YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Ümummilli lider Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində türkdilli xalqların maraqlarına xidmət edib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə aprelin 20-də Heydər Əliyev Mərkəzində Azərbaycan bələdiyyələrinin milli assosiasiyalarının və Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) birgə təşkilatçılığı ilə “Türk dünyası” kitabının geniş təqdimat mərasimi keçirilib. 

TDBB-nin Yüksək Yazarlar Şurasının üzvü, tanınmış yazıçı, professor Özgen Keskinin müəllifi olduğu kitabda türk dünyasının çoxəsrlik tarixi dövründə maraqlı faktlar, iki minillik ərzində əbədi iz qoyan türk xalqının 12 öndəri, o cümlədən Atilla, Dədə Qorqud, Çingiz xan, Mustafa Kamal Atatürk və ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətləri ilə bağlı müfəssəl məlumatlar təqdim olunur.
Tədbirdə iştirak etmək üçün ölkəmizə gələn Türk Dünyası Bələdiyyələr Birliyinin baş katibi Fəxri Solak və Birliyin üzvləri Fəxri xiyabanda ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoyublar. Qonaqlar, həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə tər çiçəklər düzüblər.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edib, Ulu Öndərin dərin tarixi köklərə malik türkdilli dövlətlər və xalqlar arasında sıx əlaqələrin qurulmasına və inkişafına hər zaman dəstək göstərdiyini vurğulayıb.
Əli Həsənov bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində türkdilli xalqların maraqları, Azərbaycanın mənafeyi naminə misilsiz işlər görüb, dahi rəhbərin əsasını qoyduğu və bu gün uğurla həyata keçirilən neft strategiyası, regionda irimiqyaslı layihələrin reallaşdırılması türk dünyası ölkələri arasında birliyin, dostluğun və qardaşlığın möhkəmlənməsinə xidmət edir. Ümummilli Liderin yüksək ideyaları, amalları bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir.
Əli Həsənov deyib: “Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının əsasında müasir dünyanın yeni çağırışları fonunda dövlətlərimizin və xalqlarımızın eyni mövqedən çıxış etməsi reallığı dayanır. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ideyaları Azərbaycan-Türkiyə münasibətlərinin söykəndiyi əsas prinsipdir. Azərbaycan Prezidenti İlham Əliyevin “Bizi birləşdirən bizim tariximizdir, - xalqlarımız əsrlər boyu bir yerdə yaşamış, yaratmışlar, - ənənələrimizdir, bizim mədəniyyətimizdir, dilimizdir, kökümüzdür, etnik mənsubiyyətimizdir. Bu, gələcək inkişaf üçün çox böyük bir əsasdır” fikirlərini irəli sürməsi Azərbaycan dövlətinin türkdilli xalqların birliyinə verdiyi əhəmiyyətin bariz göstəricisidir”.
TDBB-nin baş katibi professor Fəxri Solak Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna rolunu qeyd edib, Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamının bu gün dövlət başçılarının timsalında daha da gücləndiyini vurğulayıb. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılaraq fəaliyyətə başlayan TDBB-nin üzv dövlətlərinin bələdiyyələri arasında əlaqələrdən danışan F.Solak ölkəmizin birlikdə fəal təmsilçiliyini, əməkdaşlıq çərçivəsində birgə mədəni və humanitar tədbirlərin keçirildiyini qeyd edib, Birliyin fəaliyyəti dövründə bir çox nəşrlərin işıq üzü gördüyünü, Türkiyədə nəfis şəkildə nəşr olunmuş “Türk dünyası” kitabının TDBB-nin bütün türk dünyasına dəyərli töhfəsi olduğunu vurğulayıb.
Müəllif Ö.Keskin təqdim olunan kitab barədə ətraflı məlumat verərək topluda türk dünyasının ən görkəmli dövlət xadimlərindən bəhs olunduğunu, miladdan öncə Hun dövlətinin hökmdarı olan Oğuz xandan başlayaraq iki müasir müstəqil türk dövlətinin – Türkiyənin və Azərbaycanın qurucuları Mustafa Kamal Atatürk və Heydər Əliyevin həyat və fəaliyyətləri haqqında geniş söhbət açıldığını bildirib, ulu öndər Heydər Əliyevin nəinki Azərbaycan xalqının, eyni zamanda, bütün türk dünyasının qürur mənbəyi olduğunu vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv