Xəbərlər
Milli Məclisin sədri Yaponiya İmperatoru Akihito ilə görüşüb
Milli Məclisin sədri Oqtay Əsədov aprelin 20-də İmperator əlahəzrət Akihito ilə görüşüb.
Milli Məclisin sədrini Tokioda salamlamaqdan məmnunluğunu bildirən Yaponiya İmperatoru qeyd edib ki, parlamentlər arasında mövcud olan dostluq əlaqələri ölkələrimizin əməkdaşlığının inkişafında mühüm rol oynayır.
Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını İmperator Akihitoya çatdırmaqdan məmnunluğunu vurğulayan Oqtay Əsədov Yaponiya hökumətinə rəsmi dəvətə görə təşəkkürünü bildirib. Milli Məclisin sədri Azərbaycan parlament nümayəndə heyətinin Yaponiyaya bu səfərinin ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Ölkəmizdə son illər həyata keçirilən iri beynəlxalq layihələr barədə məlumat verən Oqtay Əsədov artıq Azərbaycan qazının Avropaya nəqli ilə bağlı yeni layihələrin reallaşması istiqamətində mühüm addımların atıldığını qeyd edib. Bildirib ki, Azərbaycan regionda yalnız energetika sahəsində deyil, eyni zamanda, mühüm nəqliyyat layihələrinin reallaşması istiqamətində də çalışır. Sədr məmnunluqla vurğulayıb ki, Yaponiyanın Azərbaycan iqtisadiyyatına böyük həcmdə investisiya yönəltməsi ilə yanaşı, respublikamızın həyata keçirdiyi nəhəng layihələrdə bu Gündoğar ölkənin şirkətləri də yaxından iştirak edirlər.
İki ölkə arasında humanitar sahədə əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayan Oqtay Əsədov hazırda Bakı Dövlət və Azərbaycan Dillər universitetlərində 100-dən artıq tələbənin yapon dilinin incəliklərini öyrəndiyini qeyd edib.
İmperator əlahəzrət Akihito səmimi salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. Azərbaycanlı gənclərin Yaponiyaya marağının onda məmnunluq hissi doğurduğunu vurğulayan İmperator bu gənclərin gələcəkdə dövlətlərimiz arasında münasibətlərin daha da inkişafına töhfələr verəcəyini bildirib.