Xəbərlər
“WorldFood Azerbaijan 2015” sərgisində 200-dən çox şirkət təmsil olunacaq
Mayın 21-də regionun qida sənayesinin mühüm və əhəmiyyətli hadisələrindən biri - Azərbaycan Beynəlxalq Qida sənayesi (“WorldFood Azerbaijan 2015”) sərgisi öz qapılarını ziyarətçilərin üzünə açacaq. Keçirildiyi illər ərzində “WorldFood Azerbaijan” sərgisi mütəxəssislərin hər il təşkil olunan görüşləri və qida sənayesi avadanlıqlarının, eləcə də məhsul və xidmətlərin nümayişi üçün şərait yaradan, o cümlədən sifarişçilər tapmaq, biznes tərəfdaşları ilə mövcud münasibətləri möhkəmləndirmək və yeni satış bazarlarına daxil olmaq imkanını təmin edən etibarlı bünövrə kimi özünü doğruldub. “WorldFood Azerbaijan” sərgisi uzun illərdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində isə “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.
“Iteca Caspian” şirkətindən bildiriblər ki, hər il keçirilən bu sərgidə həm Azərbaycan, həm də dünya ərzaq bazarının aparıcı qida məhsulları istehsalçıları, distribyutorları və təchizatçıları iştirak edirlər. Bu il sərgi iştirakçılarının ümumi sayı 200 şirkətdən çox olacaq və sərgidə Belarus, Bolqarıstan, Almaniya, Hindistan, İtaliya, İspaniya, Qazaxıstan, Koreya Respublikası, Litva, Niderland Krallığı, Polşa, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Fransa, Çexiya və digər ölkələrin şirkətləri təqdim olunacaq. Avstraliya, Argentina, Belarus və Litva isə dövlət dəstəyi və peşə birliklərinin koordinasiya xidmətləri sayəsində təşkil edilmiş milli ekspozisiyalarla iştirak etməyi planlaşdırırlar. Sərginin ənənəvi bölmələrində balıq, mal, qoyun, quş əti, konservləşdirilmiş süd məhsulları, baqqaliyyə və qənnadı məmulatları, soyuducu sistemlər, içkilər və bir çox digər məhsullar təqdim olunacaq. Sərgidə çörəkxanalar üçün avadanlıq və qablaşdırma avadanlıqlarını da görmək mümkün olacaq. Ziyarətçiləri ən yaxşı avadanlıq istehsalçıları və qida sənayesindən təqdimatlar, habelə ustad dərsləri və çoxsaylı maraqlı təkliflər gözləyəcək.
Eyni tarixə təyin edilmiş Xəzər Beynəlxalq Qablaşdırma, tara, etiket və poliqrafiya (“Ipack Caspian 2015”) sərgisi qablaşdırma materialları ilə yanaşı, qablaşdırmanın istehsalı və tərtibatı üçün avadanlıqları, habelə müxtəlif sənaye sahələri üçün tara və hazır qablaşdırma məhsullarını təqdim edəcək.
Bu gün ölkənin dövlət siyasəti iqtisadiyyatın qeyri-neft sektorunun genişləndirilməsinə yönəldilib və bu sektorun əsas komponentlərindən biri də məhz qida sənayesidir. Qida və kənd təsərrüfatı sahəsi fəal surətdə inkişaf edir və Azərbaycanın ixrac potensialının artırılmasına, ixrac strukturunun şaxələndirilməsinə öz töhfəsini verir. İqtisadiyyatın şaxələndirilməsi və iqtisadiyyat sahələrinin inkişaf etdirilməsi nöqteyi-nəzərindən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi müsbət amildir. Həmçinin sevindirici haldır ki, bu sərgi “Kənd təsərrüfatı ilinə” həsr olunmuş tədbirlər planına daxil edilib və bu, sərginin inkişafına müsbət təkan verərək daha geniş auditoriyanın diqqətini özünə cəlb edib. İxrac olunan yüksək keyfiyyətli məhsulların istehsalı üçün vacib şərtlər yeni texnologiyalar və təcrübə mübadiləsidir ki bu da hər il beynəlxalq “WorldFood Azerbaijan” sərgisində təqdim olunur. Beləliklə, “WorldFood Azerbaijan” sərgisi beynəlxalq müstəvidə əməkdaşlıq əlaqələrinə və ərzaq məhsulları çeşidini zənginləşdirməyə imkan yaradaraq Azərbaycanın qida sənayesində investisiya həcminin artırılmasına və ən yeni texnologiyaların tətbiqinə şərait yaradacaq.
Sərgi mayın 21-23-də Bakı Ekspo Mərkəzində keçiriləcək.