Partiya xəbərləri
YAP və AK Parti sədrlərinin müavinləri arasında görüş keçirilib
Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən ikinci beynəlxalq konfransda iştirak etmək məqsədilə Azərbaycana səfərə gələn Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin Xarici əlaqələr üzrə müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Zafer Sırakayanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə dekabrın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında görüş keçirilib.
Qonaqları salamlayan YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, əsrlərin sınağından şərəflə çıxan Azərbaycan-Türkiyə münasibətləri bu gün dünyada nümunəvi xarakter daşıyır. O, ortaq milli-mənəvi dəyərlər və köklü tarixi ənənələr üzərində təşəkkül tapmış, “bir millət, iki dövlət” prinsipinə, dostluğa və qardaşlığa əsaslanan ölkələrarası əlaqələrin dövlət başçılarının iradələri əsasında keyfiyyətcə yeni mərhələyə yüksələrək uğurla inkişaf etdiyini vurğulayıb.
Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətlərinin daha geniş coğrafiyada, o cümlədən Türk dünyasında dayanıqlı təhlükəsizliyə və çoxşaxəli əməkdaşlığa xidmət etdiyini söyləyən YAP Sədrinin müavini diqqətə çatdırıb ki, Türk Dövlətləri Təşkilatının müasir beynəlxalq münasibətlər sistemində rolunun artırılması və mövqeyinin möhkəmləndirilməsi mühüm strateji hədəf kimi hər iki ölkə üçün prioritetdir.
YAP Sədrinin müavini "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən ikinci beynəlxalq konfransın önəminə diqqəti cəlb edərək bildirib ki, soydaşlarımızın öz ata-baba torpaqlarından zorla çıxarılması beynəlxalq hüquq normalarının kobudcasına pozulmasıdır. O, həmvətənlərimizin Qərbi Azərbaycana qayıdışı məsələsinin bütün Türk dünyası üçün aktual və önəmli olduğunu söyləyib, qardaş ölkənin mənəvi-siyasi dəstəyinə görə minnətdarlığını ifadə edib.
Azərbaycan-Türkiyə birliyinin güclənməsində hakim partiyalar arasında münasibətlərin roluna diqqəti cəlb edən Tahir Budaqov 2021-ci il iyunun 2-də YAP ilə AK Parti arasında Əməkdaşlıq Protokolunun və 2023-cü il noyabrın 14-də YAP, AK Parti və Şimali Kipr Türk Cümhuriyyətinin Ulusal Birlik Partiyası arasında üçtərəfli Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyətindən bəhs edərək qarşıda duran vəzifələrin bugünədək uğurla icra olunduğunu məmnunluqla vurğulayıb. “Yeni çağırışlar müasir beynəlxalq münasibətlər sisteminin nüfuzlu dövlətləri olan Azərbaycan ilə Türkiyəni daha güclü olmağa vadar edir. Bu prosesdə YAP ilə AK Partinin də üzərinə mühüm vəzifələr düşür. Qardaş ölkələrin hakim siyasi partiyaları kimi məqsədyönlü fəaliyyətimizi ardıcıl şəkildə davam etdirməklə bütün hədəflərimizi inamla reallaşdıracağımıza heç bir şübhə yoxdur”, - deyə YAP Sədrinin müavini əlavə edib.
AK Parti Sədrinin Xarici əlaqələr üzrə müavini, TBMM-in üzvü Zafer Sırakaya Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, Azərbaycan ilə Türkiyənin dost və qardaş ölkələr kimi daim bir-birinin yanında olduğunu, strateji müttəfiqlik münasibətlərindən irəli gələrək çoxşaxəli işbirliyini dərinləşdirdiyini qeyd edib.
Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsini tarixi nailiyyət kimi xarakterizə edən Zafer Sırakaya hazırkı geostrateji reallıqların yeni çağırışlar yaratdığını və ölkələrimizin birgə təşəbbüsləri ilə görülən işlər nəticəsində milli maraqlarımızın uğurla təmin edildiyini vurğulayıb.
O, “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən ikinci beynəlxalq konfransın önəminə diqqəti cəlb edərək Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı məsələsinin beynəlxalq hüququn təməl prinsiplərinə əsaslandığını bildirib. Zafer Sırakaya 51 ölkədən 100-dən çox nümayəndənin iştirak etdiyi beynəlxalq konfransın tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün çox önəmli platforma olduğunu bildirib.
AK Partinin Yeni Azərbaycan Partiyası ilə işbirliyinə böyük əhəmiyyət verdiyini xüsusi vurğulayan Z.Sırakaya qarşılıqlı səfərlər çərçivəsində keçirilən görüşlərin ikitərəfli münasibətlərin inkişafı baxımından önəminə diqqəti cəlb edib.
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım isə iki qardaş ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişafının böyük məmnunluq doğurduğunu qeyd edib. O, Azərbaycan və Türkiyənin regionda sülh, sabitlik və inkişaf tərəfdarı olduğunu vurğulayıb.
Şamil Ayrım iki ölkə arasında müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlığın genişləndirilməsində həm parlamentlər, həm də hakim partiyalar arasındakı səmərəli əlaqələrin mühüm rol oynadığını diqqətə çatdırıb.
Azərbaycanın beynəlxalq müstəvidə təşəbbüslərinin təqdirəlayiq olduğunu bildirən Şamil Ayrım ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a uğurla ev sahibliyi etdiyini xüsusi vurğulayıb. O, COP29 çərçivəsində qəbul olunan qərarların əhəmiyyətinə nəzər salaraq bu prosesi Azərbaycanın qlobal iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə müstəsna töhfəsi kimi dəyərləndirib.
Şamil Ayrım qeyd edib ki, Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdışı məsələsi beynəlxalq hüququn tələbi kimi dünya ictimaiyyətinin xüsusi diqqət mərkəzində olmalıdır: “Paytaxt Bakıda qayıdış hüququ ilə əlaqədar keçirilən beynəlxalq konfrans tarixi faktların və mövcud reallıqların dünyaya çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir”, - deyə o əlavə edib.
AK Parti Xarici Əlaqələr Departamentinin Sədr müavini İbrahim Halil Korkmaz, Beynəlxalq Demokratlar Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Cengiz Aygör və TBMM-in protokol əməkdaşı Türker Yenerin də iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.