Xəbərlər
Azərbaycan dünya miqyasında bütün enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdən birinə çevrilib
“Sirr deyil ki, müstəqilliyimizin ilk illərində ölkəmizdə enerji sahəsində çatışmazlıqlar mövcud olub. Həmin dövrdə hakimiyyətdə olmuş AXC-Müsavat cütlüyü nəinki enerji sektorunun, heç bölgələrin inkişafına belə diqqət ayırmırdı. Bu səbəbdən də respublikanın əksər bölgələrində elektrik enerjisi, mavi yanacaq çatışmazlığı qabarıq şəkildə müşahidə edilirdi. Mövcud olan stansiyalar yararsız vəziyyətdə idi, yeni stansiyaların tikilməsinə vəsait yox idi, hətta Azərbaycan elektrik enerjisini Rusiyadan idxal edirdi. Lakin ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra həyata keçirilən işlər, 2003-cü ildən isə eyni siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan dünya miqyasında bütün enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdən birinə çevrildi. Hazırda Azərbaycanın bütün yaşayış məntəqələrində nəinki elektrik var, qazlaşma da 96 faizdən çoxdur, hətta bu enerji komponentləri üzrə ölkəmiz qabaqcıl ixracatçı ölkəyə çevrilib”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
R.Vəlibəyov bildirib ki, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramı” və “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər” haqqında Sərəncamları energetikanın müasir inkişaf mərhələsində yeni eranın başlanğıcını qoyub: “Son 13 ildə 3 min MVt-dan yuxarı gücdə 16 elektrik stansiyasının istifadəyə verilib, stansiyaların ümumi sayı 33-ə, ümumi generasiya gücü isə 7516 meqavata çatdırılıb. Hətta, bu gün Azərbaycanın Rusiya, Gürcüstan, İran və Türkiyə ilə elektroenergetika sahəsində əlaqələri mövcuddur və həmin ölkələrlə elektrik enerjisinin idxal-ixrac prosesi həyata keçirilir. Elə ötən il 4 qonşu ölkəyə 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac edilib. Ümumilikdə isə 2021-ci ildə Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib. Bu faktlar da bir daha təsdiqləyir ki, Azərbaycan çox ciddi elektrik enerjisi ixrac edən ölkəyə çevrilib. Eyni zamanda, heç şübhəsiz ki, Azərbaycan enerji idxal edən ölkədən enerji ixrac edən ölkəyə çevrilməsi energetika sənayesində həyata keçirilən iqtisadi siyasətin bariz nəticələridir”.
“Azərbaycan ən qısa zaman kəsiyində nəhəng elektroenerji layihələrinin icra olunması həm dövlətimizin gücünü, həm də bu sahədə həyata keçirilən siyasətin praqmatikliyini isbatlayır”, – deyən rayon təşkilatının sədri əlavə edib ki, gücü 750 meqavat olan Yaşma yarımstansiyanın və 385 meqavat gücündə olan “Qobu” Elektrik Stansiyasının istifadəyə verilməsi söylənilən fikirlərin əyani sübutlarıdır. Çünki “Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biridir: “Onu da vurğulamaq yerinə düşər ki, hazırda Azərbaycan həm qonşu, həm də Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Təsadüfi də deyil ki, Azərbaycan bütün qonşu ölkələrə həm xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları, həm də elektrik enerjisini ixrac edən nadir ölkələrdəndir. Odur ki, bu gün Azərbaycanın icra etdiyi enerji layihələri iqtisadi, hətta geosiyasi əhəmiyyətə malikdirlər. Çünki Azərbaycan bundan sonra təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacaq”.