Xəbərlər
19 illik əməyin 19 aylıq bəhrəsi
Mirsüleyman Mirxaslı
YAP Cəlilabad rayon təşkilatının sədri
Zəfər günümüzdən bizi 19 ay ayırır. Bu aylar ərzində azad olunmuş torpaqlara minlərlə insanın ayağı dəyib. 30 il həsrətində olduğumuz vətən torpaqlarının rayihəsini duymaq sevinci ilə, o cənnət məkanın dağılmış mənzərəsini görmək kədərini bir yerdə yaşamaq ziddiyyətinin nə demək olduğunu təsəvvür etmək belə çətindir. Amma ziyarətçilər arasında bu hissləri hamıdan çox yaşayan, yaşadıqca da yaşadan bir şəxs var.
Səfərləri sadəcə ziyarət deyil, 19 il bundan əvvəl təməllərini atmağa başladığı missiyanın 19 aylıq nəticələrinin monitorinqini aparmaq, yeni hədəflər qoymaq və bu hədəflərin reallaşması üçün üfüqlər açmaqdır. Hədəflər də, üfüqlər də bəllidir. Hədəf - az qala bir qərinəlik - faciənin, kabusun nəticələrini bərtərəf etməkdirsə, üfüq - bütün bəşəriyyətə bir yaradıcılıq, tərəqqi nümunəsi göstərməkdir. Bu nümunə, Livan dövləti boyda bir ərazini yenidən qurmq, yeni yollar, tunellər, hava limanları, elektrik stansiyaları, sanatoriyalar, muzeylər, otellər, mədəni-tarixi abidələr, evlər, “ağıllı kəndlər və şəhərlər” inşa etməkdir. Bu nümunə yurd-yuvalarından, vətənlərindən didərgin düşmüş insanları evlərinə qaytarmaq, yenidən həyat bəxş etməkdir. Bu nümunə, həm də qazanılmışı - minlərlə şəhidin müqəddəs qanı ilə suvarılmış torpağı qorumaq nümunəsidir, düşmənə göz dağı, dosta töhvə nümunəsidir.
Mao Tszedun deyirdi; “Dəyişiklik küləyini hiss etmiş insan küləkdən qorunmaq üçün qalxan yox, yel dəyirmanı qurmalıdır”.
Başqa vaxtlarda sərkərdənin öz ordusunu ziyarəti, bəlkə də adi hal olardı. Ancaq, nə bu gün adi gün deyil, nə bu sərkərdə adi sərkərdə deyil, nə də bu ordu artıq adi ordu deyil. Bu zaman kəsiyi, bir xalqın yenidən oyanışı, təkamülü və intibahına təkan vermiş tarixi zəfərin müəlliflərinin, qalib ordunun, qalib xalqın və Qalib Liderin zamanıdır.
Ali Baş Komandanın öz ordusunu, bu ordunun quruluş bayramı ərəfəsində ziyarəti də manidardır, sakral bir rəmz, örnək bir davranışdır. Xalqa əmin-amanlıq, iradə, övladlarımıza vətənsevərlik, yenilməzlik ruhunun, milli ruhun təlqini, şəhidlərimizin ruhuna ehtiram, silahlı qüvvələrimizə maddi-mənəvi dəstək, düşmənə xəbərdarlıq, dünyaya isə ləyaqət və sülhsevərlik, alicənablıq ismarıcı, dərsidir.
Azərbaycan ordusu 44 günə, 44 illik dastan yazdı. Azərbaycan Prezidenti isə bu dastanı salnaməyə çevirməkdə davam edir.
Prezidentin Qarabağa da, Zəngəzura da, Kəlbəcərə də, Laçına da, yurdumuzun başqa guşələrinə də səfərləri, ancaq bir məqsəd daşıyır – qarşımızda duran əsas hədəfi – vətənimizin təhlükəsizliyini və tərəqqisini təmin etmək, millətimizə inam, ordumuza motivasiya, gələcək nəsillərə stimul vermək, əcdadlarımızın ruhunu şad etmək, “mən fəxr edirəm ki, azərbaycanlıyam” devizini bütün dünya azərbaycanlılarının iftixar şüarına çevirmək, yeni çağırışlarla yeni tarixə yeni səhifələr açmaqdır.
Mao deyirdi; “Sülh tüfəngin lüləsindədir”. Prezident İlham Əliyev isə “hərb və sülh” leksikonuna yeni bir təsvir gətirdi; “Dəmir yumruq” yerindədir və bunu heç kim unutmasın”.