Xəbərlər
Azərbaycan dövləti ədalətsizliyə, beynəlxalq hüququn prinsiplərinin pozulmasına qarşı çıxıb
Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor
Dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində böyük addımlar atıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurumun sədri qismində irəli sürdüyü çoxsaylı təkliflər Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edilib. İyunun 30-da Heydər Əliyev mərkəzində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentin rolunun gücləndirilməsi" mövzusuna həsr olunmuş Bakı konfransı işə başladı. Məhz Azərbaycanın təşəbbüsü ilə Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi yaradıldı. Parlament Şəbəkəsinin yaradılması Qoşulmama Hərəkatının fəaliyyətinə və üzv dövlətlərin parlamentlərarası münasibətlərin yüksək səviyyəyə qaldırılmasına böyük töhfə verəcək. Parlament Şəbəkəsi üzv ölkələrin parlamentləri arasında həmrəyliyə töhfə verməklə yanaşı dünyanın digər dövlətlərinin parlamentləri ilə sıx əməkdaşlıq quracaq ki, bu da gələcəkdə Qoşulmama Hərəkatının beynəlxalq aləmdə nüfuzunun artmasına böyük təkan verəcək. Azərbaycan Qoşulmama Hərəkatında Gənclər Şəbəkəsinin yaradılması ilə bağlı da vacib bir təşəbbüs irəli sürmüşdür və üzv dövlətlər tərəfindən də dəstəklənmişdir. Gələn ay Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammitinin keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycanın irəli sürdüyü daha bir təşəbbüsü, Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılması da üzv dövlətlər tərəfindən dəstəklənmişdir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2011-ci ildə Qoşulmama Hərəkatına üzv seçilən Azərbaycanın bu təşkilatın beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində gördüyü işlər barədə ətraflı məlumat verdi. Həqiqətən də fəaliyyətinin ilk illərindən Azərbaycan Qoşulmama Hərəkatının ən fəal üzvünə çevrildi. Azərbaycanın təşkilatdakı səmərəli və faydalı fəaliyyətini yüksək qiymətləndirən 120 üzv dövlət 2016-cı ildə Azərbaycanın 2019-2022-ci illərdə quruma sədrlik etməsi barədə yekdilliklə səs verdilər. Daha sonra 120 üzv ölkənin yekdil qərarı ilə Azərbaycanın sədrliyi 2023- cü ilin sonuna qədər uzadıldı. Bu Qoşulmama Hərəkatının Azərbaycan dövləti və şəxsən Prezident cənab İlham Əliyevə olan yüksək hörmət və ehtiramın göstəricisi idi.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dünya üçün ağır bir dövrə Covid-19 pandemiyası ilə üst-üstə düşdü. Bütün dünya üçün ağır günlərdə, xəstəliklə mübarizədə də, Azərbaycan fəal dövlətlərdən biri oldu. Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısı keçirildi. Bu, bütün dünya dövlətlərinin də koronovirusa qarşı birgə mübarizəsinin aparılması üçün ilk addım oldu. Azərbaycanın təşəbbüsü ilə hazırlanmış, ölkələrə dəstək, tibbi və humanitar yardımlarla bağlı məlumat bazası ÜST tərəfindən geniş istifadə olunmuşdur. Ehtiyacı olan dövlətlərə humanitar yardımın göstərilməsində də Azərbaycan ilk dövlətlərdən oldu. Azərbaycan 80-dən çox ölkəyə maliyyə yardımı və humanitar dəstək göstərdi. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları ianə edildi ki, bunun da yarısı Qoşulmama Hərəkatına üzv dövlətlərə birbaşa ayrılmışdır.
Koronovirusa qarşı vaksinlər hazırlandıqdan sonra bəzi böyük dövlətlər özlərinə lazım olandan 3-4 dəfə çox vaksin sifariş verib tədarük etməyə başladılar. Bu da yoxsul və azgəlirli ölkələrin vaksinlərə əlçatanlığını məhdudlaşdırmış oldu və bu ölkələrin əhalisinin sağlamlığını təhlükə altına qoydu. Azərbaycan dövlətinin "vaksin millətçiliyinə" qarşı mübarizəsi BMT tərəfindən də dəstəkləndi.
Azərbaycan dövləti Qoşulmama Hərəkatının sədri olaraq həmişə ədalətsizliyə, beynəlxalq hüququn prinsiplərinin pozulmasına qarşı çıxıb. Qoşulmama Hərəkatına üzv dövlətlər Azərbaycan xalqının ədalətli mübarizəsini dəstəkləyir. Qoşulmama Hərəkatı Azərbaycana qarşı yönəlmiş bəyanatları bloklayıb və ermənipərəst qüvvələrin Azərbaycana qarşı hücumuna mane olub.
Çıxışında ölkə başçımız Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalı zamanı beynəlxalq təşkilatları bu işğala son qoyması üçün Ermənistana təsir göstərəcəyini, lakin bunun baş vermədiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı.
ATƏT- in 1992-ci ildə Azərbaycanla Ermənistan arasındakı münaqişənin tənzimlənməsi üçün yaratdığı Minsk qrupu münaqişəni həll etmək əvəzinə, məqsədləri münaqişəni dondurmaq və torpaqlarımızı işğalda saxlamaq olub. Azərbaycan hərbi - siyasi yolla öz ərazi bütövlüyünü təmin etdi. Artıq Minsk qrupu deyilən bir quruma ehtiyac yoxdur. Bu gün Ermənistandakı bəzi siyasi qüvvələr yenidən Minsk qrupunu münasibətlərin tənzimlənməsinə cəlb etmək istəyir. Onlar anlamırlar ki, bu cür fikirlər münasibətlərin normallaşmasına böyük zərbə vura bilər. Ermənistan Azərbaycan münaqişəsi region üçün deyil bütün dünya üçün qlobal bir problem idi. BMT Təhlükəsizlik Şurası bununla bağlı Azərbaycanın xeyrinə 4 qətnamə qəbul etmiş, lakin Ermənistan bu qətnamələri icra etməkdən imtina etmişdir. Deməli, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini heçə almışdır. Azərbaycan dövləti isə hər zaman bütün dünyada ədalətin, sülhün, həmrəyliyin tərəfdarı olmuşdur. Bu gün Qoşulmama Hərəkatının sədri kimi də Azərbaycan bu prinsiplərə sadiq olduğunu nümayiş etdirir.