YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

VIII Qurultay: şərəfli tarix və yeni hədəflər

Ayaz Quliyev

YAP Xızı rayon təşkilatının sədri

2026-cı il oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayının keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi tarixə düşdü. Qurultay Azərbaycan dövlətçiliyinin inkişafında, ölkənin ictimai-siyasi həyatında və Yeni Azərbaycan Partiyasının fəaliyyətində yeni mərhələyə keçid oldu. Xüsusilə diqqətçəkən məqam ondan ibarət idi ki, VIII Qurultay Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra keçirilən ilk qurultay oldu.

Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin çıxışı Azərbaycanın son illərdə keçdiyi tarixi yolun geniş mənzərəsini ortaya qoymaqla yanaşı, qarşıda duran strateji vəzifələri də aydın şəkildə müəyyənləşdirdi. Dövlət başçısı ilk olaraq Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı roluna toxunaraq qeyd etdi ki, partiyanın fəaliyyəti, qəbul etdiyi qərarlar və həyata keçirdiyi siyasi xətt yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün böyük əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri Azərbaycanın Zəfərə aparan yolunun ardıcıl dövlətçilik siyasəti ilə bağlılığıdır. Bu kontekstdə Yeni Azərbaycan Partiyasının 1992-ci ildə təsis olunması və Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi baxımından tarixi dönüş mərhələsi kimi qiymətləndirilir. Ulu Öndərin siyasi irsinin əsasını təşkil edən müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli maraqlara əsaslanan xarici siyasət prinsiplərinin sonrakı dövrdə davam etdirilməsi Azərbaycanın inkişaf modelinin əsas istiqamətlərindən birinə çevrilib. 30 ildən artıq müddətdə iqtidarda olan YAP Azərbaycanın uğurlu və şərəfli inkişaf yolunda mühüm rol oynayıb.

Dövlət başçısının çıxışında xüsusi diqqətyetirdiyi məsələlərdən biri 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qarşısında duran tarixi missiya idi. Prezidentin “Bizim şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi” fikri həmin dövrdə həyata keçirilən məqsədyönlü siyasətin mahiyyətini ifadə edir. Azərbaycan 2020-ci il Zəfərindən sonra əldə etdiyi nəticələrlə kifayətlənmədi və qarşıya qoyduğu strateji məqsədə – ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına doğru ardıcıl şəkildə irəlilədi və buna nail oldu.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın iqtisadi potensialının artırılması, enerji və nəqliyyat layihələrinin genişləndirilməsi gələcək inkişafın mühüm istiqamətləri olduğunu bildirdi. Xüsusilə Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi ölkəmizin yalnız siyasi və hərbi deyil, iqtisadi və geostrateji əhəmiyyətini də artırır. Bu istiqamətdə qarşıya qoyulan hədəflər Azərbaycanın gələcək illərdə regional nəqliyyat mərkəzlərindən birinə çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

VIII Qurultayda diqqət yetirilən əsas məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış proqramıdır. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işlərinin aparılması, yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması Azərbaycanın Zəfərdən sonrakı dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu proses təkcə ərazilərin fiziki bərpası deyil, həm də həmin torpaqlarda həyatın, sosial və iqtisadi fəallığın yenidən qurulması deməkdir. Bu gün artıq Qarabağ və Şərqi Zəngəzurda on minlərlə insan yaşayır, çalışır və təhsil alır, Böyük Qayıdış proqramı sürətlə və uğurla icra olunur.

Qurultayda Prezident İlham Əliyevin YAP Fəallarına və bütün partiya üzvlərinə ünvanladığı əsas mesajlardan biri də ölkəmizin qarşısında suran tarixi vəzifələrin həyata keçirilməsində onların fəal iştirak etmələri ilə bağlı oldu. Bu baxımdan VIII Qurultay yalnız görülmüş işlərin hesabatı deyil, həm də Yeni Azərbaycan Partiyasının qarşıdakı dövrdə fəaliyyət istiqamətlərini müəyyən edən mühüm siyasi platforma kimi qiymətləndirilməlidir.

Bu gün Azərbaycanın qarşısında duran əsas məqsəd əldə olunmuş tarixi Zəfəri dayanıqlı inkişaf, güclü dövlətçilik, milli həmrəylik və sosial rifahla daha da möhkəmləndirməkdir. VIII Qurultayda səslənən fikirlər də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Zəfərlə yazdığı yeni tarix artıq quruculuq, inkişaf, sülh və tərəqqi mərhələsi ilə davam edir.