Xəbərlər
Prezident İlham Əliyev tariximizin ən möhtəşəm qələbəsinin müəllifidir
Ağalar VƏLİYEV,
Milli Məclisin deputatı
Hər bir xalqın tarixində daim fəxarət və milli qürur hissi ilə xatırlanan, milyonlarla insanın taleyini dəyişərək yeni parlaq səhifələrə yol açan şərəfli təqvim günləri olur. Sentyabrın 27-si bu mənada xalqımızın 30 illik yurd nisgilinə, torpaq həsrətinə son qoyan, onun milli özgüvənini qaytaran əlahiddə tarixi gündür. 1 il əvvəl qətiyyətli liderin siyasi iradəsi, “İrəli!” əmri ilə ayağa qalxan Azərbaycan xalqı son əsrlərdəki tarixinin ən parlaq salnaməsini yazmışdı: rəşadətli ordumuz cəmi 44 gün ərzində işğal damğasını döyüş meydanında üzərindən atmağı bacarmış, milli natamamlıq kompleksindən xilas olmuşdur.
Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın təcəssümü olaraq Vətən müharibəsinin başlandığı gün - sentyabrın 27-si respublikamızda Anım Günü elan olunmuşdur. Sözügedən tarixin əbədiləşdirilməsi zərurəti ona əsaslanır ki, torpaqlarımızı qanı, canı bahasına işğaldan azad edərək tarixi ədalətin bərpasını təmin edən, xalqımızın başını ucaldan qəhrəman hərbçilərimizin qanı yerdə qalmamış, şəhidlərimizin qisası məhz döyüş meydanında alınmışdır. Sentyabrın 27-də Azərbaycan xalqı bu qələbəni xalqımıza qazandıran şəhidlərimizin xatirəsini yad etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Anım Günü ilə əlaqədar xalqa müraciəti, dövlətimizin başçısının və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən anım yürüşü, ölkə üzrə bir dəqiqəlik sükut elan edilməsi, Bakı şəhərinin ən gözəl yerlərindən birində Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlinin qoyulması xalqımızın şəhidlərimizə olan əbədi ehtiramını göstərdi.
Azərbaycan 30 illik barışmaz mübarizə mərhələsinin məntiqi yekunu olaraq, beynəlxalq hüquq normalarını, BMT qətnamələrinin icrasını məhz döyüş meydanında - “dəmir yumruq” sayəsində bərpa etmişdir. Ümumilikdə, 44 gün ərzində döyüş meydanında qazanılmış parlaq hərbi qələbə əslində uzun illər boyu aparılmış danışıqlar prosesində ölkəmizin haqlı və prinsipial mövqeyini qətiyyətlə qorumuş Prezident İlham Əliyevin müdrik fəaliyyətinin, Azərbaycanı dünya arenasında layiqincə təmsil etməsinin, xalq-iqtidar birliyinin nəticəsi olmuşdur. Xalqımız bir daha əmin olmuşdur ki, dövlət başçısı nəyi nə zaman və necə edəcəyini yaxşı bilir, bütün addımları ən xırda detallarına qədər hesablayır.
Müzəffər Ordumuz Vətən müharibəsində düşmənə ən sarsıdıcı, həlledici zərbəni Qafqazın incisi, ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini işğaldan azad etməklə vurmuşdur. Beləliklə, ata vəsiyyəti, oğul qətiyyəti ilə Şuşa şəhəri işğaldan azad olunmuş, bu müjdəni Prezident İlham Əliyevin dilindən eşidən xalqımız tarixinin ən qürurlu, şərəfli günlərindən birini yaşamış, küçələrə, meydanlara axışaraq bu şanlı zəfərin sevincini bölüşmüşdür. Zəfəri rəmziləşdirən 8 Noyabr günü xalqımızın bütövlük, dəyanət, rəşadət və ləyaqət tarixinə çevrilmiş, Şuşanın işğaldan azad edilməsi “Dəmir yumruq” əməliyyatının pik nöqtəsi olmuşdur.
Bu hadisədən sonra tamamilə sarsılan, məğlubiyyətini dərk edən Ermənistan hərbi-siyasi rəhbərliyi rəzil durumda 2021-ci il 10 noyabr tarixli kapitulyasiya sənədinə imza atmış və məğlubiyyətini etiraf etmişdir. Beləliklə, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın birmənalı qələbəsi ilə başa çatmış, rəşadətli ordumuz yüksək peşəkarlıqla həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı ilə hərb tariximizdə yeni şərəfli səhifələr açmışdır.
Vətən müharibəsi günlərində və sonrakı mərhələdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan Ordusunun şəxsi heyətinə, xüsusilə də yaralanmış döyüşçülərə, Vətən uğrunda şəhid olmuş hərbçilərin ailələrinə xüsusi ehtiram və həssaslıqla yanaşmış, müalicə alan yaralıları hərbi hospitalda ziyarət edərək əlillərin dövlət hesabına müasir protezlərlə təmin olunacaqlarını bildirmişlər. Birinci vitse-prezident Mehriban xanım Əliyeva postkonflikt mərhələsində Prezident İlham Əliyevin yürütdüyü informasiya savaşına dəstək vermiş, onun şəxsi “Instagram” səhifəsində işğaldan azad edilmiş ərazilərdən paylaşdığı foto və videogörüntülər Ermənistanın ağır müharibə cinayətlərini bütün dünyaya nümayiş etdirmişdir.
Prezident İlham Əliyev 2020-ci il dekabrın 1-də Laçın rayonunun işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində ölkəmizin münaqişənin həllinə nail olmaqla bölgədə yeni geosiyasi reallıq yaratdığını, bu reallıqla hər kəsin barışmasının vacibliyini bir daha bəyan etmişdir. Dövlət başçısının Vətən müharibəsindən sonra ölkəmizin ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqeyini, prinsipial şərtlərini diktə etməsi, xalqın iradəsini əsas tutaraq bütün təhdidlərə əzmlə sinə gərməsi Azərbaycanın dünyadakı nüfuzunu gücləndirməklə yanaşı, Cənubi Qafqaz regionunda lokomotiv ölkə statusunu bir daha təsdiqləmişdir. Nazirlər Kabinetinin 2020-ci ilin yekunlarına həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra ölkəmizin öz tarixinin heç bir mərhələsində olmadığı qədər qüdrətli və şanlı mərhələni yaşadığını, iqtisadi, siyasi, hərbi gücünə, xalq-iqtidar vəhdətinə görə regionun həlledici dövlətinə çevrildiyini bəyan etməsi Ermənistana və onun havadarlarına sərt mesaj olmuşdur. Cənab İlham Əliyev bildirmişdir ki, Vətən müharibəsinin nəticəsi olaraq ermənilərin regionda ikinci erməni dövləti yaratmaq cəhdlərinin qarşısı birdəfəlik alınmışdır.
Prezident İlham Əliyevin 2021-ci il iyulun 7-də imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanı ilə tarixi haqsızlığa son qoyulmuş, “Dağlıq Qarabağ” termini tarixin arxivinə gömülmüşdür. Tərkibinə Xankəndi şəhərinin, habelə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarının daxil olduğu Qarabağ iqtisadi rayonunun yaradılması, eləcə də Cəbrayıl, Kəlbəcər, Laçın və Zəngilan rayonlarını birləşdirən Şərqi Zəngəzur iqtisadi rayonunun formalaşdırılması Azərbaycanın birliyinin və bölünməzliyinin bir daha təsdiqi olmuşdur.
Vətən müharibəsindəki zəfərdən sonra Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizin Cənubi Qafqaz regionunda ən abad, müasir zonaya çevriləcəyini bəyan etmişdir. Qısa zamanda regionda mühüm infrastruktur layihələrinin icrasına başlanılması, Suqovuşana və Talış kəndinə, eləcə də Füzulidən Şuşa şəhərinə yeni yolların çəkilməsi, Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə tikilərək istifadəyə verilməsi, Zəngilan və Kəlbəcər hava limanlarının təməlinin qoyulması, dəmir yollarının bərpasına başlanılması, “ağıllı kənd”, “ağllı şəhər”, “yaşıl enerji” kimi innovativ layihələrin icrası, Şuşa şəhərində aparılan yenidənqurma işləri, Ağdam şəhərinin baş planının təsdiq edilməsi və digər tədbirlər dövlət başçısının ərazilərimizin bərpası və yenidənqurulmasına həssas münasibətinin bariz göstəricisidir.
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı bəyan etdiyi kimi, bu gün Ermənistanın üzləşdiyi sosial-iqtisadi böhrandan çıxmasının yeganə yolu Azərbaycanın ərazi bütövlüyünü tanımaq, qonşu dövlətlərə qarşı əsassız ərazi iddialarından əl çəkmək, faşist və işğalçı ideologiyadan imtina etməkdir. Yalnız bu cür konstruktiv yanaşma əsasında sərhədyanı ərazilərdəki hərbi münaqişələrə birdəfəlik son qoyulması, qarşıdurma riskinin aradan qaldırılması, münaqişə səhifəsinin birdəfəlik bağlanması mümkündür.