Xəbərlər
Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib
Varis Rüstəmov
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri
Zaman-zaman hər bir xalqın inkişafında və tərəqqisində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlər yetişir. Heç şübhəsiz, Azərbaycan xalqı da, bu baxımdan, tarixi şəxsiyyətlər yetişdirib və bu mənada ulu öndər Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Məhz xalqımız üçün göstərdiyi misilsiz xidmətlər Heydər Əliyevi ümummilli lider zirvəsinə yüksəldib. Təsadüfi deyil ki, məhz ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun artırılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan ədəbi-bədii nümunələrin hücumlardan qorunması yönündə apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib. Çünki ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır. Dil, həm də, çətin tarixi-siyasi dövrlərdə millətin varlığını sürdürməsi üçün əsas vasitədir. Dilini itirən xalq məhvə məhkumdur. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Lakin Azərbaycan dilinin yaxın keçmişdə ciddi sınaqlarla üzləşdiyini də unutmaq olmaz.
Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub. Tarix üçün o qədər də böyük olmayan, təxminən onillik bir müddətdə görkəmli dövlət xadimi həqiqətən böyük tarixi olan işləri həyata keçirib.
Birincisi, Azərbaycan dili dövlət dili olaraq Azərbaycan SSR-in müvafiq qanunlarında (xüsusilə Konstitusiyada) öz əksini tapıb, Moskvanın etirazlarına baxmayaraq, respublikada rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilib.
İkincisi, Azərbaycan dilli məktəbin, maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər Sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib.
Üçüncüsü, Azərbaycan dilində mətbuatın, elmin tərəqqisi üçün dövlət rəhbərliyi əlindən gələni edib, Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazıb, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları - “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat və incəsənət” qəzeti Azərbaycan dilində nəşr edilib.
Dördüncüsü, Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş bir ardıcıllıqla araşdırılıb, çoxcildlik “Müasir Azərbaycan dili” kitabları yaradılıb, həmin çoxcildliklərdən biri - ali məktəblər üçün “Müasir Azərbaycan dili” dərsliyi Azərbaycan Dövlət mükafatına layiq görülüb, ana dilini araşdıran alimlərin əməyi yüksək qiymətləndirilməklə, əslində ana dilinin nüfuzu bir daha təsdiq edilib.
Beşincisi, həm rəsmi, həm də qeyri-rəsmi yığıncaqlarda, məclislərdə Azərbaycan dilində danışmaqdan çəkinməyən respublika rəhbəri praktik olaraq ana dilinin ictimai-siyasi mövqeyinin yüksəlməsinə bilavasitə təsir göstərib, başqalarına nümunə olub və s.
Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dil siyasəti Onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. Ali məktəblər üçün yazılmış “Müasir Azərbaycan dili” dərsliklərinin Respublika Dövlət mükafatına layiq görülməsi, Anadilli ədəbiyyatın inkişafı üçün hər cür şəraitin yaradılması, Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği məhz bunun nəticəsi idi.
Təqdirəlayiq haldır ki, Ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz dövlət başçısının təşəbbüsü ilə baş tutdu.
Ölkə başçısı 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqət çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir”.
Beləliklə, minilliklər boyu formalaşan və bu günümüzə gəlib çatan Azərbaycan dili xalqımızın qədimliyinin simvolu, qürur mənbəyidir. Bu gün müstəqil bir dövlətimizin mövcudluğu dilimizin qorunması, dünya dilləri içərisində layiqli yer tutması baxımından vacib tarixi imkandır. Məhz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti bu sahədə əldə etdiyimiz uğurların əsasını təşkil edir.