Xəbərlər
Azərbaycan Prezidenti Zəfər Qurultayında dünya azərbaycanlıları qarşısında mühüm vəzifələr müəyyənləşdirdi
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayını Zəfər Qurultayı adlandıran cənab Prezident İlham Əliyev qurultaydakı nitqində bir çox məsələlərə toxundu. Ölkə başçısının nitqi özlüyündə Azərbaycan dövlətinin son illər ərzində gördüyü işlərin bir hesabatı olamaqla yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirən bir proqram da hesab edilə bilər. Möhtəşəm Zəfərimizdən sonra ilk dəfə məhz Şuşada toplaşan dünya azərbaycanlılarına Vətən müharibəsi zamanı xalq-ordu-Ali Baş Komandan birliyindən bəhs edən cənab Prezident vurğuladı ki, Azərbaycan öz torpaqlarını öz gücünə, Azərbaycan əsgərinin şücaəti hesabına düşmən tapdağından azad elədi. Azərbaycan xalqının heç zaman işğalla barışmaq fikri yox idi və xalq bunu məqam çatanda öz əzmi ilə düşmənə sübut etdi.
30 il işğal altında qalan ərazilərimizdə erməni vandalizmi sərhəd tanımayıb. İşğaldan azad olunmuş bütün ərazilər erməni vandalizminin canlı şahididirlər. Xalqımıza məxsus bütün tarixi-mədəni irs, bütün infrastruktur ermənilər tərəfindən vəhşicəsinə məhv edilmiş, təbii resurslar talan edilmiş, hətta azərbaycanlılara məxsus qəbirstanlıqlar belə dağıdılmışdır. Ermənilərin Şuşada bir dənə də salamat tarixi bina qoymadıqlarını, nəinki Şuşa, bütün digər şəhərlərin də eyni vəziyyətdə olduğunu, hətta xarici ekspert və jurnalistlərin Ağdamı Xirosimaya bənzətdiklərini cənab Prezident də Qurultayda bir daha vurğuladı.
Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi düşülünmüş diplomatik siyasət nəticəsində atıq Azərbaycan həqiqətləri və yaranmış yeni reallıqlar bütün qonşu ölkələr, eyni zamanda dünyanın böyük dövlətləri tərəfindən qəbul edilir. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və bütün digər aparıcı beynəlxalq təşkilatlar istər hərbi əməliyyatlar dövründə, istərsə də postmünaqişə dövründə Azərbaycanın mövqeyini dəstəkləmiş və yaranan reallıqları qəbul etmişlər. Artıq münaqişə bitib və Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyin mövcud olmasında maraqlıdır. Məhz bu səbəbdən də 30 il işğala məruz qalmasına, eləcə də bütün ağrılı məqamlara baxmayaraq bölgənin gələcəyi naminə Azərbaycan sülh gündəliyini təqdim etdi. Ölkəmiz üçün Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması məsələsi gündəlikdədir. Azərbaycanın irəli sürdüyü beş prinsipdən ibarət təklif artıq Ermənistan tərəfindən qəbul edilib. Bununla da Ermənistan rəhbərliyi rəsmən bəyan etmiş olur ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq.
Zəfər Qurultayında Azərbaycan Prezidenti dünya azərbaycanlıları qarşısında bir sıra mühüm vəzifələr də müəyyənləşdirmiş oldu. Ölkə başçısı qeyd etdi ki, hər bir azərbaycanlı yaşadığı ölkədən aslı olmayaraq Azərbaycan həqiqətlərini və yeni reallıqları dünya ictimaiyyətinin diqqətinə çatdırmalıdır. Bu mühüm işdə isə Azərbaycan hökumətinin, səfirliklərin, diaspor təşkilatlarının dəstəyindən istifadə edilməlidir. Cənab Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında tarixən Azərbaycanın və xalqımızın haqsızlıqlarla üzləşdiyini bildirərək bir çox tarixi faktları səsləndirməklə dünya ermənilyinə sübutlarla cavab vermiş oldu. XIX əsrdə, XX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi, ondan iki il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana bağışlaması, 1921-ci ildə sovet hakimiyyəti tərəfindən Qarabağın Azərbaycandan qoparmaq istəyi, 1923-cü il iyulun 7-də Azərbaycan ərazisində tamamilə əsassız Dağlıq Qarabağ Muxtar Vilayəti adlı süni bir qurumun yaradılması kimi tarixi faktların Azərbaycan Prezidenti tərəfindən səsləndirilməsi ermənilərə və onların havadarlarına ağır zərbə oldu.
İstənilən münaqişənin siyasi və digər yollarla həll edilməsində tarixi amillərin həmişə vacib amil olduğunu vurğulayan cənab Prezident İlham Əliyev tarixi faktları səsləndirməklə həm erməni iddialarının əsassız olduğunu bir daha bəyan etdi, həm də dünya erməniliyi ilə mübarizə aparmaq üçün dünya azərbaycanlılarına bir istiqamət vermiş oldu.
Azərbaycan Vətən müharibəsi günlərində hərbi əməliyyatlarda Ermənistana, informasiya müharibəsində isə erməni lobbisinə, onların himayədarlarına qalib gəldi. Xalqımız bu möhtəşəm və hərtərəfli qələbəni qoruyub saxlamalı, bu müqəddəs missiya naminə hər bir azərbaycanlı yaşadığı ölkədən aslı olamayaraq hər zaman yekdil həmrəylik nümayiş etdirməlidir.