Xəbərlər
Nizami Cəfərov: 20 Yanvar hadisəsi xalqımızın azadlıq mübarizəsini daha da gücləndirən tarixi hadisədir
“20 Yanvar hadisəsi xalqımızın azadlıq mübarizəsi tarixində mühüm yer tutur”. Bu fikri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.
Nizami Cəfərov bildirib ki, 20 Yanvar faciəsi beynəlmiləlçilik və xalqlar dostluğu pərdəsi altında fəaliyyət göstərən SSRİ adlanan bir imperiyanın mahiyyətini açdı, bu dövlətə az-çox inanan insanların inamını sarsıtdı. Xalqın iradəsini qırmaq məqsədilə törədilmiş bu qanlı terror Azərbaycan xalqının milli azadlıq və müstəqillik uğrunda apardığı hərəkata güclü təkan verdi və respublikada siyasi mübarizə yeni bir mərhələyə daxil oldu. Haqqın, ədalətin müdafiəsi yolunda canlarını qurban vermiş Vətən övladları şəhidlik zirvəsinə ucalmaqla xalqımızın qəhrəmanlıq tarixinə yeni, parlaq səhifələr yazdılar.
Akademik qeyd edib ki, bu hadisə Azərbaycanda milli azadlıq hərəkatına və demokratik proseslərə təsir göstərsə də, müstəqillik uğrunda xalqımızın apardığı mübarizəni dayandırmaq iqtidarında olmadı: “Baş verən hadisələr xalqımızın mübarizə ruhunu daha da gücləndirdi. Bu proseslər Sovet imperiyasının çökməsi ilə nəticələndi və Azərbaycan öz tarixi müstəqillik haqqına qovuşdu. Azərbaycanın istiqlalı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi heykəli hər bir azərbaycanlının ürəyində ucalır. Xalqımızın müqəddəs ziyarət məkanına çevrilmiş Şəhidlər xiyabanında yanan əbədi məşəl şəhidlərin ruhuna xalqımız tərəfindən olan ehtiram və dövlətimiz tərəfindən verilən qiymətdir".