Xəbərlər
Mixail Qusman: Dünya azərbaycanlılarının V qurultayının Şuşada keçirilməsi böyük hadisədir
Dünya azərbaycanlılarının V qurultayı kimi iri tədbirin işğaldan azad edilmiş Şuşada keçirilməsi böyük hadisədir.
Bu sözləri TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) tələbələri ilə görüşdən sonra söyləyib.
M.Qusman deyib: “Fikir verin. Dünya azərbaycanlılarının qurultayı Şuşada keçiriləcək. Biz bu hadisəni illər boyu gözləmişik, bu barədə dua etmişik. Çox yaxşı haldır ki, bu tədbir işğaldan azad edilmiş Şuşada keçirilir. Biz hamımız Azərbaycan Prezidentinin çıxışını gözləyəcəyik”.
TASS informasiya agentliyinin baş direktorunun birinci müavini MDBMİ tələbələri ilə görüşdən aldığı təəssüratları da bölüşərək vurğulayıb ki, gənclərlə görüş həmişə maraqlıdır. O deyib: “Ona görə ki, belə ünsiyyət nəticəsində təkcə onlar yox, mən özüm də müəyyən təcrübə qazanıram. Bizim gözəl gənc nəslimiz var, Bakıda çox yaxşı gənclər var. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun bizim gənc həmyerlilərimiz oxuyur, MDBMİ-nin azərbaycanlı tələbələrindən ibarət komanda fəaliyyət göstərir. Onlarla görüşməyə çox şadam. Hamısı vətənpərvər gənclərdir, hamısı öz ölkəsini sevir. Bilirəm ki, onlar universiteti bitirəndən sonra öz vətənlərinə qayıdacaq, öz ölkəsinə faydalı insanlar olacaqlar. Bizim azərbaycanlı gənclərin gözlərində bir nur var. Bu nurlu gözlər hər şeydən gözəldir”.