrdən yüksək səviyyəli parlamentarilər səfər etdilər. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi bütün üzv ölkələrin maraqlarını, beynəlxalq hüququn norma və prinsiplərini müdafiə edərək böyük etimad qazanıb.
Parlament Şəbəkəsinin formalaşdırılması siyasi məzmuna malik olmaqla dövlətlərarası işbirliyinin güclənməsinə töhfədir. Bakı konfransında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi fəaliyyəti, irəli sürdüyü beynəlxalq təşəbbüslər, ölkəmizin bu təşkilata üzv olan dövlətlərlə fəal əməkdaşlığı, bir birinə dəstəyi, eləcə də İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyət haqqında fikirlərini ifadə edib. Xüsusilə nəzərə almaq lazımdır ki, Qoşulmama Hərəkatı ciddi siyasi potensiala malikdir. BMT-dən sonra ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatı sıralarında 120 ölkəni birləşdirir. Təşkilatın 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. Dünya dövlətlərinin üçdə ikisini əhatə edən bir təsisatın toplantılarında müzakirə edilən məsələlər, şübhəsiz ki, BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına da böyük təsir göstərir. Təşkilatın fəaliyyəti “Bandunq prinsipləri” əsasında tənzimlənir. Həmin prinsiplər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq kimi məsələləri ehtiva, ikitərəfli və çoxtərəfli əlaqələri isə təşviq edir. “Bandunq prinsipləri” təşkilat sıralarında olan dövlətlərin xarici siyasət prioritetlərinə uyğundur və əlaqələrin formalaşdırılması və inkişafı, əməkdaşlığın dərinləşdirilməsi üçün siyasi-hüquqi baza rolunda çıxış edir. Qoşulmama Hərəkatında fəal təmsil olunmaqla ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirmək Azərbaycanın xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir. Milli maraqlara əsaslanan uğurlu strateji kurs həyata keçirən Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür və 2019-cu ildən təşkilata sədrlik edir. Bu dövr ərzində ölkəmiz təşkilat çərçivəsində fəal siyasət həyata keçirir. Parlament Şəbəkəsinin yaradılması isə əməkdaşlıq imkanlarını daha da genişləndirəcək.