Xəbərlər
Uzaqgörən və məqsədyönlü siyasi strategiya
İlkin Əliyev
YAP Zərdab rayon təşkilatının sədri
Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi mürəkkəb ictimai-siyasi vəziyyət, sosial-iqtisadi çətinliklərin mövcudluğu, zamanın tələbi və tarixi zərurətin nəticəsi idi. Həmin dövrdə cəmiyyətin qarşısında dayanan əsas vəzifələrdən biri milli dövlətçilik ideyalarını müdafiə edən, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə xidmət göstərə biləcək siyasi qüvvənin formalaşdırılması idi. Belə bir tarixi şəraitdə xalqın böyük etimadını qazanan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin siyasi həyatında mühüm dönüş nöqtəsinə çevrildi. Doğma Partiyamızın təsis edilməsi sadəcə yeni bir siyasi təşkilatın meydana gəlməsi deyil, eyni zamanda xalqın sabitlik, qanunçuluq, inkişaf və güclü dövlətçilik arzularının siyasi müstəvidə ifadəsi idi.
Bu gün Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərən, formalaşdığı ilk dövrlərdən müstəqil ölkəmizlə çiyin-çiyinə addımlayan, qazanılmış nailiyyətlərdə xüsusi çəkisi və rolu olan Yeni Azərbaycan Partiyası Prezident, Partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan hədəflərin reallaşmasında mühüm rol oynayır. Ölkəmizin iqtisadi potensialının gücləndirilməsi, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, sosial rifahın yüksəldilməsi, müdafiə qabiliyyətinin artırılması və milli maraqların qətiyyətlə qorunması istiqamətində həyata keçirilən siyasət Azərbaycanın güclü dövlət kimi formalaşmasını daha da sürətləndirib. Yeni Azərbaycan Partiyası isə bu siyasətin ictimai-siyasi dayaqlarından biri kimi öz fəaliyyətini müasir dövrün tələblərinə uyğun quraraq əldə olunan nailiyyətlərdə fəal iştirak edir. Bu ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan mühüm tarixi uğurlara imza ataraq yeni inkişaf mərhələsinə qədəm qoyub.
Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası isə bu mərhələnin ən mühüm hadisələrindən biri olmaqla, qarşıda yeni strateji vəzifələrin müəyyənləşdirilməsini zəruri edib. Bu baxımdan, 02 oktyabr 2026-cı ildə keçirilmiş Yeni Azərbaycan Partiyasının VIII Qurultayı xüsusi əhəmiyyət daşıyır. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin geniş məzmunlu və proqram xarakterli çıxışı ölkəmizin inkişafının əsas mərhələlərinə nəzər yetirməklə, qarşıdakı dövrdə prioritet istiqamətləri aydın şəkildə müəyyənləşdirdi. Dövlət başçısının nitqində Azərbaycanın keçdiyi tarixi yol, milli dövlətçilik ənənələrinin formalaşması, ölkəmizin əldə etdiyi mühüm siyasi, iqtisadi və hərbi nailiyyətlər, xüsusilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə yaranmış yeni reallıqlar geniş şəkildə diqqətə çatdırıldı. Vurğulanan mühüm məqamlardan biri də Azərbaycanın əldə etdiyi qələbələrin uzunmüddətli və ardıcıl dövlət siyasətinin nəticəsi olması ilə bağlıdır. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının təsis qurultayının ölkəmizin sonrakı inkişaf yolunun başlanğıc nöqtələrindən biri kimi qeyd edilməsi xüsusi məna daşıyır.
Partiyanın yaranması ilə milli dövlətçilik ideyaları, xalqın iradəsi və Azərbaycanın gələcək inkişafına dair baxışlar vahid siyasi platformada ifadə olunub. Sonrakı illərdə dövlət quruculuğu, iqtisadi inkişaf, ordu quruculuğu və beynəlxalq münasibətlər sahəsində həyata keçirilən ardıcıl siyasət ölkənin potensialının daha da güclənməsinə, Azərbaycanın müstəqil və dayanıqlı inkişafının təmin edilməsinə geniş imkanlar yaradıb. Bu ardıcıl inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də sosial siyasətin gücləndirilməsi, əldə olunan iqtisadi imkanların vətəndaşların rifahının yüksəldilməsinə yönəldilməsidir. Qurultayda cənab İlham Əliyev tərəfindən gələn il minimum əməkhaqlarının, pensiyaların və sosial müavinətlərin artırılması ilə bağlı fikirlərin səsləndirilməsi dövlətin sosial siyasətinin ardıcıl və davamlı xarakter daşıdığını, əhalinin sosial rifahının yüksəldilməsinin prioritet istiqamətlərdən biri olduğunu bir daha nümayiş etdirdi. Bu yanaşma həyata keçirilən sosial-iqtisadi siyasətin əsas məqsədlərindən birinin vətəndaşların gəlirlərinin artırılması, sosial müdafiəsinin gücləndirilməsi və həyat səviyyəsinin daha da yaxşılaşdırılması olduğunu göstərir. Qəbul olunan qərar, eyni zamanda, əhalinin sosial təminat imkanlarının genişləndirilməsinə, sosial müdafiə sisteminin dayanıqlığının möhkəmləndirilməsinə və ölkədə sosial rifahın yüksəldilməsinə mühüm töhfə verən tədbirlər sırasında xüsusi əhəmiyyət daşıyır. Ölkənin siyasi, iqtisadi və sosial inkişafının bir-birini tamamlayan istiqamətlər üzrə davam etdirilməsi dövlət siyasətinin əsas hədəfinin güclü dövlət və yüksək rifaha malik cəmiyyət quruculuğu olduğunu bir daha təsdiqləyir.
Beləliklə, Yeni Azərbaycan Partiyasının 1992-ci ildə təsis olunmasından 2026-cı ildə keçirilən VIII Qurultaya qədər keçdiyi tarixi yol Azərbaycanın müasir dövlətçilik tarixinin mühüm səhifələrindən birini təşkil edir. VIII Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin çıxışında qeyd etdiyi xüsusi məqamlar ölkəmizin gələcəyi üçün strateji yol xəritəsi olmaqla, qarşıdakı dövrdə həyata keçiriləcək mühüm fəaliyyətləri müəyyənləşdirir, eyni zamanda, davamlı inkişafa möhkəm zəmin yaradır.
