Partiya xəbərləri
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Qadınlar Şurasının hesabat seçki konfransı keçirilib
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatında Rayon Partiya Təşkilatının Qadınlar Şurasının hesabat seçki konfransı keçirildi.
Konfransda Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov, İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva və aparatın şöbə müdirləri, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov və Rayon Partiya Təşkilatı Qadınlar Şurasının üzvləri iştirak etdilər.
Tədbirdən öncə konfrans iştirakçıları YAP Binəqədi Rayon Təşkilatının önündə ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoydular.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov konfransın əlamətdar bir günə, ümumilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə eyni zamana düşməsini qeyd etdi və rayon partiya təşkilatının Qadınlar Şurasının fəaliyyətindən danışdı. Sədr qeyd etdi ki, YAP Qadınlar Şurasının yaradılması da Ulu öndərin adı ilə bağlıdır və bu gün ölkədə uğurlu bir qadın siyasəti həyata keçirilir.
Sonra tədbirdə hesabat məruzəsi ilə çıxış edən YAP Binəqədi Rayon Təşkilatı Qadınlar Şurasının sədri Məlahət İbrahimova ölkədə aparılan qadın siyasəti haqda danışdı. O, YAP sədrinin müavini, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyətinin bütün qadınlara nümunə olduğunu vurğuladı.
Daha sonra çıxış edən HB Co. LTD şirkətinin əməkdaşı, həkim Nahidə Mahmudova, Binəqədi Rayonu Mərkəzi Mədəniyyət Evinin direktoru, Binəqədi qəsəbə ərazi ilk partiya təşkilatı Qadınlar Şurasının sədri Zivər Abbasova və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin şura üzvü Sitarə Cabbarlı Azərbaycanda qadına yüksək qiymət verildiyini, Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevanın və Fondun vitse prezidenti Leyla Əliyevanın fəaliyyətinin hər bir xanıma örnək olduğunu qeyd etdilər.
Sonra Qadınlar Şurasının yeni tərkibinin seçilməsi ilə əlaqədar məsələyə baxıldı. YAP Binəqədi Rayon Təşkilatı Qadınlar Şurasının sədri, sədr müavinləri, şuranın yeni tərkibi və İdarə Heyəti səsverməyə çıxarıldı. YAP Gənclər Birliyinin sədr müavini, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aytac Əliyeva səsvermə nəticəsində yekdilliklə Qadınlar Şurasına sədr seçildi. Eyni zamanda YAP Binəqədi Rayon Təşkilatı Qadınlar Şurasının sədr müavinləri, İdarə Heyətinin tərkibi də səsvermə ilə seçildi.
YAP Binəqədi Rayon Təşkilatı Qadınlar Şurasının yeni sədri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aytac Əliyeva göstərilən etimada görə minnətdarlığını bildirdi.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov konfrasın əhəmiyyətli bir tarixə Heydər Əliyevin anadan olmasının 91 illiyi və Heydər Əiliyev Fodunun 10 illik yubileyi ilə bir zamana təsadüf etməsinin əlamətdar bir hadisə olduğunu qeyd etdi. O, YAP Binəqədi Rayon Təşkilatı Qadınlar Şurasının yeni tərkibinin seçilməsinın vacib bir məsələ olduğunu bildirdi. Xaləddin İsgəndərov Prezident İlham Əliyevin, Milli Məclisin deputatı, birinci xanım Mehriban Əliyevanın fəaliyyətinin hər bir vətəndaşa örnək olduğunu qeyd etdi və yeni tərkibdə seçilmiş Qadınlar Şurasının üzvlərinin fəal olmalarının vacibliyini vurğuladı.
Sonda, YAP Respublika Qadınlar Şurasının konfransında Binəqədi rayonundan nümayəndələrin seçilməsi ilə əlaqədar təklif səsə qoyuldu və nümayəndələr seçildi.