Xəbərlər
“The Business Year” jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışının Bakıda təqdimatı keçirilmişdir
Mayın 14-də Bakıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və “The Business Year” şirkətinin təşkilatçılığı ilə “The Business Year: Azerbaijan-2014” nəşrinin təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə “The Business year: Azerbaijan-2014” nəşrinin xüsusi buraxılışı barədə slayd şou nümayiş etdirilmişdir.
Nəşrin regional direktoru xanım Betül Çakaloğlu çıxış edərək Azərbaycana həsr olunmuş buraxılış barədə iştirakçılara məlumat vermişdir.
B.Çakaloğlu “The Business year: Azerbaijan-2014” nəşrinin ərsəyə gəlməsində kömək göstərmiş Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə və digər qurumlara təşəkkürünü bildirmişdir.
Diqqətə çatdırılmışdır ki, baş ofisi Londonda yerləşən “The Business Year” dünyanın müxtəlif bölgələrini - Latın Amerikası, Asiya və Afrikanı əhatə edən geniş coğrafiyada sosial-iqtisadi prosesləri izləyən və öz nəşrində işıqlandıran nüfuzlu şirkətdir.
“The Business Year” şirkəti ayrı-ayrı ölkələrin sosial-iqtisadi durumu və inkişaf meylləri, biznes və investisiya mühiti, aparıcı qurumları və digər məsələlər haqqında ildə 20-dən çox xüsusi buraxılış hazırlayır və bütün dünyada yayır. Şirkətin xüsusi buraxılışları dünyanın aparıcı biznes layihələrinin reallaşdırılmasına öz töhfəsini verir.
“The Business Year” nəşrinin baş redaktoru Leland Rays jurnalın əhatə dairəsinə 30 ölkənin daxil olduğunu, bunların içərisində Azərbaycanın xüsusi yer tutduğunu qeyd etmişdir. Baş redaktor Azərbaycanın son 10 ildə iqtisadi uğurlar əldə etdiyini bildirmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov təqdimat mərasimində çıxış etmişdir.
Sonra müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilmişdir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə dünyada “İlin Birinci Xanımı” mükafatına layiq görülmüşdür.
Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərova “İlin Beynəlxalq Dialoqu” mükafatı təqdim edilmişdir.
“Kaspi” Təhsil Mərkəzinə “Vətəndaş Cəmiyyəti Sahəsindəki Nailiyyət” mükafatı verilmişdir.
“Azersun Holdinq” şirkəti “İlin İxracatçısı” mükafatına layiq görülmüşdür.
Azərbaycanın milli maraqlarının təbliğinə görə “Vətənpərvərlik” mükafatı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova təqdim edilmişdir.
Tədbirdə “İlin Xarici İnvestoru”, “İlin Korporativ Bankı”, “İlin Aviaşirkət Rəhbəri”, “İlin Mobil İnternet Provayderi”, “İlin İnfrastruktur Yeniliyi”, “İlin İnvestoru”, “İlin Sənaye Şirkəti” mükafatları da təqdim edilmişdir.
Mərasim konsert proqramı ilə davam etmişdir.
Xüsusi buraxılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müsahibələri dərc olunmuşdur.
Nəşrin budəfəki qonaq müsahibləri Latviyanın Prezidenti Andris Berzinş, Rumıniyanın Baş naziri Viktor Ponta, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı, Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle, Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşçenko, bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell, “Total E&P Azərbaycan” şirkətinin baş meneceri Kristian Jüdiselli və başqalarıdır. Onlar müsahibələrində Azərbaycanın bölgədə və dünyada artan nüfuzundan, inkişaf dinamikasından, beynəlxalq əlaqələrindən söhbət açırlar.
Budəfəki buraxılışda Azərbaycanın siyasi, iqtisadi, enerji, sosial, mədəni, səhiyyə, idman, sənaye, informasiya-kommunikasiya texnologiyaları, tikinti, nəqliyyat sahələrində son dövrlərdə qazanılmış nailiyyətlərlə bağlı məsul vəzifəli şəxslərin, tanınmış yerli və xarici şirkət rəhbərlərinin müsahibələri də yer almışdır. Bundan başqa, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən bəhs edən məqalələr də dərc olunmuşdur.
Xüsusi buraxılışda paytaxt Bakıda son illərdə aparılan tikinti-quruculuq işləri və ölkəmizin turizm obyektləri ilə bağlı fotoşəkillər yer almışdır.