Xəbərlər
Sahibə Qafarova: Bakı idmançıları və olimpiya ruhunu yaşamaq üçün paytaxtımıza üz tutan qonaqları salamlamağı səbirsizliklə gözləyir
«Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin çox böyük tarixi uğurudur. Bu müstəqilliyinin cəmi 24 yaşı olan bir dövlətə böyük etimad, böyük inamdır. Bununla belə, hesab edirəm ki, belə möhtəşəm idman tədbirinin keçirilməsi üçün məkan olaraq Azərbaycanın seçilməsinə ciddi əsaslar var». Bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü, qurumun alt komitəsinin sədri Sahibə Qafarova deyib.
Assambleyanın yaz sessiyası çərçivəsində keçirilən iclasda çıxış edən S.Qafarova ölkəmizin Avropa oyunlarına hazırlığı ilə bağlı görülən işlərdən danışıb, Azərbaycanın bu mötəbər yarışlara ən yüksək səviyyədə ev sahibliyi edəcəyini vurğulayıb. Onun sözlərinə görə, müasir Azərbaycan dövləti qısa zamanda böyük uğurlara imza atmaqla yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib. Azərbaycan dövlətinin bu uğurlarının mərkəzində dayanan əsas amil isə istər daxili, istərsə də xarici arealda sabit, milli maraqlara söykənən, vətəndaşlarının hüquq və azadlıqlarının genişləndirilməsini özündə əks etdirən, həmçinin, xarici təşkilatlar və dövlətlərlə əlaqələrinin normal tərəfdaşlıq çərçivəsində inkişafına nail olan siyasətin həyata keçirilməsidir.
«Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Avropa Oyunları Təşkilat Komitəsində çalışan peşəkar komanda çox qısa bir müddətdə demək olar ki, öz işini yekunlaşdırmaq üzrədir. Baxmayaraq ki, bu səviyyəli idman yarışlarını təşkil etmək üçün dövlətlərə bəzən 7-8 il vaxt lazım olur. Təsadüfi deyil ki Avropa Olimpiya Komitəsinin və digər beynəlxalq idman federasiyaların rəhbərliyi paytaxtımızda görülən işləri çox yüksək qiymətləndirib və vurğulayıblar ki Avropa Olimpiya hərəkatının standartları Bakıda müəyyənləşəcək. İndi Bakı idmançıları və olimpiya ruhunu yaşamaq üçün paytaxtımıza üz tutan qonaqları salamlamağı səbirsizliklə gözləyir»- deyə, S.Qafarova qeyd edib.