Xəbərlər
Azərbaycan regionun ən qüdrətli dövlətinə çevrilib
İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri
Xalq-iqtidar birliyi əbədi müstəqilliyin və sürətli inkişafın təminatıdır
Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin həyatında yeni siyasi dövrün başlangıcı kimi tarixə yazıldı. Ölkə Prezidenti, partiyamızın sədri İlham Əliyev cənablarıın geniş və məzmunlu çıxışı Azərbaycanın və regionun siyasi mənzərəsini aydın şəkildə əks etdirdi.Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandıgını vurgulayan cənab Prezident həmin dövürdə mövcud çətinliklərə, təzyiqlərə baxmayaraq Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən, saglam ziyalı ordusunun cəsarətinə və əməyinə də yüksək qiymət verdi. Partiyamızın sədri vurguladı ki, 1992-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası dahi rəhbərin siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, zəngin təcrübəsi və siyasi peşəkarlığı sayəsində yaradılan Yeni Azərbaycan Partiyası artıq böyük və effektiv siyasi qüvvəyə çevrilmişdir.
1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyevin xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçilərək Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsi ilə ölkəmizin tarixində yeni inkişaf mərhələsi başlandı. Həlledici inkişaf illəri kimi tariximizə düşən 1993-2003-cü illər ərzində Azərbaycanda dövlətçiliyin əsasları qoyuldu. Ulu Öndərin təkidi ilə 20 Yanvar faciəsinə siyasi qiymət verilərək, respublikanın yeni Konstitusiyası qəbul edildi. Məhz Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən qoyulan senzura onun tərəfindən ləğv edildi. Siyasi islahatlara start verilərək, çoxpartiyalı sistem yaradıldı. Ölkəmiz beynəlxalq təcriddən çıxaraq Azərbaycan hörmətə layiq olan ölkə kimi tanınmağa başladı. Ölkəmizə böyük investisiyalar cəlb edildi. Nizami ordu quruculuğuna start verildi. Kadrların yetişdirilməsi üçün önəmli addımlar atıldı. O kadrlar ki, bu gün ölkəmizin müxtəlif sahələrində öz töhfələrini verirlər.
Bu illər ərzində ölkəmizdə aparılan uğurlu enerji və nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya bölgəsində yeni əməkdaşlıq formatlarını yaratdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən davamlı olaraq islahatların aparılması xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Bununla əlaqədar ölkədə keçirilən istər Prezident istərsə də parlament seçkilərinin ölkəmizin müasir həyatında xüsusi yeri vardır. Xüsusilə nəzərə alsaq ki, prezident və parlament seçkilərində ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoydu və artıq beynəlxalq aləmdə təsdiq olunub ki, Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Bunun nəticəsi olaraq artıq gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti vardır. Eyni zamanda, ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da bu təşəbbüslərin və islahatların böyük rolu vardır.
Regionda Azərbaycanın iqtisadi potensialı daim artmaqdadır. Bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsində Ermənistandan fərqli olaraq, Azərbaycana heç kim maddi və hərbi kömək etmirdi. Ölkəmiz qazandığı uğurları öz hesabına əldə edib. İqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Bu gün istənilən meyar üzrə, istənilən parametr üzrə heç kimdən asılı deyilik, iqtisadi sahədə ən qabaqcıl yerlərdəyik - istər xarici borc baxımından, istər iqtisadi artım baxımından və adambaşına düşən valyuta ehtiyatları baxımından Azərbaycan öndə gedən ölkələr sırasındadır.
Ölkəmizi davamlı iqtisadi inkişaf üçün Azərbaycanda bütün amillər mövcuddur. Bu gün də ölkəmizə gələn investisiyalar dayanmadan artır ki, bunu da şərtləndirən əsas amillərdən başlıcası daxili sabitlikdir. Odur ki, “DoingBusiness” layihəsində ölkəmiz öncül yerə layiq görülüb.
44 günlük Vətən müharibəsində maddi və mənəvi üstünlüyə malik olan Azərbaycan tərəfindən Böyük Qələbənin qazanılması ölkəmizin tarixində yeni inkişaf mərhələsinin təməlini qoydu. Qeyd olunmalıdır ki, ötən illərin ən önəmli hadisəsi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bu gün xalqımızın şanlı Qələbəsi hər birimizin qürur mənbəyidir.
44 günlük Vətən müharibəsi göstərdi ki, ölkəmizdə vətənpərvər gənc nəsil yetişib. Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti müstəqillik illərində dünyaya gəlmiş və formalaşmış insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.
Bütün beynəlxalq məsələlərdə dövlətin prioritetləri yalnız milli maraqlarla müəyyən olunur. Bu baxımdan Azərbaycan köklü surətdə bölgədə vəziyyəti dəyişdirə bildi. Prioritetlər arasında qonşu ölkələrlə bizim əməkdaşlığımız xüsusi yerə malikdir. Amma bununla bərabər, biz bütün başqa ölkələrlə də münasibətlər qurduq. Bu gün elə bir ölkə yoxdur ki, bizim o ölkə ilə hansısa problemimiz olsun. Azərbaycan Avropa İttifaqı ilə sıx əlaqələr qurub, bu İttifaqa üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında müxtəlif sənədlər imzalayıb. Bu gün ölkəmiz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyir və sazişin 90 faizi razılaşdırılmışdır.
Ümumiyyətlə beynəlxalq müstəvidə fəal mövqe sərgiləməsi və qlobal təşəbbüslərlə çıxış etməsi Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb. Vətən müharibəsi dövründə Qoşulmama Hərəkatının üzvləri bütün platformalarda ölkəmizi aktiv şəkildə müdafiə etdilər. Bu isə bir daha sübut edir ki, ölkəmizin bu təşkilata rəhbərlik etməyi formal rəhbərlik deyil. Ölkəmiz də bu təşkilat üzvlərini müdafiə etməklə yanaşı onlara kömək göstərir, COVID-lə bağlı onlara yardım etmişik, biz heç kimdən çəkinmədən onların haqq səsini müdafiə edirik. Onlar da bizi müdafiə etdilər.
Ölkəmizdə siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi dövlətimizin qarşında duran vacib məsələlərdir. Xalqımız tərəfindən ölkədə aparılan siyasi dialoq yüksək qiymətləndirilir. Ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti vardır.
Eyni zamanda müharibə başa çatsa da güc faktoru öz aktuallığını qoruyub saxlayır. Əlbəttə ki, hərbi sahədə müharibə Azərbaycanın şanlı səhifəsidir. Amma, eyni zamanda, təcrübədir. Müharibə dövründə önəmli qərarlar qəbul edilmişdir. Bundan sonra əlbəttə ki, bu təcrübə ölkəmiz üçün əsas olacaq. Azərbaycan daha müasir ordu yaradacaq. Çünki indi bütün hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb. Elə planlaşdırımalıdır ki, əlli ildən sonra biz XXII əsrin müharibəsinə də ordumuz hazır olsun. Çünki güc hər şeyi həll edir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledicidir.
Azərbaycan iqtidarı verdiyi vədlərə daim sadiqdir. Ölkəmizdə keçirilən Prezident seçkilərindən sonra dövlət başçısının bəyan etdiyi proqram ardıcıllıqla icra edilir. Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli vəzifə kimi müəyyən olunub və bu vəzifə uğurla icra olunmuşdur. Qazanılan ugurların bir səbəbi də Xalq-iqtidar birliyidir. Bu gün Azərbaycan xalqı müdrük Liderinin ətrafında dəmir yumruq kimi birləşib. Bu dəmir yumruq hər zaman düşmənin əzmini qırır, dövlətin qüdrətini, gücünü nümayiş etdirir.