Xəbərlər
Bakıda günəş enerjisinin istehsalı üzrə beynəlxalq konfrans və ixtisaslaşmış sərgi keçiriləcək
Aprelin 16-17-də Bakıda Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) rəsmi dəstəyi və “IBCentre” şirkətinin təşkilatçılığı ilə CISOLAR-2015 “Cənubi Qafqaz regionunda, Şərqi Avropa və Mərkəzi Asiyada Günəş Enerjisi Sənayesinin İnkişafı” 4-cü beynəlxalq konfransı və ixtisaslaşmış sərgisi keçiriləcək.
ABOEMDA-dan bildirilib ki, region üçün əlamətdar olan tədbirdə Şərqi Avropanın, Cənubi Qafqazın və Mərkəzi Asiyanın alternativ və bərpa olunan enerji mənbələri, xüsusilə günəş energetikası sahəsi üzrə aparıcı mütəxəssislərinin, şirkət və təşkilat rəhbərlərinin çıxışları nəzərdə tutulur. Sərgidə isə iştirakçı ölkələrin müvafiq sahə üzrə fəaliyyət göstərən təşkilatlarının, şirkətlərinin günəş enerjisi texnologiyaları üzrə elmi və texnoloji nailiyyətləri nümayiş olunacaq.
Həmçinin, tədbir müddətində respublikamızda fəaliyyət göstərən günəş elektrik stansiyalarına tədbir iştirakçıları üçün ekskursiyalar təşkil ediləcək.