Xəbərlər
Müşfiq Cəfərov: 2021-ci il bizə Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliği üçün yeni imkanlar verəcək
“2021-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 ili tamam olur. Azərbaycan Prezidenti bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib. Bu məqsədlə Nazirlər Kabinetinə “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı hazırlayaraq icra edilməsi tapşırılıb. Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən bədii söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olub. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülüb, əsərləri nizamişünaslıqda yüksək qiymətləndirilən elmi – bədii məqalələr hazırlanıb, kitabları mükəmməl tərtibatda və kütləvi tirajla nəşr edilib. Dövlətimizin mədəniyyət və ədəbiyyata olan qayğısı nəticəsində Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılıb”. Bu fikirləri Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Müşfiq Cəfərov bildirib ki, Şərq mədəniyyətinə böyük bir irs bağışlayan dahi şairimiz Nizami Gəncəvinin adını əbədilləşdirmək istiqamətində müəyyən işlərin görülməsi çox vacibdir. Onun sözlərinə görə, Gəncə şəhərində şairin məqbərəsi olan ərazini hər baxımdan turizm məkanına çevirmək mümkündür. Məqbərənin ətrafının tələbə şəhərciyinə çevrilmə imkanı da vardır.
“Nizami Gəncəvi yalnız şair kimi qiymətləndirilmir. Tanınmış mütəfəkkir əslində, böyük bir ensiklopediyadır, insan kapitalının inkişaf məktəbidir. Məhz bu səbəbdən düşünürəm ki, məqbərənin olduğu ərazi elm, bilik öyrənən tələbələrin məkanına, universitet və kitabxana mərkəzinə çevrilməsi məqsədəuyğun olardı. “Nizami İli”ndə bunların həyata keçirilməsi həm mədəniyyət, həm təhsil, həm də iqtisadiyyat və turizmin inkişafı nöqteyi-nəzərindən faydalı olardı. Şübhəsiz ki, 2021-ci ilin "Nizami ili" elan edilməsi yaradıcılığı bütün dövr ədəbiyyat tarixinə işıq salan Nizami Gəncəvi dühasının irsinin öyrənilməsi və təbliği üçün yeni imkanlar açacaq”, - deyə Müşfiq Cəfərov vurğulayıb.