Xəbərlər
Tahir Budaqov: Yeni Azərbaycan Partiyası üzvlərinin qeydiyyatının dəqiqləşdirilməsi üçün indiyədək xeyli işlər görülüb
“Təşkilatlanma prosesi partiyamızda müxtəlif istiqamətlər üzrə aparılır. Burada ilk növbədə partiyanın Sədri tərəfindən müəyyən edilmiş yeni yanaşmalar əsasında çıxış edərək YAP-ın fəaliyyətinin institusional əsaslarının, normativ hüquqi bazasının formalaşdırılması istiqamətində işlər görülüb”. Bu fikirləri YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.
Tahir Budaqov bildirib ki, Yeni Azərbaycan Partiyasında uçot sisteminin, partiya üzvlərinin qeydiyyatının dəqiqləşdirilməsi üçün xeyli işlər görülüb. Bu işlər bu gün də davam edir. Onun sözlərinə görə, partiyada bütün üzvlərin fərdi uçot sisteminin ən müasir tələblər səviyyəsində, informasiya-kommunikasiya texnologiyalarının bugünkü inkişaf mərhələsinə uyğun qurulmasına nail olunacaq.
YAP-ın yeni Proqramının da qəbul edildiyini xatırladan Mərkəzi Aparatın rəhbəri diqqətə çatdırıb ki, proqram məhz böyük Zəfərdən sonra ölkəmizin, xalqımızın qarşısında dayanan ən ümdə vəzifələrin bundan sonra həyata keçirilməsi istiqamətində partiyanın fəaliyyətini tənzimləyən bir sənəddir.
“Bütün bu işlərlə yanaşı təşkilatlanma işləri də həyata keçirilib. Ötən ilin sentyabr ayında partiyanın Bakı şəhəri üzrə, bu il yanvarın 28-də isə digər rayon və şəhər təşkilatlarımıza sədrlər təyin olunub. Bu barədə İdarə Heyəti tərəfindən müvafiq qərarlar qəbul edilib. Artıq fevral ayının 1-dən YAP-ın yerli təşkilatlarının sədrləri rəsmi qaydada fəaliyyətə başlayıblar. Bundan sonra onlar fəaliyyət göstərdikləri şəhər və rayonlarda mövcud vəziyyəti dərindən təhlil etməlidirlər. Bu, qarşıya qoyulan vəzifələrdən biridir. Qısa zamanda hər bir şəhər və rayonda təşkilatlanma işinin daha çevik və müasir tələblərə, partiyanın Sədrinin qarşıya qoyduğu vəzifələrə uyğun qurulması üçün onlar öz təkliflərini təqdim edəcəklər”,-deyə YAP Sədrinin müavini vurğulayıb.