Xəbərlər
Tural İsmayılov: Paşinyan Moskvaya öz ölkəsini peşkəş çəkmək üçün gedib
“Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan başa düşür ki, Rusiyanın ondan ciddi narazılıqları var. Çünki üzdə Rusiya ilə əlaqələrə önəm veririk deyib, arxa tərəfdə “Soros”un əmrlərini, yaxud da Qərbin müəyyən beyin mərkəzlərinin və təşkilatlarının tapşırıqlarını yerinə yetirir. Bu isə Rusiyanı qane etmir”.
Bu fikirləri politoloq Tural İsmayılov “Yeni TV”nin canlı yayımında bildirib.
Paşinyanın Moskvaya səfərini şərh edən T.İsmayılovun sözlərinə görə, Ermənistanın hazırki rəhbərliyi belə ikili oyunların ölkəsi üçün yaxşı heç nə vəd etmədiyini artıq dərk edib: “Ermənistanda indi insan kapitalı yoxdur və bunu açıq şəkildə ölkənin rəsmi komandanlığı etiraf edir. Sərhədi qorumağa sərhədçi tapa bilmədiyini bildirirlər. Ermənistanın Statistika komitəsinin açıqladığı rəqəmlərdən görünür ki, ölkədə adamların sayı gündən-günə azalır. Üstəlik, son aylarda ölümlərin sayı doğuşların sayını kifayət qədər üstələyib. Bütün problemləri, ölkədəki böhranı nəzərə alaraq Ermənistan başa düşür ki, bu günə qədər formal olaraq müstəqil olsa da, bundan sonra Rusiyanın icazəsi olmadan daxili siyasətlə bağlı kiçik addımlar belə ata bilməz”.
Politoloq qeyd edib ki, bu səfər Rusiyaya açıq şəkildə yalvarış üçün edilib: “Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov açıqlamasında rəsmi Moskvanın sərhəd məsələsində Ermənistandan səslənən iddiaları qəbul etmədiyini bildirdi. Çünki Azərbaycan həm strateji mövqeyinə, həm də dünya səviyyəli nüfuzuna görə Rusiya üçün Ermənistandan dəfələrlə vacib ölkədir. Hesab edirəm ki, Paşinyan Moskvaya öz ölkəsini peşkəş çəkmək üçün gedib”.