Xəbərlər
Qarşılıqlı səfərlər əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasətində ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsi əsas yer tutur. Bu əlaqələr hər bir ölkənin malik olduğu imkanların təqdimatında, həqiqətlərinin təbliğində böyük rola malikdir. Son illər pandemiya səbəbindən ikitərəfli əlaqələrin inkişafında əsas amil olan qarşılıqlı səfərlərdə müəyyən fasilələr yarandı. Lakin bu vəziyyət heç də əməkdaşlığın inkişafına mənfi təsir göstərmədi. Əksinə belə qlobal problemə qarşı qlobal addımların atılması ilə bağlı çağırışlar edən Azərbaycan bunu reallaşdırdığı beynəlxalq tədbirlərlə təsdiqlədi. Türk Şurasının Zirvə Görüşünün keçirilməsi də bunun bariz nümunəsidir. Bu mühüm addım, həmçinin Azərbaycanın türk dünyasının birliyinə verdiyi önəmin göstəricilərindən biridir.
Dövlət başçısı İlham Əliyevin pandemiyadan sonra ilk rəsmi səfərini Özbəkistana etməsi ikitərəfli münasibətlərin yüksək səviyyəsinin, xalqlarımızın qardaşlığının və dostluğunun təzahürü, ölkələrimiz arasında qardaşlıq, dostluq münasibətlərinin möhkəm təməlinin təsdiqidir. İki ölkə arasında münasibətlərin əsasını ortaq mənəvi dəyərlər, dil, din, oxşar mədəniyyətlər təşkil edir. Ölkə Prezidentinin səfəri çərçivəsində keçirilən görüşlərdə, mətbuata bəyanatlarında möhkəm təmələ əsaslanan bu dostluğa ulu öndər Heydər Əliyevin töhfələrindən geniş bəhs olundu, yaradılan bazanın gələcək münasibətlərin inkişafına böyük inam və əminliklə baxmağa əsas verdiyi xüsusi qeyd edildi.
Azərbaycan-Özbəkistan dostluğu, qardaşlığı yalnız ikitərəfli deyil, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir, gündəmə gətirilən məsələlərin müzakirəsində vahid mövqe ortaya qoymalarını şərtləndirir. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib. Daim Azərbaycanın, ədalətin və beynəlxalq hüququn yanında olduğunu atdığı addımları ilə təsdiqləyib. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz münasibətilə Azərbaycanı ilk təbrik edənlər sırasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin olması da bu sevinci bizimlə birgə yaşadıqlarını, hər zaman bir yerdə olmaq istəklərini nümayiş etdirdi.
Tarixi Zəfərimiz regionda və dünya siyasətində yeni reallıqlar yaradıb. Bu reallıqlar dövlətlər arasında münasibətlərdə də özünü qabarıq şəkildə büruzə verir. Əlaqələrin yeni istiqamətlər üzrə inkişafı üçün imkanların mövcudluğu imzalanan sənədlərdə özünün aydın ifadəsini tapdı. 20-yə qədər sənədin imzalanması sadəcə bir statistika deyil. Bu, iki ölkənin əlaqələrinin inkişafı üçün mövcud imkanların təqdimatıdır.
Dövlət başçısı İlham Əliyevin Özbəkistana dövlət səfərinin ümummilli lider Heydər Əliyevin bu dost ölkəyə səfərinin 25 illiyinə təsadüf etməsi xatırlanaraq bildirildi ki, Ulu Öndər özbək xalqına böyük hörmət və dərin sevgi ilə yanaşıb. Daşkənddə Heydər Əliyev meydanının açılışı, Özbəkistan Prezidentinin ulu öndər Heydər Əliyev barədə fikirləri həqiqətən də qardaş ölkədə Azərbaycan xalqının Ümummilli Liderinə dərin rəğbət və böyük hörmətin olduğunu nümayiş etdirir. Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ikitərəfli əlaqələrin inkişafı istiqamətində yaradılan möhkəm təməl çoxtərəfli çərçivədə münasibətlərin inkişafına geniş imkanlar yaradır.
Qeyd etdiyimiz kimi, gerçəkləşən hər bir səfər müxtəlif sahələrdə əlaqələrin inkişafına yönələn sənədlərin imzalanması ilə yadda qalır. Dövlət başçısının bu səfərinin də əhəmiyyətini təsdiqləyən 20-yə yaxın sənəd perspektivlərin təqdimatı kimi dəyərləndirilir. “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”nin imzalanması strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan mühüm addımdır.
Azərbaycan və Özbəkistan Prezidentləri bu səfəri tarixi səfər kimi xarakterizə etdilər. Səfərə verilən böyük əhəmiyyət, dövlət başçılarının şəxsi münasibəti, imzalanmış sənədlərin əhatəsi həqiqətən də bu səfərin ikitərəfli münasibətlərin inkişafında tarixi əhəmiyyət daşıdığını nümayiş etdirir. Ərazi bütövlüyümüzü bərpa edərkən özbək xalqının və Özbəkistan Prezidentinin Azərbaycana göstərdiyi dəstəyi xüsusi qeyd edən dövlət başçısı İlham Əliyev “Azərbaycanlılar bunu çox yaxşı bilir, qardaşlıq münasibətini xatırlayır və yüksək qiymətləndirirlər. Özbəkistan Prezidentinin sözləri, bizim Qələbəmiz münasibətilə təbrikləri – bütün bunlar, təbii ki, Azərbaycanda dost sözü, qardaş sözü kimi qəbul edilir. Biz bunu yüksək qiymətləndiririk və öz tərəfimizdən biz də bütün məsələlərdə Özbəkistanın, özbək xalqının yanındayıq. Bugünkü səfər buna daha bir sübutdur. Əslində, biz bu gün iqtisadi qarşılıqlı fəaliyyət, biznes strukturlarının əlaqələri, təhlükəsizlik, müdafiə qabiliyyəti ilə bağlı məsələlər, xarici siyasətlə bağlı təşəbbüslər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, humanitar sahə ilə, mədəniyyətlə bağlı məsələlər barədə danışırıq, yəni, sözün geniş mənasında bu gün bizim gələcək aktiv qarşılıqlı fəaliyyətimizin əsası qoyulur və əminəm ki, nəzərdə tutduqlarımızın hamısı yerinə yetiriləcək” fikirləri iki dost ölkənin münasibətlərinin dünəninə baxış fonunda gələcəyi barədə aydın təsəvvürü yaradır. Bir daha bildirildi ki, Azərbaycanın və Özbəkistanın daha da güclənməsi əsas hədəfdir.