Xəbərlər
YAP daha böyük zəfərlərin siyasi istinadgahı olacaq
Düzgün siyasi hədəflər, xalqın maraqlarını əks etdirən fəaliyyət və Azərbaycan amalı partiyamızın davamlı nailiyyətlərinin əsas təməlidir
Otuz il. Zaman baxımından qısa görünən bu dövr Azərbaycanın tarixinə hansı uğur səhifələrini yazdı? Yaranmasından ötən 30 ildə sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirən Yeni Azərbaycan Partiyası cəmiyyətə özünü necə təqdim etdi? Hansı amillər YAP-ı nəinki ölkənin, hətta Cənubi Qafqazın aparıcı siyasi təşkilatına çevirdi?
Ötən 30 il partiyanın ölkədə keçirilən prezident, parlament, bələdiyyə seçkilərində bir-birindən parlaq qələbələrində nə kimi rol oynadı? Ən nəhayət, Yeni Azərbaycan Partiyasını yarandığı gündən indiyədək xalqa sevdirən, ona ümumxalq partiyası statusunu qazandıran hansı amillərdir?
Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin həyatında yeni mərhələyə yol açdı
Sözsüz ki, bu kimi sualların sayını xeyli artıra bilərik. Bu baxımdan ki fəaliyyətin əsası dövlətə, xalqa xidmətin olduğu ünvanda uğurlar da davamlı olacaq, bunlara söykənərək cavablandırılacaq suallar da.
Bu ilin payızında 30 illik yubileyini tarixi Zəfərimizin yaratdığı xoş əhvali-ruhiyyə şəraitində, Qarabağımızın cənnətməkana çevrildiyi, mədəniyyət paytaxtımız olan gözəl Şuşanın müxtəlif rəngarəng tədbirlərə evsahibliyi, uğur salnaməmizdə yeni səhifələr açacaq dövlətlərarası sənədlərin imzalanmasına şahidlik etdiyi, işğaldan azad olunmuş ərazilərimizə xarici aviauçuşların təşkil olunduğu, ölkədaxili avtobus reyslərinin açıldığı və sair nailiyyətlərimizin sevinci fonunda qeyd edəcək Yeni Azərbaycan Partiyasının uğurları çoxdur. Onun təməlində isə müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin yaradıcısı olması, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə zamanın ruhuna uyğun daha da təkmilləşməsi, yeniləşməsi, tutduğu yola sadiqliyi, sözlə əməl birliyi, monolitliyi, dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayaraq yeni-yeni hədəflərə doğru inamla irəliləməsi dayanır.
Bu gün düşmən tapdağından azad edilmiş tarixi torpaqlarımızda bərpa-quruculuq işlərinin geniş vüsət alması da Azərbaycan dövlətinin möhkəm təmələ əsaslanan siyasətinin nəticəsidir. Çünki Azərbaycan dövləti sıfırdan başladığı bu nəhəng işləri özünün maliyyə imkanları hesabına həyata keçirir. Müasir müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin yaratdığı, son 18 ildən artıq müddətdə Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi Yeni Azərbaycan Partiyasının çoxminli üzvləri 44 günlük Vətən müharibəsində necə birlik, həmrəylik göstərdilərsə, bərpa-quruculuq işlərinə də öz töhfələrini vermək üçün eyni fədakarlığı nümayiş etdirirlər. Məhz bütün bunlara görə hər zaman Azərbaycanın bugünü və gələcəyi naminə çalışan, adının ən yüksək zirvələrdə olmasına səy göstərən Yeni Azərbaycan Partiyasına milyonların sevgisi böyükdür.
Bu günün prizmasından dünənə baxarkən bu fikri böyük inamla qeyd etmək olar ki, 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Təbii ki, hər bir hadisənin baş verməsi üçün tarixi zərurət olmalıdır. Yeni Azərbaycan Partiyasının yaradılması da o illərin reallıqlarından irəli gələn, qarşısıalınmaz prosesə və tələbə çevrilən böyük ictimai-siyasi hadisə idi.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ilk illərində ölkədə yaşanan xaos, anarxiya, özbaşınalıq mühiti yaddaşlarda, o cümlədən tariximizin qaranlıq bir səhifəsi olaraq orta məktəb dərsliklərində yer almışdır. Bu fikir daim vurğulanır ki, dövlət, xalq o zaman güclü, qüdrətli olur ki, onun gələcəyini düşünən lideri olur. Təəssüf ki, Azərbaycana müstəqilliyimizin bərpasının ilk illərində bu ali keyfiyyətlərə sahib olmayan, vətəninin, xalqının gələcəyini, dövlət maraqlarını deyil, özlərinin şəxsi mənafeyini düşünən, imkanlarından qat-qat böyük ambisiyalarla yaşayan, heç bir idarəçilik qabiliyyəti, təcrübəsi olmayan şəxslərin rəhbərlik etməsi ölkəmizi uçurumun kənarına gətirib çıxarmışdı. Ölkədə xaosun, anarxiyanın, özbaşınalıqların, iqtisadi və sosial böhranın baş alıb getməsi, ərazilərimizin bir-birinin ardınca ermənilər tərəfindən işğalı, Azərbaycanın müstəqilliyini itirmək təhlükəsini yaşaması, vətəndaş qarşıdurmasının pik həddə çatması xalqın sabaha ümidini tamamilə itirmişdi. Həmin dövrü “O vaxt Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat cütlüyü xalqın inamını tamamilə itirmişdi. Onların antimilli siyasəti xalqda böyük hiddət doğururdu. Bacarıqsızlıq, qeyri-peşəkarlıq nəticəsində ölkə, demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkəmizi xaos, anarxiya bürümüşdü, qeyri-qanuni silahlı birləşmələr küçələrdə əlisilahlı gəzirdilər, insanları incidirdilər. O illərdə ölkəmizi kütləvi rüşvətxorluq bürümüşdü. Torpaqlarımızın işğal altına düşməsi, iqtisadi böhran, sənaye böhranı, hərbi böhran, demək olar ki, ölkəmizin gələcək müstəqil həyatına böyük təhlükə yaradırdı” sözləri ilə xarakterizə edən Prezident İlham Əliyev xalqa nicat yolunda bələdçilik edən Ulu Öndər Heydər Əliyevin çətin dövrlərdə xilaskarlıq missiyasını yerinə yetirməsini, Yeni Azərbaycan Partiyasının yaranmasını mühüm tarixi hadisə kimi dəyərləndirmişdi.
Çətin məqamlarda heç kimdən çəkinmədən, heç bir təhdiddən, təqibdən qorxmadan öz sözünü qətiyyətlə deyən, insanlar arasında ictimai rəyi formalaşdıran, xalqın nur çırağı olan ziyalılarımız o zaman vətəndaşlıq məsuliyyətlərini, Vətən qarşısında borclarını yerinə yetirərək xalqın böyük əksəriyyətinin arzu və istəklərini ifadə etməklə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı Ulu Öndər Heydər Əliyevə müraciət etmişdilər. Ozamankı “91-lər”in üzvü kimi bu gün böyük qürur hissi keçirirəm ki, mən də bu proseslərin iştirakçıları sırasında olmuş, Azərbaycanımızın həyatında dönüş nöqtəsi kimi dəyərləndirilən Yeni Azərbaycan Partiyasının yaradılmasında fəal iştirak etmişəm. Tarixə qızıl hərflərlə yazılan Ulu Öndər Heydər Əliyevə ünvanlanmış “Azərbaycan Sizin yolunuzu gözləyir!” müraciətinin müəllifi olan “91-lər”in arasında olmaq mənim üçün böyük xoşbəxtlik və qürurdur. Bu reallıq hər zaman böyük minnətdarlıq hissi və fəxrlə qeyd edilir ki, “91-lər”in Ulu Öndərə müraciəti müstəqilliyimizin əbədiliyinin təmin edilməsində əhəmiyyətli rol oynadı.
Ulu Öndər müstəqilliyimizin qorunması üçün görüləcək işlərin təsnifatını ardıcıllıqla müəyyənləşdirmişdi: Azərbaycanın müharibə vəziyyətindən çıxması, sosial-iqtisadi böhranın aradan qaldırılması, biliyi, bacarığı, təcrübəsi olanların dövlət işlərinə cəlb edilməsi, qanunun aliliyinin təmin olunması, respublikanı məhvə sürükləyən zərərli meyillərin qarşısının alınması vacib vəzifə kimi qarşıya qoyulmuşdu. Bu kimi taleyüklü məsələlərin həlli isə təbii ki, yalnız xalqı öz ətrafında birləşdirəcək, insanların sabaha inamını gücləndirəcək vahid siyasi təşkilatın yaradılması ilə mümkün idi. Beləcə müraciətdə irəli sürülən Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsü reallaşdı. Ümummilli Liderin “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur” sözləri Azərbaycan xalqı üçün ümid yeri oldu.
Bu gün Yeni Azərbaycan Partiyası nəinki sıralarında birləşən 800 minə yaxın üzvünün, ümumiyyətlə, xalqın böyük əksəriyyətinin üz tutduğu ən etibarlı ünvan, insanların güvənc yeridir. Fəaliyyəti, ideyaları, apardığı siyasət, uzunmüddətli, dayanıqlı inkişaf konsepsiyası ilə ictimaiyyətin böyük dəstəyini qazanan Yeni Azərbaycan Partiyasının xalqla birliyi sayəsində dövlətçiliyimizin əsasları möhkəmləndirildi. İnsanlarda vahid milli ideologiya, azərbaycançılıq təfəkkürü formalaşdı. Beynəlxalq səviyyədə aparılan uğurlu siyasət nəticəsində artıq tarixə çevrilən və 30 il Azərbaycan xalqı üçün həlli müşkül problem olan Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, ölkəmizin dünəni və bugünü ilə bağlı əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı.
Hər bir ölkənin dünyaya təqdimatında, beynəlxalq əlaqələrinin inkişafında hakim partiyaların rolu inkaredilməzdir. Daim fəaliyyətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verən Yeni Azərbaycan Partiyası bu əlaqələrin inkişafına öz töhfələrini gündən-günə artırır. YAP-ın təşəbbüsü ilə keçirilən tədbirlər Azərbaycan reallıqlarının təbliğində əhəmiyyətli rol oynayır, qarşılıqlı səfərlər çərçivəsində imzalanan sənədlər ölkələr arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanmasına böyük dəstək olur.
Partiyamızın fəaliyyət istiqamətlərinə və prinsiplərinə diqqət yetirdikdə onun 30 ildə Azərbaycanın bugünü və gələcəyi naminə gördüyü işlərin aydın mənzərəsi göz önündə canlanır. Müstəqilliyimizin bərpasının ilk illərində ölkə iqtisadiyyatının inkişafı üçün xarici sərmayənin cəlb edilməsi əsas şərt idi. O dövrdə məhz Ulu Öndər Heydər Əliyevin nüfuzu sayəsində Azərbaycanın iqtisadi inkişafını şərtləndirən və çoxlarına möcüzə kimi görünən “Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycanın gələcək iqtisadi inkişafının təməli qoyuldu.
Bu, artıq real həyatda öz təsdiqini tapmış gerçəklikdir ki, möhkəm təməl bütün uğurların əsasıdır. Məhz bu reallığa əsaslanaraq əminliklə deyə bilərik ki, əgər Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün müstəqil və qüdrətli Azərbaycan adlı dövlətin varlığından söhbət gedə bilməzdi. Məhz Ulu Öndərin müasir müstəqil Azərbaycan dövlətinin sükanı arxasında dayandığı 1993-2003-cü illərdə yaradılan möhkəm təməl 2003-cü ildən başlanan Böyük Yolun uğurlu davamını şərtləndirdi. Bu gün Azərbaycanı dünyanın qüdrətli dövlətləri sırasına çıxaran, islahatçı ölkə kimi tanıdan Prezident, YAP-ın Sədri İlham Əliyevin vurğuladığı kimi, Ulu Öndər Heydər Əliyevin irsinə sadiq qalan, dünya siyasətinə təsir imkanları genişlənən Azərbaycan bütün istiqamətlər üzrə konseptual yanaşma və proqramlar əsasında çox böyük tarixi uğurlara imza atır, beynəlxalq aləmdə böyük nüfuz, rəğbət və dəstək qazanır. Qlobal enerji, nəqliyyat layihələrinin təşəbbüskarı kimi dünyada mövqeyi möhkəmlənən, özünə güvənən, daxili resurslardan səmərəli istifadə edən, hərbi-texniki qüdrəti ilə diqqət çəkən Azərbaycan bu gün müasir ənənələrə bağlı olan güclü dünyəvi dövlət kimi bütün dünyada nüfuz qazanıb. Azərbaycanın müstəqilliyinin daimiliyi, sarsılmazlığı təmin edilib. Davamlı inkişafda rolu və payı olan YAP-ın hər bir üzvü bu nailiyyətlərin qazanılmasına töhfələr verir.
Yeni Azərbaycan Partiyasına rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil
Müxalifət partiyası kimi yaranan YAP 1993-cü ildə partiyanın Sədri, Ulu Öndər Heydər Əliyevin xalqın yekdil səsi ilə Prezident seçilməsi, eyni zamanda 1995-ci ildə keçirilən parlament seçkilərində qələbə qazanması ilə iqtidar partiyasına çevrildi. O vaxtdan bugünədək keçirilmiş bütün prezident, parlament, bələdiyyə seçkilərində böyük səs çoxluğu ilə qalib gələn YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası bütün seçkilərdə qalib gəlməsi ilə tarixə adını qələbələr partiyası kimi də yazıb. Hər bir seçki partiyanın həyatında bu baxımdan diqqətçəkən olur ki, YAP-a xalqın inamı və etimadı ildən-ilə artır. Bu da Yeni Azərbaycan Partiyasının daim yeni hədəflərə doğru inamla irəliləməsi, “Güclü dövlət, yüksək rifah!” prinsipini fəaliyyətinin önündə saxlaması, xalqın arzu və istəklərini həyata keçirməsi qəbul etdiyi qərarların, irəli sürdüyü təşəbbüslərin hər birinin bugünümüzə və gələcəyimizə hesablanması sayəsində mümkün olur. İlk dəfə seçkilərə “Yeni, müstəqil Azərbaycan uğrunda!” şüarı ilə qatılan Yeni Azərbaycan Partiyasının illər keçdikcə dəyişən şüarları təbii ki, dövrün, zamanın tələbləri ilə yanaşı, Azərbaycanın qazandığı uğurlara söykənir. Odur ki, son seçkilər “Yeni hədəflərə doğru İlhamla irəli!” çağırışına əsaslanır.
Əvvəldə də qeyd etdiyim kimi, Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdanda Azərbaycan çox ağır durumda idi. Ulu Öndərin qayıdışı Azərbaycanı azərbaycanlılara, azərbaycanlıları isə özünə qaytardı. Azərbaycanın dövlətçilik tarixində 1993-2003-cü illər sabitlik, inkişaf illəri olmuşdur. Ulu Öndər Heydər Əliyev özünün müdrik, titanik fəaliyyəti ilə bir daha sübut etdi ki, ən ağır, böhranlı vəziyyətdən belə çıxış yolu var. Bu çıxış yolu qətiyyət, cəsarət, müstəqil siyasət və düşünülmüş addımlardır.
Azərbaycanın qurucusu olduğunu ölkəmizə rəhbərliyinin hər iki dövründə əməli fəaliyyəti ilə nümayiş etdirən, xalqın milli məfkurə və təfəkkürünü inkişaf etdirməklə ən böyük azərbaycanlı olduğunu sübuta yetirən, dünyanın bütün ölkələrinə səpələnmiş soydaşlarımızı vahid azərbaycançılıq məfkurəsi ətrafında təşkilatlandıran, xalqı cəmiyyətin siyasi sistemində aparıcı qüvvə, möhtəşəm siyasi güc mərkəzi kimi birləşdirən Ulu Öndər özünün şəxsi nümunəsi ilə bir daha təsdiqlədi ki, mənalı həyatını xalqına həsr etmiş tarixi şəxsiyyətdir. Düşünülmüş və məqsədyönlü siyasəti ilə yeni Azərbaycan yaradan Ümummilli Lider ölkəmizi qısa zamanda sabitlik diyarına çevirdi. Bildirdi ki, əgər ölkədə ictimai-siyasi sabitlik olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsi imzalandı. Bu mühüm addım Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və davamlı inkişafının əsasını qoydu. Ümummilli Lider dünya təcrübəsinə istinadən bildirirdi ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. “Əsrin müqaviləsi” Azərbaycanın bugününə və sabahına inamı artırdı. Yeni-yeni sazişlər, anlaşma memorandumları imzalandı, Azərbaycanın malik olduğu resurslardan səmərəli istifadə etmək imkanları genişləndi.
Ümummilli Lider Azərbaycanın beynəlxalq aləmdə təqdimatını apardı, onun uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin imzası imzalar arasında göründü. Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində bu gün Azərbaycan dünyanın ən mötəbər nüfuzlu beynəlxalq təşkilatlarında - BMT-də, ATƏT-də, AŞ PA-da, İƏT-də, Qoşulmama Hərəkatında tamhüquqlu üzv kimi təmsil olunur, NATO-nun, Avropa Birliyinin proqramlarında iştirak edir. İndi elə bir qlobal məsələ yoxdur ki, orada Azərbaycanın mövqeyi nəzərə alınmasın. Ölkəmizin Şərqlə Qərb arasında körpü olmasının, enerji-nəqliyyat mərkəzi kimi maraq doğurmasının, sivilizasiyaların qovuşduğu məkana çevrilməsinin əsasında da Ulu Öndərin hər zaman üçün aktual olan ideyaları durur.
Azərbaycanda aparılan demokratik islahatlar əsasında inkişaf edən Yeni Azərbaycan Partiyasının genişlənən beynəlxalq əlaqələri də göstərir ki, Ulu Öndərin ideyaları əsasında mütərəqqi təşkilat kimi özünü doğruldan YAP dünənin, bugünün, sabahın partiyası adını şərəflə doğruldur. Vətəninə bağlı insanların birləşdiyi partiyanın regionda artan nüfuzu Azərbaycanın siyasi, iqtisadi inkişafının, ölkədəki milli birliyin və həmrəyliyin nəticəsidir. Məhz bu uğurlara söykənərək əvvəldə qeyd etdiyimiz kimi, Yeni Azərbaycan Partiyası istər 1993-2003, istərsə də 2003-2022-ci ilə qədərki dövrdə ölkədə keçirilən bütün seçkilərə yeni şüarlarla qatılaraq respublikamızın sonrakı inkişafının prioritetlərini açıqladı.
Dövlət başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında müstəqilliyimizin bərpasının ilk illərində yaşananların təhlili fonunda bildirmişdir ki, əlbəttə ki, o dövrü düzgün təhlil edərkən biz gələcəkdə də özümüzü hər hansı bir risklərdən sığortalamış olarıq. O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. “Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq” söyləyən ölkə Prezidenti onu da əlavə etmişdir ki, 1993-2003-cü illər həlledici illər olmuşdur. Məhz o illərdə dövlətçiliyin əsasları qoyuldu. 20 Yanvar faciəsinə siyasi qiymət verilmişdir. Nə üçün Xalq Cəbhəsi-Müsavat cütlüyü 20 Yanvar faciəsinə siyasi qiymət verməmişdir? Çünki onların da əli Azərbaycan xalqının qanına batmışdır. Onlar da 20 Yanvar faciəsini ört-basdır etmək istəyirdilər. Yalnız Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi qiymət verdi. Konstitusiya yalnız Heydər Əliyevin dövründə qəbul edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Azərbaycan beynəlxalq təcriddən çıxdı. Ölkəmizə böyük investisiyalar cəlb edildi. Ordu quruculuğuna start verildi. Kadrların yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı. O kadrlar ki, bu gün də ölkəmizin müxtəlif sahələrinin inkişafına öz töhfələrini verirlər.
Təbii ki, bu inkişafa, tərəqqiyə gətirib çıxaran siyasətə inam xalqın 2003-cü ildə Heydər Əliyev siyasətinə səs verməsində də öz aydın ifadəsini tapdı. Seçkilərdən öncə 1 oktyabr 2003-cü il tarixdə xalqa müraciətində Ümummilli Lider bildirmişdi ki, üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Göründüyü kimi, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcək taleyini düşünərək növbəti inamın və etimadın ünvanlarını göstərmişdir: Cənab İlham Əliyev və milyonların partiyası olan Yeni Azərbaycan Partiyası. Cənab İlham Əliyevin 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi Heydər Əliyev siyasətinin təntənəsi, onun yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının qələbəsi idi. Ulu Öndərin partiyanın yarandığı gündən onu dünənin, bugünün və gələcəyin partiyası kimi təqdim etməsi, “Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir” çağırışını etməsi YAP-ın gələcəyinə inamdan irəli gəlirdi. Heç bir qüvvənin Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq imkanında olmaması fikri hələ o dövrlərdə səslənmişdi. Çünki əvvəldə də qeyd etdiyimiz kimi, müxalifət partiyası kimi yaranan Yeni Azərbaycan Partiyası dövlətinə, xalqına müxalifətdə olmadı, daim Azərbaycanın inkişafına, tərəqqisinə çalışdı. Partiyanın yaradıcısı və qurucusu olan Ümummilli Lider Heydər Əliyev təşkilatın formalaşması üçün elə mükəmməl və əbədiyaşar prinsiplər müəyyənləşdirmişdir ki, bu göstəricilərdə partiya üzvlərinin və bütünlükdə xalqın partiyamıza, ölkəmizin gələcəyinə bəslədiyi bütün ümidlər öz ifadəsini tapır. Xilaskar bir siyasi təşkilat kimi fəaliyyətə başlayan Yeni Azərbaycan Partiyası ona bəslənilən ümidləri həmişə doğruldub. Heydər Əliyev ideyalarının əsasında fəaliyyət göstərən YAP milli birlik, həmrəylik prinsiplərini əsas tutaraq yeni müasir Azərbaycan naminə fəaliyyət istiqamətlərini genişləndirdi. Ölkəmiz məhz bu prinsip və ideyalar əsasında inkişaf etdirilir. Bu ideyaların dəstəklənməsinin ən bariz nümunəsi isə Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin yetirməsi olan cənab İlham Əliyevin son 18 ildən artıq dövrdə ölkədə keçirilən prezident seçkilərində qələbəsini təkrarlamasıdır. Xalqın öz Prezidentinə sevgisi sonsuzdur.
Yeni Azərbaycan Partiyasının sıralarında birləşən 800 minə yaxın üzvün böyük əksəriyyətini, təxminən 40 faizini gənclər təşkil edir. YAP hər bir gənc üçün siyasi təkmilləşmə məktəbidir. Gənclərin maraqlarına uyğun fəaliyyət proqramının həyata keçirilməsi üçün partiya böyük potensiala və imkanlara malikdir. Həyata keçirilən bütün islahatların mərkəzində bu prinsiplər dayanır: Azərbaycanı inkişaf etdirmək, müasirləşdirmək və modernləşdirmək. Bu siyasəti yalnız gələcəyimiz olan gənclərin birgə iştirakı, birliyi və həmrəyliyi ilə həyata keçirə bilərik.
Yeni Azərbaycan Partiyası cəmiyyətin avanqard qüvvəsi kimi yerini və rolunu möhkəmləndirir. Partiya zəngin seçki təcrübəsinə malikdir. Hər bir seçki əvvəlki seçkilərdən daha demokratikliyi, şəffaflığı, beynəlxalq standartlara uyğun təşkil olunması ilə diqqət çəkir. Seçki Məcəlləsində zamanın, dövrün tələblərinə uyğun təkmilləşmələrin həyata keçirilməsi də ölkəmizdə seçki kampaniyalarının gedişinin təqdir olunmasında əhəmiyyətli rol oynayır.
Yeni Azərbaycan Partiyası dəyərli təşəbbüsləri ilə də cəmiyyət tərəfindən alqışlanır. Belə ki, partiya 2019-cu ilin sonlarında ölkədə geniş vüsət alan islahatlar prosesinin parlamentdə də öz əksini tapması üçün Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüs ölkə ictimaiyyəti tərəfindən böyük dəstək qazanaraq müəyyən prosedur qaydalarının həyata keçirilməsindən sonra dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında 2020-ci il fevral ayının 9-da ölkəmizdə növbədənkənar parlament seçkiləri keçirildi.
YAP-ın belə təşəbbüsləri çoxsaylıdır. Partiya həmçinin Milli Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi üçün ümumxalq səsverməsinin keçirilməsi təşəbbüsünü də irəli sürərək xalqın dəstəyini qazanmışdır. Hər xoşniyyətli təşəbbüs böyük yenilik olmaqla yanaşı, inkişafa, tərəqqiyə doğru atılan mühüm addımlardandır. Yeni Azərbaycan Partiyası həqiqətən də dünənin, bugünün və gələcəyin partiyasıdır.
Yeni Azərbaycan Partiyası yeni dövrün çağırışlarını necə cavablandırır?
Yeni Azərbaycan Partiyasının cəmiyyətdə nüfuzunun artmasında, nəinki ölkənin, hətta Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatına çevrilməsində partiyanın qəbul etdiyi qərarlar da əhəmiyyətli rol oynayır. Bu baxımdan qeyd edə bilərik ki, ötən 30 ildə YAP-ın qurultaylarında (1999, 2001, 2005, 2008, 2013, 2018 və 2021) qəbul edilən tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsində mühüm rol oynadı. 1999-cu ildə keçirilmiş qurultaydan sonra Yeni Azərbaycan Partiyasının inkişafında mühüm bir səhifə açıldı. Partiyanın rəhbərliyində o dövrdə Azərbaycan gənclərinin lideri kimi cənab İlham Əliyevin təmsil olunması bu siyasi qurumun gələcək uğurlarına böyük stimul verdi. Məhz 1999-cu ildə keçirilən birinci qurultayda o zaman ARDNŞ-in birinci vitse-prezidenti olan cənab İlham Əliyev partiyanın rəhbər strukturuna seçildi. Bu, YAP-ın inkişafında yeni mərhələnin başlanğıcı oldu. Cənab İlham Əliyevin YAP rəhbərliyində təmsilçiliyindən sonra gənclərə öz potensial imkanlarını ortaya qoymaq üçün bütün şəraitlərin yaradılması çox qısa zamanda onların partiya sıralarına sürətli axınını təmin etdi. 2005-ci ildə keçirilən YAP-ın III qurultayında isə ölkə Prezidenti, YAP Sədrinin birinci müavini İlham Əliyevin partiyanın Sədri seçilməsi ilə Yeni Azərbaycan Partiyasının həyatında yeni dövr başladı. Bu mühüm məqamı da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva partiyanın 2013-cü ildə keçirilmiş V qurultayında YAP Sədrinin müavini, 2021-ci il mart ayının 5-də keçirilən VII qurultayında isə YAP Sədrinin birinci müavini təyin olundu. Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində görülən işlərin, atılan uğurlu addımların nəticələri yalnız Azərbaycanın deyil, eyni zamanda Yeni Azərbaycan Partiyasının həyatında da özünü aydın şəkildə göstərir. Yeni Azərbaycan Partiyası yeniliklərə, təkmilləşməyə açıq partiyadır.
Yeni Azərbaycan Partiyasının VII qurultayı tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar fonunda keçirildi. Azərbaycanın Vətən müharibəsində şanlı Qələbəsindən geniş bəhs edən dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qarşıda dayanan vəzifələri açıqladı. Dövlət başçısının proqram xarakterli, müasir dövrün, 44 günlük İkinci Qarabağ müharibəsində Qələbimizin yaratdığı yeni reallıqları özündə əks etdirən nitqi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi. Əminliklə ifadə edildi ki, partiyanın 30 illik yubileyi yüksək səviyyədə qeyd ediləcək. Partiya yeniləşmiş formatda daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcək: “Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın. Mən buna şübhə etmirəm”.
Partiyanın VII qurultayında yeni tərkib formalaşdı. Veteranlar Şurası yaradıldı. Gənclərin dinamizmi ilə yaşlı nəslin təcrübəsi arasında vəhdətin yaradılması qarşıya mühüm vəzifə kimi qoyuldu. Partiyanın yeni Nizamnaməsi qəbul olundu. Yeni Azərbaycan Partiyası İdarə Heyətinin Bakı şəhəri, eyni zamanda digər şəhər və rayonlar üzrə keçirilən iclasında şəhər və rayon təşkilatlarının yeni sədrləri ictimaiyyətə təqdim edildi.
Bu gün partiyanın hər bir şəhər və rayon təşkilatı işini YAP-ın yeni Nizamnaməsi əsasında quraraq qarşıda dayanan vəzifələrin icrasına öz töhfələrini verməyə çalışır. Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri kimi mən də üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışıram. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyanın üzvü olmaq nə qədər böyük şərəfdirsə, onun rayon təşkilatına rəhbərlik etmək bir o qədər qürurlu və məsuliyyətlidir.
Yeni Azərbaycan Partiyasının VII qurultayından ötən bir ilə yaxın dövr həm ölkəmizin, həm də partiyamızın həyatında mühüm uğurlarla yadda qalıb. Yeni hədəflərə doğru inamla addımlayan Yeni Azərbaycan Partiyasının hər bir üzvü hazırkı dövrün ən mühüm hədəfi olan soydaşlarımızın Qarabağa və Şərqi Zəngəzura böyük Qayıdışının tezliklə reallığa çevrilməsinə öz dəstəyini göstərməyə hazırdır.
“Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik”
Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin VII qurultayda səsləndirdiyi bu çağırış partiyanın fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrildi. Elə ilk addım qurultayın gedişində atıldı. Belə ki, 6 siyasi partiya öz müraciətləri əsasında Yeni Azərbaycan Partiyasına qoşuldu.
Azərbaycanda hər zaman siyasi dialoq mühiti mövcuddur. Hakimiyyət siyasi partiyaların bir araya gəlməsi, dövlətimizin, xalqımızın gələcəyi naminə birlik nümayiş etdirməsi üçün zəruri olan bütün addımları atır. 44 günlük İkinci Qarabağ müharibəsi bu birliyin, həmrəyliyin təqdimatı oldu. Vətən müharibəsində 50-dən artıq siyasi partiya ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə dəstəklərini qəbul etdikləri birgə bəyanatla təsdiqlədilər.
Dövlət başçısının hər zaman vurğuladığı kimi, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. Ölkə Prezidenti qurultayda partiya üzvlərinə çağırış etdi: “Yeni Azərbaycan Partiyasının nümayəndələrini də, üzvlərini də buna fikir verməyə çağırıram ki, bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur”.
Reallıq budur ki, YAP ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir. Partiyanın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Bu əminliyə əsas verən 30 illik yol və bu yolun uğurlarına söykənərək müəyyənləşdirilən hədəflərdir.
Vüqar Rəhimzadə,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru