Xəbərlər
Malik Həsənov: 10 noyabr Bəyanatı Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqidir
“Bir il bundan əvvəl, 10 noyabr 2020-ci il tarixdə imzalanan üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın isə kapitulyasiyasının təqdimatı oldu. Bu sənədin imzalanmasını şərtləndirən amillər məlumdur. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin qətiyyətini, ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini bir daha dünyaya nümayiş etdirdi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tariximizin ən şanlı səhifəsini yazan Azərbaycan ordusu dünyanın aparıcı dövlətlərinin, nüfuzlu təşkilatlarının 28 ildə edə bilmədiklərini 44 gündə etdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edən Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, işğala son qoydu. 8 noyabr 2020-ci ildə Qarabağın tacı, Azərbaycanın döyünən urəyi Şuşamızın işğaldan azad edilməsindən sonra işğalçı Ermənistan məğlubiyyətini dərk etdi, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktını imzalamağa məcbur oldu. O da məlumdur ki, noyabrın 9-da 71 yaşayış məntəqəsi, bir qəsəbə, 8 strateji yüksəklik işğaldan azad edildi. Döyüş meydanında, eyni zamanda, informasiya cəbhəsində Azərbaycanın üstünlüyü Ermənistana və ona havadarlıq edən dövlətlərə aydın idi. 9 bənddən ibarət üçtərəfli razılaşmanın imzalanması Azərbaycanın tarixi Qələbəsi oldu.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Malik Həsənov qeyd edib ki, üçtərəfli Bəyanatın imzalanmasının ildönümündə müharibə, həmçinin postmünaqişə dövrünün reallıqları təhlil olunur, perspektivlərə işıq salınır: “Azərbaycan qalib ölkə kimi qürurludur. İşğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Bir ildir torpaqlarımız öz sahibindədir, sevincli günlər yaşayırıq. Tarixi Zəfərimizin, həmçinin Şuşamızın işğaldan azad edilməsinin birinci ildönümü mədəniyyət paytaxtımızda böyük coşqu ilə qeyd edildi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfərləri, səfər çərçivəsində bir sıra obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirakları, Cıdır düzündə Zəfər Günümüzün atəşfəşanlıqla qeyd olunması və sair kimi mühüm hadisələr harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırdı.”
Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak etdiyini xüsusi vurğulayan millət vəkili qeyd edib ki, bu layihənin qısa zamanda həyata keçirilməsi Azərbaycan xalqının qazandığı parlaq Qələbənin simvoludur: “Dünyada analoqu olmayan bu layihə Azərbaycan dövlətinin gücünü, malik olduğu potensialı və ən əsası Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Bu yolun iqtisadi tərəfi ilə yanaşı, mənəvi əhəmiyyəti daha çox diqqətdədir. Belə ki, Şanlı Ordumuzun ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yol əbədiləşdirildi və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Zəfər yolu” adlandırılaraq özündə bir çox məqamları ehtiva edir. Səfər çərçivəsində, həmçinin Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməlləri qoyuldu. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış oldular. Şuşada Topxana meşəsinin bərpasına start verildi və ağacəkmə aksiyası keçirildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə ağac əkdilər. Atılan hər addım Müzəffər Ali Baş Komandanın Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqımıza çatdırarkən söylədiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” fikirlərinin artıq reallıqda öz əksini tapdığını təsdiqləyir. Şuşanın Baş planında bərpa və quruculuq işlərinin şəhərin tarixinin qorunması fonunda aparılması öz əksini tapıb. Tezliklə Qarabağın tacı, ümumilikdə bütün işğaldan azad edilmiş ərazilərimiz cənnət məkana çevriləcək.”
Malik Həsənov diqqəti Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Şuşada hərbçilər qarşısında çıxışına yönəldərək bildirib ki, dövlət başçısının qeyd etdiyi kimi, bütün dünyaya böyük xalq olduğumuzu göstərdik. Zəfər Günü bizim bayramımızdır. Bu, Zəfər, rəşadət, ədalət, milli qürur, milli ləyaqət bayramıdır. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq.