Xəbərlər
Vətən müharibəsinin qəhrəman həkimləri
professor Tofq Cahangirov
YAP İdarə Heyətinin üzvü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə rəhbəri
"Müharibə zamanı fədakarlıq göstərmiş həkimlərin də fəaliyyətini biz gərək qeyd edək. Doğrudan da həkimlər gecə-gündüz yorulmadan, o ağır şəraitdə, çətin şəraitdə öz həyatlarını risk altına ataraq yaralılara qulluq edirdilər. Şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən biri də məhz həkimlərdir".
Bu sözləri ölkə Prezidenti İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirdi. Prezident qeyd etdi ki, həm həkimlər, həm icra orqanlarının nümayəndələri, eyni zamanda, əsgərlər bir çox hallarda öz həyatlarını risk altına ataraq yaralı yoldaşlarını döyüş meydanından çıxarıb həkimlərin sərəncamına, ixtiyarına verirdilər.
Ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədə əsgərlər qədər onlarla çiyin-çiyinə öz vəzifə borcunu ləyaqətlə və fədakarlıqla yerinə yetirən tibb işçilərinin də böyük xidməti var. 44 gün boyunca cəbhədə qəhrəmanlıq və şücaət göstərən təkcə hərbi qulluqçular olmadılar, bu sırada həkimlər, kiçik tibb işçiləri də var idi. Çox təəssüf ki, onların arasında əsgərlərimizi xilas edərkən özləri də şəhid olanlar var. Onlar misilsiz qəhrəmanlıq və şücaət göstərərək öz adlarını şərəfli tariximizə yazdılar.
Müharibə zamanı 159 hərbi tibb işçisi yaralandı, 42 tibb işçisi isə xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid oldu. Həlak olan tibb işçilərindən 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır.
Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışova da tibbi işçisi idi. Azərbaycan Ordusunun çavuşu, hərbi feldşer Arəstə Baxışova Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək yaralı hərbçilərə elə döyüş meydanında tibbi yardım göstərib, xeyli sayda əsgər və zabitimizin həyatını xilas edib.
Arəstə Baxışova 2020-ci il oktyabrın 23-də Qubadlı uğrunda gedən döyüşlərdə növbəti dəfə yaralı əsgəri döyüş meydanından çıxararkən aldığı güllə yarasından şəhid oldu. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Vətən müharibəsində şəhid olmuş həkimlərimizdən biri də tibb xidməti polkovnik-leytenantı Rasim Abdullayevdir. O, 2016-cı ilin Aprel döyüşləri ilə yanaşı, sentyabrın 27-dən başlayan döyüşlərdə də hərbi tibb qulluqçu kimi iştirak edib. Rasim Abdullayev Hadrut və Şuşa istiqamətində 100-dən çox ağır yaralı zabitə elə yerindəcə ilk tibbi yardım göstərib. Qəhrəman tibb işçisi Vətən müharibəsinin son dəqiqələrində Şuşa istiqamətində ağır yaralı zabitlərə ilk tibbi yardım göstərmək tapşırığını yerinə yetirdiyi zaman Xocalı rayonunun Çanaqçı kəndində ermənilər tərəfindən pusquya düşürülərək aldığı yaralardan şəhid olub. Rasim Abdullayev Azərbaycanın hərb tarixində, həmçinin Vətən müharibəsi tarixində şəhid olan ən yüksək rütbəli tibb xidməti qulluqçusudur.
R.Abdullayev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Azərbaycan Ordusunun tibb xidməti leytenantı olan Azər Şəmilov isə Vətən müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Azər Şəmilov oktyabrın 14-də Talış döyüşləri zamanı qəhrəmancasına həlak olub. Döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azər Şəmilov ölümündən sonra “Vətən uğrunda” medalı ilə, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Vətən müharibəsi zamanı vəzifə borcunu şərəflə yerinə yetirən həkimlərimizdən biri də Turqut Xəlilbəylidir. Vətən müharibəsinin ilk şəhid həkimi olan leytenant Turqut Xəlilbəyli müharibənin ilk günlərindən ön cəbhədə yaralı əsgər və zabitlərin həyatını xilas etmək üçün var gücü ilə çalışıb, öz vəzifəsini layiqincə yerinə yetirib. Oktyabr ayının 7-də Turqut Xəlilbəyli növbəti döyüşün gedişində yenə də yaralı əsgərlərimizi atəş altından çıxarmaq üçün birbaşa atəş zonasına üç dəfə giriş edir. Lakin dördüncü dəfə düşmənin atdığı artilleriya mərmisi onun yaxınlığına düşür. Bu zaman qəhrəman tibb işçimiz özünü yaralı əsgərimizin üzərinə atır və öz canı bahasına onun həyatını xilas edir. Aldığı ağır qəlpə yaraları səbəbindən leytenant Turqut Xəlilbəylinin həyatını qurtarmaq mümkün olmur. Cəsur həkimTurqut Xəlilbəyli ölümündən sonra “Vətən uğrunda” medalı ilə, “Azərbaycan Bayrağı” ordeni ilə, “Füzulinin azad olunmasına görə” medalı ilə və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Şəhid həkim Adil Əfəndiyev 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin “Hərbi həkim işi” ixtisasını bitirib. 22 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 25 yaşında şəhidlik zirvəsinə yüksələn tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş meydanında göstərdiyi igidliyə görə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Digər cəsur tibb işçimiz Mirlətif Ağayev 1990-cı ildə Cəlilabad rayonunun Göytəpə qəsəbəsində anadan olub. Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil alıb. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlananda könüllü surətdə cəbhəyə yollanan Mirlətif Ağayev həm həkimlik, həm də insanlıq borcunu yerinə yetirərək 247 yaralını döyüş meydanından çıxararaq onları həyata qaytarıb. O, təkcə həkim kimi deyil, həm də fəal döyüşçü kimi də şücaət göstərib. Füzuli, Cəbrayıl və Qubadlı uğrunda döyüşlərdə iştirak edib və oktyabrın 26-da Qubadlının Balasoltanlı kəndində şəhid olub. Şəhid həkim Mirlətif Ağayevə məxsus əşyalar AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilib, şəhidin materialları muzeyin “Vətən müharibəsi” fondunda saxlanılır.
Azərbaycan Silahlı Qüvvələrinin mayoru Anar Məmmədov isə Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Məmmədov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin sərəncamına əsasən Anar Məmmədova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
Azərbaycan Ordusunun baş giziri olan hərbi tibb qulluqçusu Eldar Abdullayev isə Vətən müharibəsi zamanı Füzulinin, Hadrutun və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. Eldar Abdullayev oktyabrın 18-də Zəngilan döyüşləri zamanı şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Tibb xidməti baş leytenantı həkim Nurlan Fərəməzov da Vətən müharibəsinin qəhrəman həkimlərindən biridir. O, Vətən müharibəsi başlanan gündən savaş meydanında olur. Cəbrayılda gedən ağır müharibədə xüsusi qəhrəmanlıq göstərir. Həm də hərbi həkim olaraq elə döyüş meydanında yaralı əsgər və zabitlərimizə ilkin tibbi yardım göstərir, çox yaralı igid oğullara ikinci həyat verir. Oktyabrın 9-da tibb xidmətin baş leytenantı Nurlan Fərəməzov başının arxa tərəfindən ciddi zədə alır, elə döyüş meydanında əbədiyyətə qovuşur. Nurlan Fərəməzov “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunub.
2009-cu il Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə daxil olan və oranı müvəffəqiyyətlə bitirən Şöhrət Qasımov sonra Müdafiə Nazirliyinin Yevlax rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlayıb. 3 ay sonra Tərtər rayonunun ön xətdə yerləşən hərbi hissəsində xidmətini davam etdirib. Hərbi tibb qulluqçusu olub və qısa zamanda tibb xidməti baş leytenantı rütbəsinə yüksəlib. Qısa zamanda tibb xidməti rəisi vəzifəsinə təyin olunub. Aprel döyüşlərinin iştirakçısı olan Şöhrət Qasımov 2020-ci il sentyabrın 27-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə iştirak edərək şücaət göstərib, 29 sentyabrda şəhid olub. Şöhrət Qasımov ölümündən sonra “Vətən uğrunda” medalı ilə, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə vı “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.
Ağcabədi rayonundan olan qəhrəman hərbçimiz Tariyel Salmanov da Vətən müharibəsinin şəhid həkimlərindəndir. 2020-ci ilin yayında Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan sərhədində mənfur düşmən tərəfindən başladılan döyüşlər zamanı Tariyel könüllü olaraq ordu sıralarına yazılır. İki ay sonra - sentyabrın 29-da isə o, qismən səfərbərliklə II Qarabağ döyüşlərinə çağırılır və elə həmin gün tibb xidməti leytenantı kimi ordu sıralarına qoşulur. Tariyel neçə-neçə yaralılarımıza döyüş meydanında tibbi xidmət göstərərək onları ölümdən qurtarır. Qəhrəman həkimimiz oktyabrın 7-dən 8-nə keçən gecə şiddətli döyüşlər zamanı yaralı əsgərlərimizə kömək üçün yenidən irəliyə atılır, xeyli sayda yaralılara ilkin tibbi yardım göstərir. Lakin təəssüf ki, mənfur düşmənin atdığı minamyot atəşi nəticəsində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlir. Tariyel Salmanov şəhadətindən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Həkimlrimiz həm müharibə, həm də postmüharibə dövründə yorulmadan, fədakarlıqla fəaliyyət göstəriblər. Həkimlər gözüyumulu düşmənin üzərinə gedən, ölməyi gözə alan minlərlə mərd oğulların həyatlarını xilas edən ağ xalatlı qəhrəmanlardır. Həkimlərimiz 44 gün yaralı hərbçilərimizə həm şəfalı əlləri ilə məlhəm oldular, həm də onlara mənəvi dəstək verdilər. Müharibə vaxtı sadəcə həkim kimi deyil, əlində silah tutub döyüşən Vətən müharibəsinin qəhrəman şəhid həkimləri də oldu. Həm həkim, həm də döyüşçü kimi Vətəninin keşiyində dayanıb, canını fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, onlarla fəxr edirik.