Xəbərlər
Medianın İnkişafı Agentliyinin əsas hədəfi: Qalib ölkənin mediası da dövlətin inkişaf tempinə uyğun olmalıdır
Vüqar Rəhimzadə,
“İki sahil” qəzetinin baş redaktoru,
Əməkdar jurnalist
Medianın İnkişafı Agentliyinin çap mediası ilə yanaşı, onlayn media resurslarının da dövlətin dəstəyindən bəhrələnməsinə geniş imkanlar yaratması sağlam rəqabət mühitinin formalaşmasına, iqtisadi müstəqilliyin təmin olunmasına stimuldur
Həyat yerində durmur, islahatlar hədəflərə hesablanır
Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub. Artıq 30 ilə yaxın davam edən, hücum diplomatiyasının gücləndirilməsini daim aktuallaşdıran Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşması ilə ölkəmizin həyatında yeni dövr başlayıb. Yeni dövrün diktə etdiyi yeni reallıqlara uyğun addımların atılması kompleks tədbirləri zərurətə çevirir. Hakimiyyətin hər üç qolunda-icra, qanunvericilik və məhkəmə-hüquq sistemində yeniləşmə, təkmilləşmə, yeni texnologiyaların sürətli inkişafı, səmərəliliyin, şəffaflığın təmin edilməsində mühüm amilə çevrilməsi təbii ki, öz növbəsində reallıqlarımızın təbliğatçısı, cəmiyyətin güzgüsü, dördüncü hakimiyyət kimi dəyərləndirilən mətbuatımızın da təkmilləşməsinə çağırışlar etdi. Bir daha bu reallıq özünü təsdiqləyir ki, qərəzsizlik, tərəfsizlik, obyektivlik, milli şüur, vətənpərvərlik mətbuatın əsas prinsipləri olaraq bütün dövrlər üçün öz aktuallığını qorumalıdır.
Dövlət başçısı İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı özündə bütün hədəfləri və onlara çatmaq yollarını ehtiva edir. Nəzərə alsaq ki, imzalanan Fərman və sərəncamlar bu və ya digər sahələrin inkişafı üçün yol xəritəsidir, o zaman əsas olan bu xəritənin düzgün öyrənilməsi və düzgün dəyərləndirilməsi, vəzifələrə uyğun olaraq fəaliyyət istiqamətlərinin dəqiq müəyyənləşdirilməsidir. Cənab İlham Əliyevin məlum Fərmanı əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılması media səhəsinə yeni bir ab-hava gətirdi. Medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə belə bir sənədin imzalanması media ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı, yeni gözləntilərə yol açdı. Göründüyü kimi, adında məqsəd və məramını ifadə edən Medianın İnkişafı Agentliyi (MEDİA Agentliyi) yaxın günlərdə fəaliyyətə başlamasının 6-cı ayını tamamlayacaq. Ötən 6 ay zaman baxımından çox qısa, hətta müqayisəyə gətirilməyəcək qədər kiçik bir zaman kəsiyi olsa da ilk andan atılan addımlar, müəyyənləşdirilən hədəflər növbəti mərhələdə görüləcək işlərin miqyasına aydınlıq gətirməklə yanaşı, günümüzün əsas çağırışı olan media resurslarının iqtisadi müstəqilliyinin stimullaşdırılması, KİV sahəsində şəffaflığın təmin edilməsi, ən əsası jurnalistikanın, media mühitinin sağlamlaşdırılması, “reket jurnalistika”ya qarşı mübarizə tədbirlərinin gələcəkdə hansı nəticələrə yol açacağı kimi sual doğuran məqamlara işıq salır.
Media ictimaiyyətinin gözləntilərinə yol açan əsaslar…
Yaxın günlərdə milli mətbuatımızın 146-cı ildönümünü qeyd edəcəyik. 146 yaşı olan mətbuatımızın enişli-yoxuşlu yol keçərək, daim öz prinsiplərinə sadiq qaldığını geniş şərh etməyə ehtiyac yoxdur. Mediadan gözlədiyimiz bugünümüzün gerçəkliklərini dolğun əks etdirmək, təkmil islahatlar həyata keçirmək, yeniliklərə daim açıq olmaq kimi keyfiyyətlər digər sahələr kimi, mətbuatda da möhkəm təməlin mövcudluğundan irəli gəlir. Mətbuatımızın müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin cəmiyyətin güzgüsü kimi dəyərləndirdiyi mətbuatın inkişafında yeni mərhələ dahi rəhbərin 1998-ci ildə imzaladığı Fərman əsasında senzuranın ləğvi ilə qoyulub. Həmin mütərəqqi və humanist addımdan sonra medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası formalaşdırılıb, redaksiyaların davamlı inkişafı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülüb. Dünya informasiya məkanına inteqrasiya istiqamətində mühüm addımlar atılıb. Azərbaycan mətbuatı ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib. Milli mətbuatımızın istər 1993-2003-cü illər, istərsə də 2003-cü ildən bu günədək olan dövrü mühüm hadisələrlə zəngindir. Bu da təbii ki, medianın missiyasının və funksiyasının əhatəliliyindən irəli gəlir. Şübhəsiz, əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanda cəmiyyət həyatının hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac vardır.
MEDİA Agentliyi yeni fəaliyyət modelini ideal qəbul etməyərək müzakirələrə açıq olduğunu bildirir
Təbii ki, hər bir sahədə uğurlu nəticə peşəkarlıqdan və məsuliyyət hissindən asılıdır. Hazırkı dövrdə, yəni Medianın İnkişafı Agentliyinin fəaliyyətə başladığı zamanlarda çap mediası ilə yanaşı, onlayn mediaya (informasiya agentlikləri, xəbər saytları) dövlət dəstəyindən bəhrələnmək üçün imkanlar yaradılması iqtisadi müstəqilliklərini stimullaşdırır. Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov iyulun 2-də keçirdiyi mətbuat konfransında KİV-ə maliyyə dəstəyinin məqsədyönlü olduğunu bildirərək əlavə edib ki, əsas məqsəd həmin media subyektlərinin iqtisadi müstəqilliklərinin təmin olunmasıdır. Qeyd edilib ki, bu məqsədlə müsabiqənin qalibləri ilə görüşlər təşkil olunacaq və onlarla müqavilə imzalandıqdan sonra maliyyələşmə həyata keçiriləcək. Aparılacaq monitorinqlər zamanı yardımın təyinatı üzrə istifadə olunmadığı müəyyən edilərsə, o zaman maliyyə yardımı dayandırılacaq.
Media subyektləri üçün təşkil edilən müsabiqələrin qaydalarının təkmilləşdirilməsi də bu tərkibdəndir. Müsabiqələrin keçirilməsində əsas məqsəd həmin media subyektlərinin inkişafına nail olmaqdır. Layihələrin davamlı olacağı bildirilir.
İnternet resurslarının həyatımızın bir parçasına çevrildiyi hazırkı dövrdə jurnalist peşəkarlığı və məsuliyyəti ən başlıca amillərdən biridir. Dəqiqləşdirilməyən, fakta söykənməyən informasiyanın doğurduğu əks-sədanı təsəvvürə gətirmək belə istəməzdik. İstər hansısa bir dövlət məmuru ilə, vəzifəli şəxslə, istərsə də ölkədə və xaricdə baş verənlərlə bağlı dəqiqləşdirilməyən məlumatın təkrar-təkrar informasiya məkanına daxil olması sonda cəmiyyətdə mediaya inamsızlıq mühitinin yaranmasına səbəb olur. Mənim fikrimcə, bu baxımdan MEDİA Agentliyinin yeni keyfiyyətdə informasiya mühiti formaşdırmaq istəyi və buna nail olmaq üçün ortaya qoyduğu model təqdirəlayiqdir. Bu model daim günümüzün çağırışı olan “Rəqabətli media mühitinin yaradılması əsas tələb olmalıdır” tezisinin reallağa çevrilməsini şərtləndirir. Yenə də əsas tələb jurnalist peşəkarlığının artırılmasıdır. Bu isə öz növbəsində ixtisaslaşmanın rolunu aktuallaşdırır.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov ilk gündən bildirdi ki, “Jurnalist” və “Jurnalistin statusu” anlayışlarına hüquqi bazada aydınlıq gətirilməlidir. Bu məsələyə aydınlığın gətirilməsi media subyektləri, jurnalistlərlə bağlı iqtisadi, texniki və metodiki dəstək layihələrini həyata keçirməyə imkan verəcək.
Agentliyin jurnalist peşəkarlığının artırılması üçün bu sahəyə yeni gələnlər üçün peşə hazırlığı tədrisini təşkil etməsi də mühüm addımlar sırasındadır. Jurnalistlərin ixtisasının artırılmasının təmin olunması üçün həm ölkənin mövcud kadr və infrastruktur potensialı çərçivəsində işlərin görülməsi, eyni zamanda, xaricdən mütəxəssislərin cəlb edilməsi ilə bu təlimlərin və tədrisin keçirilməsi, xaricdəki tədris subyektləri ilə əlaqələrin genişləndirilməsi nəzərdə tutulur. Şübhə yoxdur ki, bütün dövrlər üçün aktual hədəflərdən olan media subyektlərinin iqtisadi müstəqilliyinin təmin edilməsi Agentliyin əsas istiqamətlərindən biri olmaqla, KİV-lərin dövlət vəsaitlərindən asılılıqlarını azaldacaq.
Məlumdur ki, Medianın İnkişafı Agentliyi 2021-ci il üçün nəzərdə tutduğu silsilə tədbirlərin həyata keçirilməsini ADA Universiteti ilə birgə təşkil etdiyi "Media və kommunikasiya siyasəti medianın gözü ilə" mövzusunda seminarlarla başladı. Universitetin İxtisasartırma Proqramının mütəxəssisləri tərəfindən aparılan seminarlarda dövlət sektorunda fəaliyyət göstərən qurumların mətbuat xidmətlərinin rəhbərləri, ictimaiyyətlə əlaqələr və mətbuatla iş üzrə məsul əməkdaşları iştirak edirdilər. Seminarların keçirilməsində məqsəd dövlət və ictimai sektor qurumlarının media subyektləri ilə əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi, eləcə də müasir media mühitində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin daha səmərəli qurulması idi.
Hesab edirəm ki, MEDİA Agentliyinin “Media haqqında” qanun layihəsinin müzakirəsini keçirməsi də təqdirəlayiq addımlar sırasındadır. Məhz bu müzakirələr əsasında media ictimaiyyətini düşündürən məsələlərin sənəddə əksinə nail olmaqla, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi ilə uğurlu nəticələrə yol açmaq mümkündür. Müzakirə edilən qanun layihəsinin müddəaları ölkə ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, ölkə hüdudlarından kənarda yaradılan və fəaliyyəti respublikamızın ərazisinə və auditoriyasına istiqamətlənmiş bütün media subyektlərinə, habelə xaricdə təsis edilən media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə və jurnalistlərə şamil olunur. Təqdirəlayiq haldır ki, media subyektləri (audiovizual, çap və onlayn media subyektləri, informasiya agentlikləri), səlahiyyətli orqanlar, mediada yayımlanan informasiyalara dair tələblər, media subyektinin informasiyasından istifadə, media reyestri, jurnalistlərin akkreditasiyası və sair qanun layihəsinin müddəalarında əksini tapıb. Ümumi rəy bundan ibarətdir ki, bütün islahatların hərəkətverici qüvvəsi “Media haqqında” Qanun olacaq. Bu baxımdan ki, hər bir qanun cəmiyyətin idarə olunmasında, əhatə etdiyi sahənin inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, yenilikləri özündə birləşdirir, dəyişməz hesab olunmayaraq zaman-zaman təkmilləşdirilir. Yuxarıda qeyd etdiyim kimi, rəqabət mühitinin formalaşması ilə özünü doğruldan, nüfuzunu qoruyan, peşəkar kadrların yetişdirilməsində maraqlı olan və bu istiqamətdə səylərini artıran mətbu orqanlar fəaliyyətlərini genişləndirəcək, bu sahəyə təsadüfi gələnlər isə sıralarımızı tərk etməyə məcbur olacaqlar.
Demokratik cəmiyyətdə yaşayırıq. Söz yox ki, demokratiyanın vacib amillərindən biri mətbuat azadlığının təmin edilməsidir. Azərbaycan dövləti bunun üçün bütün imkanları yaradıb. Bu imkanlardan sui-istifadə etməklə mətbuatın adına ləkə gətirmək yolverilməzdir. Statistikaya görə, hazırda Azərbaycanda qeydiyyatdan keçən mətbu orqanların sayı 6 minə yaxındır. Təhlillər zamanı bu qənaət də açıqlanır ki, onların çox az bir hissəsi, təbii ki, söhbət 200-dən az rəqəmdən gedir, real fəaliyyətdə olanlardır. Şübhə etmirik ki, “Media haqqında” Qanunda əksini tapacaq müddəalar bu kimi problemlərin də həllini təmin edəcək.
Bu gün ictimai fikrə təsir imkanları geniş olan yazılı və elektron KİV-lərin peşəkar kadrlara ehtiyacı var. Medianın İnkişafı Agentliyi fəaliyyətində bu məsələni də öndə saxlayır. Bütün hallarda məqsəd Azərbaycan mediasını güclü, beynəlxalq müstəvidə rəqabətədavamlı görməkdir. Bugünümüz üçün Agentliyin əsas çağırışı budur ki, qalib ölkənin mediası da dövlətin inkişaf tempinə uyğun olmalıdır.
Bu bir həqiqətdir ki, mətbuat daim yenilənməli olan fəaliyyət sahəsidir. Qətiyyən şübhə yoxdur ki, Prezident İlham Əliyevin özündə köklü dəyişiklikləri ehtiva edən media islahatları ilə bağlı məlum Fərmanından irəli gələn vəzifələrin uğurlu icrası mövcud problemlərin həllinə yol açmaqla yanaşı, həm də Azərbaycan mediasının nüfuzunu daha da artıracaq, qabaqcıl texnologiyaların tətbiqini sürətləndirəcək, innovativ yanaşmalara geniş imkanlar yaratmaqla yeni-yeni hədəfləri stimullaşdıracaq. Təbii ki, bunun üçün bütün media ictimaiyyətindən bütün qüvvə və bacarıqlarını səfərbər edib üzərilərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirmək tələb olunur.
Azərbaycan mediasında yeni dövrün başlandığı qənaətinə gəlməyə ciddi əsaslar vardır
Digər sahələr kimi, media sferasında da inkişafla yanaşı, problemlərin olduğu heç vaxt inkar edilmir. Problem varsa, həlli yolları axtarılır, məsələyə yeni yanaşmalar ortaya qoyulur, bu isə öz növbəsində inkişafa əsas verir. Təəssüf doğuran haldır ki, bəzi beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarında Azərbaycan mətbuatının inkişaf səviyyəsinin inkar edilməsi “sapı özümüzdən olan baltalar”ın yalanlarının miqyasını genişləndirir. Təbii ki, həmin qərəzli hesabatların ərsəyə gəlməsində daxili bədxahlarımızın rolu böyükdür. O da məlumdur ki, bəzi media mənsubları tərəfindən Medianın İnkişafı Agentliyinin fəaliyyətinə də kölgə salmağa cəhdlər edilir. Yeni yaradılmış qurumun irəli sürdüyü mütərəqqi təşəbbüslərə, həyata keçirdiyi aktual layihələrə qara eynəkdən baxmaq, onun hər bir müsbət addımını qara rəngdə görmək inkişafa dəstək deyil, əksinə, tərəqqiyə mane olmaqdır. Onlar hər vəchlə bu gün ölkəmizdə aparılan dərin media islahatlarının əhəmiyyətini azaltmağa, dövlətin informasiya və media siyasətinə qərəzli yanaşmalar ortaya qoymağa çalışırlar. Ölkə ictimaiyyəti də çox yaxşı bilir ki, belə cəhdlər Qərbdən idarə olunan şəbəkənin ssenarisi əsasında hazırlanır və həyata keçirilməsinə çalışılır. Amma bütün mənasız cəhdlərə rəğmən reallıq budur ki, internetin azad olduğu ölkədə mətbuat azadlığının boğulmasından danışmaq mümkün deyil. Bu gün Azərbaycan əhalisinin 85 faizindən çoxu internet istifadəçisidir. Belə bir reallıqda yalan və böhtan üzərində qurulan anti-Azərbaycan təbliğatının heç bir əsası ola bilməz. Dövlətimizin media siyasəti mətbuat nümayəndələri, ümumilikdə ölkə ictimaiyyəti tərəfindən dəstəklənir, yeni əsaslarla formalaşmış Medianın İnkişafı Agentliyinin cəmiyyətə açıq, iş prinsipinin şəffaflığı fonunda çatışmazlıqlar aradan qaldırılacaq, yeni dövrün reallıqlarına uyğun təkmil media formalaşacaq. Hədəf uğurların davamlığında hərəkətverici faktordur.