Xəbərlər
Milli Məclisin sədri L.Qumilyov adına Avrasiya Milli Universitetinin yubiley mərasimində mühazirə oxuyub
Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana rəsmi səfəri çərçivəsində sentyabrın 29-da paytaxt Nur-Sultan şəhərində Lev Qumilyov adına Avrasiya Milli Universitetinin 25 illik yubiley mərasimində iştirak edib.
Yubiley mərasimində L.Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru, tarix elmləri doktoru, akademik, Qazaxıstan Milli Elmlər Akademiyasının vitse-prezidenti Erlan Sıdıkov Azərbaycan Milli Məclisinin sədrini auditoriyaya təqdim edib, professor Sahibə Qafarovanın elmi-pedaqoji və ictimai-siyasi fəaliyyəti barədə ətraflı məlumat verib. Sonra söz Sahibə Qafarovaya verilib.
Yubiley mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin Fəxri professoru olduğu bu universitetdə mühazirə oxumaqdan şərəf duyduğunu vurğulayan Sahibə Qafarova XX əsrin görkəmli avrasiyaşünas alimi, türk sivilizasiyası haqqında həqiqətləri dünyaya çatdıran, Avrasiya xalqlarının etnogenezinə, etnik tarixinə və mədəniyyətinə işıq salan Lev Qumilyovun elmi irsindən söz açıb. O, müasir dövrdə formalaşan yeni geosiyasi reallıq şəraitində avrasiyaçılıq ideyalarını, türk xalqlarının birliyini və türk sivilizasiyasının hərtərəfli inteqrasiyasını özündə ehtiva edən Qumilyov ideologiyasının çox aktuallaşdığını qeyd edib. Ötən 25 ildə Avrasiya Milli Universitetinin beynəlxalq təhsil məkanında layiqli yer tutduğunu, həm tədris sahəsində, həm də fundamental elmi-tədqiqatları sayəsində nüfuz qazandığını bildirib. S.Qafarova 25 illik yubiley münasibətilə universitetin professor-müəllim heyətinə və tələbələrinə təbriklərini çatdırıb.
Azərbaycan parlamentinin rəhbəri deyib ki, qloballaşma şəraitində Qərblə Şərq arasında dialoqun vacibliyi yenidən gündəmə gəlib. XX əsrin sonunda SSRİ-nin dağılması nəticəsində dünyanın siyasi xəritəsində qlobal dəyişikliklər olub. Milli dövlətlərin beynəlxalq-hüquqi müstəvidə suverenliyini bərpa etdiyi həmin tarixi dönüş məqamında ölkələrimizin başında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və elbası Nursultan Nazarbayev kimi görkəmli şəxsiyyətlərin olması Azərbaycan və Qazaxıstan dövlətlərinin regional və dünya siyasətində əhəmiyyətli faktora çevrilməsinə imkan yaratdı.
Tədbirdə Sahibə Qafarova Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrindən bəhs edib. O, Azərbaycan torpaqlarında ta qədimdən qüdrətli dövlətlərin olduğunu vurğulayıb, sonralar bu ərazidə qədim dövlətçilik ənənələrinin varisləri olaraq bir sıra dövlətlərin meydana çıxdığını bildirib.
1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətindən ətraflı söz açan Sahibə Qafarova parlamentar tipli bu respublikanın Azərbaycanın dövlətçilik tarixində dərin iz buraxdığını qeyd edib. S.Qafarova nəinki Şərqdə ilk dəfə olaraq, həmçinin bir sıra Qərb dövlətlərindən daha əvvəl, hələ 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququnun məhz Azərbaycan Xalq Cümhuriyyətində verildiyini bildirib.
L.Qumilyov adına Avrasiya Milli Universitetinin yubileyində çıxış edən Sahibə Qafarova Azərbaycanın sovet hakimiyyəti dövründən də söhbət açıb. Bildirib ki, ölkəmiz nəhəng Sovet İttifaqının inkişafına, ümumdövlət işlərinə böyük töhfələr verib. 1941-1945-ci illər müharibəsində faşizm üzərində qələbənin qazanılması üçün Azərbaycan neft sənayesinin lokomotivinə çevrilib. Müharibə illərində Azərbaycan neftçiləri bütün ölkənin yanacağının 80 faizə qədərini istehsal ediblər, hərbi ehtiyaclar üçün 75 milyon ton neft göndəriblər. 130-dan çox Azərbaycan övladı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, bu yüksək ada iki dəfə layiq görülənlərimiz də var. Otuz nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə, 170 min döyüşçü müxtəlif orden və medallarla təltif edilib.
Tədbir iştirakçılarına Azərbaycan tarixinin Heydər Əliyev mərhələsindən söz açan Milli Məclisin sədri bu görkəmli dövlət xadiminin hakimiyyəti dövründə Azərbaycanın inkişaf etmiş sənaye ölkəsinə çevrildiyini, 14 il ərzində respublikanın milli gəlirinin 2,5 dəfə artdığını, çoxsaylı fabrik və zavodların, müxtəlif istehsal və sənaye müəssisələrinin tikilib istifadəyə verildiyini, respublikanın yeni Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi tanınmasına nail olunduğunu bildirib.
Qeyd edib ki, Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra, ən çətin dövrdə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev ölkənin gələcək taleyi üçün məsuliyyəti öz çiyinlərinə götürdü. Həmin illərdə Azərbaycan bütün inkişaf sahələrində görünməmiş uğurlar əldə etdi. Ümummilli Liderin ölkəmizin inkişafı ilə bağlı strategiyasını hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla həyata keçirir.
Spiker qeyd edib ki, müstəqillik dövründə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, TANAP, TAP, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və digər bu kimi enerji və nəqliyyat layihələri təkcə Azərbaycanın deyil, bütün bölgənin inkişafı üçün mühüm əhəmiyyətə malikdir.
Sahibə Qafarova vurğulayıb ki, Ermənistanın ərazi iddiaları ucbatından Qarabağda 30 ilə yaxın davam edən silahlı münaqişənin həlli Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz ən böyük nailiyyətdir. Bütün bu illər ərzində münaqişənin sülh yolu ilə həllinə imkan verməyən və təxribatlarını davam etdirən işğalçı Ermənistan keçən il sentyabrın 27-də bir daha təxribata əl atdı. BMT-nin Nizamnaməsinə uyğun olaraq, özünü müdafiə etmək hüququnu təmin edən Azərbaycan 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa etməyə nail oldu.
Spiker xatırladıb ki, bütün hərbi əməliyyatlar Azərbaycanın ərazisində baş verib. Ermənistan Cenevrə konvensiyalarını pozaraq münaqişə zonasından xeyli uzaqda yerləşən bölgələrimizi, Gəncə, Tərtər, Mingəçevir, Bərdə, Xızı şəhərlərini atəşə tutaraq insanlıq əleyhinə cinayətlər törədib. Erməni tərəfinin mülki şəxslərə və mülki infrastruktura yönəlmiş hərbi əməliyyatları nəticəsində yüzlərlə dinc sakin həlak olub, minlərlə ev dağılıb.
Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini yerinə yetirdi, beynəlxalq hüququn aliliyini bərpa edərək 30 ildən bəri işğal altında olan ata-baba torpaqlarını azad etdi və ərazi bütövlüyünü təmin etdi. 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı birgə Bəyanat bölgədə həyatın dinc müstəviyə keçməsinə imkan yaratdı.
Vətən müharibəsindəki Qələbədə qardaş Türkiyənin mənəvi-siyasi dəstəyini xüsusi vurğulayan Sahibə Qafarova Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsində Qazaxıstanın prinsipial mövqeyini, dost dəstəyini də qeyd edib. Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevin bu qurumun videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə Azərbaycan Prezidentini Qələbə münasibətilə təbrik etdiyini xatırladıb.
Yubiley mərasiminə toplaşanlara işğaldan azad edilmiş ərazilərdəki dağıntılar barədə məlumat verən Sahibə Qafarova deyib ki, bu bölgə Qafqazın Xirosimasıdır. Sahibə Qafarova Ermənistanın həmin əraziləri minaladığını və mina xəritələrini verməkdən imtina etdiyini də bildirib. Bunun da hərbi cinayət olduğunu qeyd edib.
Azərbaycanın çoxmillətli ölkə olduğunu, burada 90-dan çox etnik qrupun, müxtəlif xalqların və millətlərin nümayəndələrinin yaşadığını, bütün xalqların adət-ənənəsinə hörmətlə yanaşıldığını, ölkəmizdə ksenofobiya və dözümsüzlüyün olmadığını vurğulayan Milli Məclisin sədri Azərbaycanın dövlət siyasətində milli və dini tolerantlığın prioritet istiqamətlərdən olduğunu bildirib. Xalqımızın dünyaya bəxş etdiyi görkəmli elm və sənət adamlarından söz açıb. O, son illər ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsi üçün platformaya çevrildiyini nəzərə çatdırıb.
Tədbirdə qeyd olunub ki, Azərbaycanla Avrasiya bölgəsindəki dövlətlər arasında mehriban qonşuluq, bir-birinin daxili işlərinə qarışmamaq, bərabərlik, qarşılıqlı hörmət və qarşılıqlı faydalı əlaqələrə əsaslanan strateji əməkdaşlıq əlaqələri formalaşıb. Bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün həm ikitərəfli əsasda, həm də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, eləcə də Qoşulmama Hərəkatının üzvü kimi fəaliyyət göstərən Azərbaycan qlobal miqyaslı layihələrin həyata keçirilməsinə mühüm töhfə verir.
Bildirilib ki, Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Bu kontekstdə Azərbaycan üçün vacib strateji tərəfdaş olan Qazaxıstanla ikitərəfli əlaqələrin daha da inkişaf etdiyini deyən Sahibə Qafarova hökumətlərarası komissiyanın işi, Azərbaycanda fəaliyyət göstərən Qazaxıstan müəssisələri, mütəmadi biznes forumlar, neft və enerji sektorunda əlaqələrin gücləndiyi barədə konkret faktları, iqtisadi göstəriciləri diqqətə çatdırıb.
Gələn ilin avqustunda ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcəyimizi bildirən Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin səyləri sayəsində iki ölkə arasında əlaqələrin dərinləşərək strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. Azərbaycan-Qazaxıstan dostluğunun gündən-günə möhkəmlənəcəyinə, yeni məzmun kəsb edərək iki qardaş ölkənin inkişafına xidmət edəcəyinə inam ifadə edilib.
Auditoriya Sahibə Qafarovanın mühazirəsini böyük maraqla qarşılayıb.
Sonra tədbirdə çıxış edən rektor Erlan Sıdıkov L.Qumilyov adına Avrasiya Milli Universitetinin Elmi Şurasinin qərarı ilə professor Sahibə Qafarovaya bu nüfuzlu elm ocağının Fəxri professoru adının verildiyini bildirib.
Milli Məclisin xatirə hədiyyələri təqdim olunub.
X X X
Yubiley mərasimindən sonra Milli Məclisin sədri universitetdə fəaliyyət göstərən “Heydər Əliyev auditoriyası”na gələrək bura toplaşmış müəllim və tələbə kollektivi ilə görüşüb, təhsilə dair fikirlərini bölüşərək gənclərə tövsiyələrini verib.
Görüşdə xatirə şəkilləri çəkdirilib. Milli Məclisin kitab və şəkillərdən ibarət olan hədiyyəsi “Heydər Əliyev auditoriyası”na təqdim olunub.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova yerli KİV nümayəndələrinə müsahibə verib, Qazaxıstana səfəri ilə bağlı təəssüratlarını bölüşüb.