Xəbərlər
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov VII Dünya Su Forumunda iştirak edəcək
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 12 -17 aprel tarixlərində VII Dünya Su Forumunda iştirak edəcək.
“Azərsu” ASC-dən bildiriblər ki, Koreyanın Daegu və Gyeoungju şəhərlərində keçirilməsi nəzərdə tutulan VII Dünya Su Forumunda qlobal miqyasda içməli su təchizatı, tullantı sularının idarəedilməsi, ekoloji məsələlər ətrafında müzakirələr aparılacaq.
Bildirilib ki, bir neçə gün öncə Parisdə, UNESCO-nun mənzil qərargahında VII Dünya Su Forumuna son hazırlıq iclası da keçirilib. 100-dən çox ölkədən nümayəndələrin qatıldığı iclasda Azərbaycanı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Su-kanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini Adışirin Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Hazırlıq iclası çərçivəsində “Hamı üçün su təhlükəsizliyi”, “Hamı üçün adekvat təhlükəsiz su və sanitariya”, “İnkişaf və tərəqqi üçün su”, “Dayanıqlılıq üçün su: İnsan və təbiətin harmonizasiyası”, “Mümkün icra mexanizmlərinin yaradılması”, “Elm və texnologiya” mövzularında ətraflı müzakirələr aparılıb. Həmçinin aprelin 13-də keçirilməsi nəzərdə tutulan Nazirlər Konfrasında VII Dünya Su Forumunun Layihə bəyanatı və Daegu-Gyeoungju nazirlərə tövsiyələr adlı sənədlərin hazırlanması işləri də yekunlaşdırılıb.
Qeyd edək ki, Dünya Su Forumu Dünya Su Şurası və təşkilatçı ölkənin dəstəyi ilə üç ildən bir keçirilir.