Xəbərlər
Nurlan Niqmatulin: Qazaxıstan və Azərbaycan strateji müttəfiqlərdir
Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana rəsmi səfəri çərçivəsində sentyabrın 29-da Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinlə görüşüb.
Milli Məclisin sədrini salamlayan Qazaxıstan Parlament Məclisinin sədri ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini bildirib. O, Azərbaycanı Vətən müharibəsində qazandığı Qələbə münasibətilə təbrik edib və ölkəmizə uğurlar arzulayıb. Bildirib ki, müharibədən sonra regionda yaranmış yeni situasiya iqtisadi inkişafa öz təsirini göstərəcək, nəqliyyat və kommunikasiyaların bərpa olunması bölgə dövlətlərinin və xalqlarının xeyrinə olacaq.
İki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini deyən Nurlan Niqmatulin ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını yüksək qiymətləndirib. S.Qafarova Azərbaycanın TÜRKPA-ya sədrliyi dövründə görülən işlərdən danışıb və Qazaxıstanın sədrliyi dövründə iki ölkə arasında əməkdaşlığın daha da güclənəcəyinə inamını ifadə edib. Ölkələrimizin strateji müttəfiq olduğunu qeyd edən Nurlan Niqmatulin siyasi, iqtisadi, mədəni, humanitar və parlamentlərarası əlaqələrimizin daha yüksək səviyyəyə çatacağına əminliyini bildirib.
Qonaqpərvərliyə və səmimi fikirlərə görə təşəkkürünü bildirən Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər çoxəsrlik tarixə malikdir. Bu münasibətlərin inkişafında ölkə başçılarımızın xüsusi rolu var.
Milli Məclisin sədri Türküstan şəhərində TÜRKPA-nın 10-cu plenar iclasında Azərbaycanın 27 Sentyabr – Anım Gününün yad edilməsinə, bu təşəbbüslə çıxış etdiyinə görə qazaxıstanlı həmkarına təşəkkürünü bildirib və bu təşəbbüsün Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini söyləyib.
İki ölkənin parlamentləri arasındakı əlaqələrdən danışan Milli Məclisin sədri bildirib ki, bu müstəvidə, həmçinin TÜRK PA çərçivəsində əməkdaşlıq müstəvisində həyata keçirilən qarşılıqlı səfərlər parlamentlərarası münasibətlərimizin inkişafında mühüm əhəmiyyətə malikdirlər. Azərbaycanın Milli Məclisində, Qazaxıstan parlamentinin isə hər iki palatasında fəaliyyət göstərən qarşılıqlı dostluq qrupları parlamentlərarası əlaqələrimizin inkişafına töhfə verir.
Siyasi, iqtisadi, mədəni, parlamentlərarası əlaqələrimizin inkişaf perspektivlərindən danışan Sahibə Qafarova iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyini qeyd edib. Bildirib ki, hər iki ölkədə qarşılıqlı olaraq Azərbaycan və Qazaxıstan şirkətləri uğurla fəaliyyət göstərirlər. Bu baxımdan ölkələrimizi birləşdirən Xəzər dənizi bu gün vacib nəqliyyat arteriyasına çevrilib. 2018-ci ilin avqustunda Aktauda imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya isə tarixi əhəmiyyətli sənəddir. Bu Konvensiya həm Azərbaycan Milli Məclisi, həm də Qazaxıstan Senatı tərəfindən ratifikasiya olunub.
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbə haqqında qazaxıstanlı həmkarına məlumat verən Milli Məclisin sədri deyib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində Ermənistanın 30 illik işğalına son qoyulub. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Artıq münaqişə tarixə qovuşub, Qarabağın statusu məsələsi birdəfəlik aradan qalxıb və Azərbaycan işğaldan azad olunan ərazilərinin bərpasına başlayıb.
Sahibə Qafarova diqqətə çatdırıb ki, Ermənistan işğal dövründə şəhərlərimizi, kəndlərimizi tamamilə dağıdıb, talan edib. Heç də təsadüfi deyil ki, Ermənistanın işğalından azad olunmuş bu əraziləri Qafqazın Xirosiması adlandırırlar. Milli Məclisin sədri Ermənistanın regionda davamlı sülhün təmin olunmasına qarşı yönəlmiş təxribatçı hərəkətləri barədə də geniş məlumat verib.
Sonra Milli Məclisin sədri bildirib ki, qarşıdan Xocalı soyqırımının 30 illiyi gəlir. Sahibə Qafarova bu faciə barədə ətraflı məlumat verərək diqqətə çatdırıb ki, dünyanın bir çox ölkələrinin parlamentləri bu faciəni soyqırımı kimi tanımışlar. İstərdik ki, Qazaxıstan parlamenti də insanlığa qarşı böyük cinayət olan bu faciəyə öz münasibətini bildirsin.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Görüşün sonunda Milli Məclisin sədri qazaxıstanlı həmkarına “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab hədiyyə edib.