Partiya xəbərləri
YAP Gənclər Birliyinin üzvləri şəhid ailəsini ziyarət ediblər
YAP Gənclər Birliyinin üzvləri partiyanın Saatlı rayon təşkilatı Gənclər Birliyinin sədr müavini şəhid leytenant Xalid Nəciyevin doğum günü münasibətilə ailəsini ziyarət ediblər.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, YAP Gənclər Birliyinin üzvləri, rayon təşkilatının fəalları, könüllülər əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Şəhid leytenant Xalid Nəciyevin məzarını ziyarət edən YAP Gənclər Birliyinin üzvləri sonra ailəsi ilə görüşüb, problemləri ilə maraqlanıb, Vətən üçün belə qəhrəman övlad yetişdirdiklərinə görə valideynlərinə minnətdarlıqlarını ifadə ediblər. Ziyarət zamanı şanlı Zəfərimizdən, Azərbaycan gəncliyinin torpaq, Vətən sevgisindən, milli ruhda tərbiyəsindən bəhs olunub. Bildirilib ki, “Torpaq, əgər uğrunda ölən varsa Vətəndir”, “Torpaqdan pay olmaz, ömürdən pay olar” deyib düşmən tapdağı altında olan ərazilərimizin azad edilməsi üçün silaha sarılaraq şəhidlik zirvəsinə ucalan Xalid kimi gənclərimizin həyat yolu bir vətənpərvərlik məktəbidir. İkinci Qarabağ müharibəsi Azərbaycanın igid əsgər və zabitlərinin qəhrəmanlıq dastanıdır. Gələcək nəsillər bu dastanı dönə-dönə oxuyacaq, torpaqlarımızın azadlığı uğrunda canından keçən hər bir şəhidimizin xatirəsini həmişə uca tutacaq.
Şəhid leytenant Xalid Nəciyevin ailəsi dövlətimizin, Yeni Azərbaycan Partiyasının göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.