Xəbərlər
YAP Mingəçevir şəhər təşkilatının yaranmasının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının yaranmasının 28-ci ildönümünə həsr olunmuş videokonfrans formatında yığıncaq keçirilib.
YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov tədbiri açaraq təşkilatın ötən dövr ərzindəki fəaliyyəti haqqında məlumat verib. C.Yusubov qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən illər ərzində böyük inkişaf yolu keçib. Onun sözlərinə görə, YAP Mingəçevir şəhər təşkilatı yarandığı vaxtdan öz işini partiyanın proqram və nizamnaməsinə, partiya rəhbərliyinin uyğun qurub. Təşkilat üzvləri ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Hazırda YAP Mingəçevir şəhər təşkilatında 61 ərazi ilk partiya təşkilatları üzrə 7777 üzv birləşib.
Tədbirdə daha sonra Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və YAP Mingəçevir şəhər təşkilatının Qadınlar Şurasının sədri Nurcamal Əsgərova çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafının yeni mərhələsinin başlandığını bildiriblər. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbə, torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın gücünü və qüdrətini daha da artıracaq.
Çıxış edən natiqlər həmçinin Yeni Azərbaycan Partiyasının cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olduğunu vurğulayıb, YAP Mingəçevir şəhər təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıblar.