Xəbərlər
Laçın rayon sakinləri Zəfər Gününü qeyd ediblər
Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Laçın rayon sakinləri Zəfər Gününü qeyd ediblər. Tədbirdən əvvəl Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəalları və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə RİH-in inzibati binasının qarşısındakı Ulu Öndər Heydər Əliyevin büstü və qəsəbə ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbir böyük zövqlə bəzədilmiş Heydər Əliyev meydanında rayon məktəblilərinin Zəfər Gününə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilməsi ilə davam etdirilib. Bununla yanaşı, bayram tədbirində vətənpərvərlik ruhunda mahnılar, rayon məktəblilərinin ifasında şeirlər səsləndirilib, bədii səhnələr nümayiş olunub. Tədbirin sonunda ağacəkmə aksiyası keçirilərək, Şəhidlərin Xatirə Kompleksi ətrafında və qəsəbə ərazisində 500-dən çox həmişəyaşıl və mövsümi ağaclar əkilib.
Torpaqlarımızın azad olunmasında müstəsna xidmətləri olan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə tükənməz minnətdarlıq hissi ilə keçirilən tədbir rayon sakinlərində böyük ruh yüksəkliyi yaradıb.