Xəbərlər
Müdafiə Sənayesi Nazirliyi Abu-Dabidə beynəlxalq müdafiə sərgisi və konfransında təmsil olunacaq
Fevralın 22-dən 26-dək Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə “IDEX-2015” adlı beynəlxalq müdafiə sərgisi və konfransı keçiriləcək. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatların sərgidə nümayişi məqsədilə nazir Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti bu ölkədə səfərdə olacaq.
Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, dünyanın inkişaf etmiş ölkələrindən qabaqcıl şirkətlərin qatıldığı "IDEX-2015" sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, döyüş sursatları, atıcı silahlar, zirehli texnikalar, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 178 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcək.
Tədbir çərçivəsində nazir Yavər Camalovun Birləşmiş Ərəb Əmirliklərinin dövlət və hökumət nümayəndələri və sərgiyə qatılan ölkələrin rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.