Xəbərlər
Səməd Seyidov: Dağlıq Qarabağ problemini həll etmək üçün Azərbaycan Prezidenti ardıcıl siyasət həyata keçirir
«Beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ problemi heç vaxt gündəmdən çıxarılmayıb. Bu, bizim üçün həmişə öndə olan məsələdir. Azərbaycanın Avropa Şurasına sədrliyi müddətində də belə olacaq». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
S.Seyidov bildirib ki, münaqişəni həll etmək üçün mütləq «Qarabağ-Qarabağ» demək lazım deyil. Onun sözlərinə görə, problemə məntiqlə yanaşmaq lazımdır.
«Qarabağ məsələsini həll etmək üçün Azərbaycan Prezidenti ardıcıl siyasət həyata keçirir. Dövlətimizin başçısı Azərbaycanı yenidən qurur, ordumuzu gücləndirir, iqtisadiyyatı inkişaf etdirir. Yəni bütün bünlar torpaqlarımızın azad olunmasına xidmət edən işlərdir. BMT Təhlükəsizlik Şurasına iki il müddətində üzv olmağımız da, bu gün Avropa Şurasına sədrlik etməyimiz də Dağlıq Qarabağ münaqişəsinin həllinə xidmət edən məqamlardır. Azərbaycanın altı ay müddətində Avropa Şurasına sədrliyi müddətində də Ermənistan-Azərbaycan münaqişəsinin həlli prioritet olacaq. Biz bilməliyik ki, Azərbaycan xalqının ən çətin problemi olan bu məsələ ölkənin siyasi rəhbərliyi tərəfindən həyata keçiilən ardıcıl, məntiqli siyasət nəticəsində öz həllini tapacaq»- deyə, S.Seyidov vurğulayıb.
Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində dünyada Azərbaycanın mövqeyi ilə hesablaşırlar. Onun sözlərinə görə, bu ölkəmizi istəməklə bağlı deyil, hesablaşmağa məcburdurlar: «Görürsünüz, böyük dövlətlər səviyyəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı bəyanatlar verilir. Bu, bizi çox istəməyin göstəricisi deyil. Bu, reallığın qəbulu və cənab Prezidentin apardığı ardıcıl siyasətin siyasətin məntiqi nəticəsidir. Bir faktı diqqətinizə çatdırım, bir neçə il öncə ABŞ Konqresində Azərbaycan üzrə dostluq qrupunun 6 üzvü var idi, amma indi onların sayı 64 nəfərə çatıb. Təbii ki, bu fakt Azərbaycana olan marağın göstəricisi olmaqla yanaşı ölkəmizin güclənməsinin ifadəsidir».