YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci xanım Mehriban Əliyeva dünyada “İlin Birinci Xanımı” mükafatına layiq görülmüşdür

Mayın 14-də Bakıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və “The Business Year” şirkətinin təşkilatçılığı ilə “The Business Year: Azerbaijan-2014” nəşrinin təqdimat mərasimi keçirilmişdir.

Nəşrin regional direktoru xanım Betül Çakaloğlu çıxış edərək Azərbaycana həsr olunmuş buraxılış barədə iştirakçılara məlumat vermişdir.

“The Business Year” nəşrinin baş redaktoru Leland Rays jurnalın əhatə dairəsinə 30 ölkənin daxil olduğunu, bunların içərisində Azərbaycanın xüsusi yer tutduğunu qeyd etmişdir. Baş redaktor Azərbaycanın son 10 ildə iqtisadi uğurlar əldə etdiyini bildirmişdir.  

Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov təqdimat mərasimində çıxış etmişdir.
Sonra müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilmişdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə dünyada “İlin Birinci Xanımı” mükafatına layiq görülmüşdür.

Qeyd edək ki, xüsusi buraxılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müsahibələri dərc olunmuşdur.

Nəşrin budəfəki qonaq müsahibləri Latviyanın Prezidenti Andris Berzinş, Rumıniyanın Baş naziri Viktor Ponta, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı, Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle, Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşçenko, bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell, “Total E&P Azərbaycan” şirkətinin baş meneceri Kristian Jüdiselli və başqalarıdır. Onlar müsahibələrində Azərbaycanın bölgədə və dünyada artan nüfuzundan, inkişaf dinamikasından, beynəlxalq əlaqələrindən söhbət açırlar.

Budəfəki buraxılışda Azərbaycanın siyasi, iqtisadi, enerji, sosial, mədəni, səhiyyə, idman, sənaye, informasiya-kommunikasiya texnologiyaları, tikinti, nəqliyyat sahələrində son dövrlərdə qazanılmış nailiyyətlərlə bağlı məsul vəzifəli şəxslərin, tanınmış yerli və xarici şirkət rəhbərlərinin müsahibələri də yer almışdır. Bundan başqa, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən bəhs edən məqalələr də dərc olunmuşdur.

Xüsusi buraxılışda paytaxt Bakıda son illərdə aparılan tikinti-quruculuq işləri və ölkəmizin turizm obyektləri ilə bağlı fotoşəkillər yer almışdır.